Saytımızı qiymətləndirin


 
 

Heydər Əliyev Fondu tərəfindən yeni məktəb və uşaq bağçası istifadəyə verildi - Fotolar
Tarix: 19-03-2022 | Saat: 11:20
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Heydər Əliyev Fondu tərəfindən yeni məktəb və uşaq bağçası istifadəyə verildi

 

Martın 18-də Xaçmaz rayonunun Yalama kəndində Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən körpələr evi-uşaq bağçasının açılışı olub.

Qarabaginfo.az xəbər verir ki, bina 1976-cı ildən məktəb yataqxanası, 1990-cı ildən isə uşaq bağçası kimi fəaliyyət göstərib. Ötən müddətdə bina köhnəldiyindən burada əsaslı təmir işləri aparılıb.

Hazırda bağçada 3 qrup fəaliyyət göstərir. 60 yerlik məktəbəqədər təhsil müəssisəsində yataq, oyun, musiqi və həkim otaqları mövcuddur. Azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağçada onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün şərait yaradılıb və müvafiq inventarla təchiz edilib. Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bağçanın açılış mərasimində çıxış edənlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məktəbəqədər təhsilə göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən və körpələr üçün yaradılan şəraitdən danışıblar.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova bildirib ki, bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindəndir. Respublikamızda yüzlərlə uşaq bağçası və körpələr evinin tikilməsi, bir çoxunun isə yenidən bərpası ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar yaradır.

Tədbirdə çıxış edənlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən layihələr, son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

***

Ağstafa rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa olunan A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, xəbər verir ki, 1930-cu ildə inşa olunmuş Həsənsu kənd tam orta məktəbinin binası ötən müddət ərzində fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 420 şagird yerlik yeni məktəb binası inşa edilib. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub.

IX sinif şagirdi Aygün Hüseynova yeni məktəb binasının onlar üçün Novruz bayramı hədiyyəsi olduğunu deyərək, dərslərini daha da yaxşı oxuyacağını söyləyib: “Məktəbimizin əvvəlki binası yararsız vəziyyətdə idi. Dərslərimiz üçün zəruri olan avadanlıqlar demək olar ki, yox vəziyyətində idi. İndi yeni, müasir otaqlarımız, avadanlıqlarımız var”.

Üçmərtəbəli məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları və açıq idman meydançası var.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

“Məktəbimizin yeni binası müasir standartlara cavab verən zəruri avadanlıq və sistemlərlə təchiz olunub. Novruz bayramı ərəfəsində bu dəyərli hədiyyəyə görə məktəbimizin müəllimləri və şagirdlərimiz adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildirirəm”, - deyə məktəbin direktoru Mətanət Rəhimova qeyd edib.



Xəbəri paylaş

358 dəfə oxunub.

Digər xəbərlər