Saytımızı qiymətləndirin


 
 

FHN-in regional mərkəzlərində Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib
Tarix: 31-03-2022 | Saat: 18:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

FHN-də 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.

Qarabaginfo.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirlərdə regional mərkəzlərin şəxsi heyəti ilə yanaşı, Nazirliyin həmin regionlarda fəaliyyət göstərən digər qurumlarının əməkdaşları da iştirak edib.

Tədbirlər soyqırımı qurbanlarının, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Bildirilib ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri etnik təmizləmə və təcavüz siyasəti nəticəsində bir çox bölgələrdə on minlərlə günahsız soydaşlarımız qətlə yetirilib. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhaliyə kütləvi surətdə divan tutulub, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılaraq məhv edilib. Təkcə 1918-ci ilin mart-aprel aylarında erməni mütəşəkkil quldur dəstələri tərəfindən 50 mindən çox azərbaycanlının həyatına son qoyulub.

Qeyd edilib ki, azərbaycanlılara qarşı ötən əsrin ən qanlı cinayətlərindən olan bu soyqırımı ilə əlaqədar həqiqətlərin üzə çıxarılması, dünya ictimaiyyətinə çatdırılması məsələsinə xalqımızın ümummilli lideri Heydər Əliyev xüsusi həssaslıqla yanaşıb. Məhz Ulu Öndərin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmana əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi anılır.

Tədbirlərdə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş qətliamla bağlı həqiqətlərin təbliği, o cümlədən gənc nəslin tarixi gerçəkliklərdən xəbərdar olması, gələcək nəsillərə ötürülməsi, soyqırımı qurbanlarının xatirələrinin əbədiləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında böyük işlərin görüldüyü qeyd edilib.

Bundan başqa, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, maddi sübutların toplanması, soyqırımı qurbanlarının xatirəsinin daim ehtiramla anılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işlərin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər
26-06-2024, 18:30 Mirzoyan Estoniyaya gedir