Saytımızı qiymətləndirin


 
 

Dünyanın neftlə aşıb-daşan ƏN KASIB ÖLKƏSİ
Tarix: 02-04-2022 | Saat: 11:02
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

 

Düşünürəm ki, Venesuela dünyanın ən varlı və ən kasıb ölkəsidir. Heyrətlənirəm ki, bir zaman çiçəklənən, sürətlə inkişaf edən, firavan həyata köklənən bu Cənubi Amerika ölkəsi indi bu qədər ağır vəziyyətdədir. İqtisadi və siyasi böhranlar dövləti silkələyir, sosial partlayışlar ölkəni dağıdır, xalqın milli valyutası və sosial rifahı sürətlə uçuruma yuvarlanır.


Nə olub, nə baş verir? Axı Venesuela böyük, varlı ölkədir, 1 milyon kvadrat kilometr ərazisi, 30 milyondan çox əhalisi var. Dünyanın ən zəngin neft ölkəsidir, bu ölkənin neft sərvətləri Səudiyyə Ərəbistanından xeyli zəngindir, ümumilikdə isə İranın və Rusiyanın cəmi neft ehtiyatları qədərdir. Aydınlıq hasil olsun deyə bildirib ki, Venesuelanın neft ehtiyatları 300 milyard barrel civarındadır, bizim neft-qaz ölkəsi olan Azərbaycandan az qala,100 dəfə çoxdur.


Təbiətinə görə də, Venesuela dünyanın ən gözəl, ən zəngin ölkəsidir. Venesuelada yerləşən Angel şəlaləsi dünyada məşhurdur. Təsəvvür edin ki, belə şəlalələrdən Venesuelada onlarladır, sadəcə olaraq, Angel dünyada ən hündür şəlalədir. Hardasa 1 kilometr hündürlükdən tökülür. Su gəlib yerə çatmır, təbii duş şəklində bir neçə kilometr radiusunda ətrafa yayılır. Şəlalər təbii ki, zəngin Venesuela təbiətinin onlarla möcüzəsindən biridir, olsun ki, birincisidir. İndi görün turist cəlb etmək, dünyanın yarısını Venesuelaya gətirmək üçün nə qədər imkanlar var... Amma xalqın sosial rifahı sürətlə uçuruma yuvarlanır...


Təbii ki, oxucuları səbəblər maraqlandırır: Necə olur ki, təbii ehtiyatlarına görə dünyanın ən zəngin ölkəsi iqtisadi imkanlarına görə ən kasıb ölkəsi səviyyəsinə düşür?! Bu zəngin ölkənin Uqo Çaves adlı “qırmızı köynək” bir başçısı vardı, Hitler kimi o da hakimiyyətə demokratik seçkilər yolu ilə gəlmişdi. Elə Hitler kimi avtoritar lider oldu, ölkənin qəsdinə durdu, neftin qiymətinin fontan vurduğu dövrlərdə (2010 - 2014) Venesuelanı "neft iynəsi"nə oturtdu. Yəni nefti satdı, büdcəni doldurdu, yarısını da oğurladı. Sənaye, kənd təsərrüfatı və turizm sahələri taleyin öhdəsinə buraxıldı, tamam dağıdıldı.

Neft pullarından harınlaşan Çaves bütün dünyaya meydan oxumağa, Amerika, Avropa liderlırinə sataşmağa başladı. Deyilənə görə, İsveçrə banklarında, ofşor hesablarda bu adamın 100 milyardlarla dollar pulu vardı... Dünya bazarında neftin qiymətlərinin düşməsi ilə Venesuelanın və Çavesin qürubu başladı...


Deyirlər Allah da əlində daşları daim yığıb saxlamır, arabir pis adamların başına salır. 2013-cü ildə bu daşların biri də Çavesin başına düşdü...

Amma artıq gec idi, zəngin və varlı bir ölkənin siyasi, iqtisadi sistemi tamam məhv edilmişdi, ölkə uçurumun dibində idi... Çavesin cəhənnəmə vasil olmasından sonra siyasi rəhbərliyi bir vaxtlar onun köməkçisi işləmiş Nikolas Maduro adlı bir tip ələ keçirdi.

Pisin daha pislə əvəz olunmasından artıq 10 il keçir, amma Venesuelada bu gün də vətəndaş müharibəsi gedir, əhali aclıq və səfalət içindədir... İndi görün şəxsiyyət nəyə qadirdir, o, çiçəklənən bir ölkəni məhv edə də bilər, məhv olmaqda olan ölkəni xilas edə, çiçəkləndirə də bilər. Bəli, tarixdə şəxsiyyətin rolu böyükdür...



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər