Saytımızı qiymətləndirin


 
 

“Tərtər işi”lə bağlı yeni faktlar var
Tarix: 14-02-2022 | Saat: 15:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Tərtər işi”ndə yeni MÜBHƏM: “Məsələ başqa istiqamətə yönəldilir” – Manipulyasiya

“2017-ci ildə hərbçilərin vətənə xəyanəti ilə bağlı aparılan istintaqın özündə çoxlu suallar doğurması, işgəncələrlə müşahidə olunması, cinayət törədib başqalarının boynuna məcburi qoyulması kimi ciddi qanun pozuntuları ilə bağlı cəmiyyətə məlumat verildi. Düşünürəm ki, bu “Tərtər işi” boşuna qurulmayıb”.

 

Qarabaginfo.az-ın məlumatına görə, bu fikirləri Modern.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

 

Onun sözlərinə görə, cinayət tərkibli əməllərin törədilməsi ilə bağlı yetərli faktlar mövcuddur:

 

“Artıq müəyyən şəxslər istintaqa cəlb olunub. Sadəcə olaraq, müasir dövrdə istintaq iyrənc şəkildə aparılıb. Bu istintaqı aparanda bilməliydilər ki, işi hərbi xidmətdə olan şəxslərlə aparırlar. Burada davranış da başqa cür olmalıydı. Orada elə faktlar səsləndirilir ki, insan özü-özünə sual verir ki, bugünkü gündə belə istintaq aparıla bilərmi? Cürbəcür metodlar var. Mütləq deyil ki, onlara işgəncə verəsiniz. Müəyyən vasitələr, dedektorlar var. Yəni, müəyyən müasir vasitələrdən istifadə edib, insanın yalan deyib-deməməsini, düşünürəm ki, öyrənmək olar. Burada isə ümumiyyətlə, bizim milli dəyərlərimizə, islama uyğun olmayan şəkildə istintaq aparılıb. Düzdür, müəyyən şəxslər istintaqlarda verdikləri kobud, cinayət tərkibli səhvlərə görə artıq məsuliyyətə də cəlb olunub”. 

 

Polkovnik qeyd edib ki, bu hadisənin geniş rezonansa səbəb olması nəzərə alınıb:

 

“Azərbaycan Respublikası Hərbi Prokurorluğu düzgün qərar verərək, artıq yeni şəraitdə fəaliyyət göstərən istintaq qrupu yaratdı. Bu istintaq qrupu şəxsən hərbi prokuror tərəfindən nəzarət altındadır. Düşünürəm ki, bu istintaq qrupu hadisələrin qanun və hüquq proseduraları əsasında həll olunması üçün yaradılıb. Bildiyim qədər prosesə professional mütəxəssislər cəlb olunub. Artıq müəyyən nəticələr də var. Bəzi hərbçilər saxlanılıb, bəziləri isə bəraət qazanıb. Yəni, demək istəyirəm ki, bu istintaq qrupunun ilkin nəticələri Respublika Prokurorluğu tərəfindən hesabat formasında yayılıb. Bu məlumatın yayılmasının bir neçə məqsədi var. Birinci məqsəd ondan ibarətdir ki, cəmiyyətə istintaqla bağlı məlumat verilir. İkinci bir tərəfdən, zərərçəkənlərin dairəsi dəqiqləşdirilir. İstintaq qrupu öz işinə davam edir. Mən hesab edirəm ki, bununla bağlı biz yeni-yeni məlumatlar əldə edə biləcəyik".

 

 

Yeni istintaq qrupu tərəfindən yaradılmış vəziyyətlə bağlı ekspert aşağıdakıları deyib:

 

“Mənim tanıdığım şəxslərdən bəziləri istintaq qrupuna dəvət edilmişdi. Onların sözlərinə görə, orada elə bir şərait yaradılıb ki, insan müəyyən fakt ortaya qoymaqla öz fikirlərini obyektiv deyə bilsin. Orada onlara olduqca sivil formada müraciət edilib. Məhz bu cür davranış istintaqın uğurlu davam etməsinə böyük töhfədir. İstintaq qrupu açıqdır. İstənilən şəxs müraciət edə bilər. Düşünürəm ki, ümumiyyətlə, məsələyə son qoymaq lazımdır. Vətənə xəyanətdə təqsirkar bilinən şəxslər həbs olunmalı, eyni zamanda vətənə xəyanət damğası ilə təqsirləndirilən, lakin təqsiri sübuta yetirilməyən şəxlər azadlığa buraxılmalıdır. Azərbaycan hüquqi dövlətdir. Buna görə də məsələ hüquq çərçivəsində öz həllini tapacaq”.

 

Qeyd edək ki, bu yaxınlarda Baş Prokurorluq “Tərtər işi” ilə bağlı açıqlama yayıb. Bildirilib ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınıb. Ümumilikdə indiyədək 281 zərərçəkmiş şəxs müəyyən olunub. Bundan əlavə, 16 cinayət işi üzrə yekun məhkəmə qərarları ləğv edilib.

 

Həmçinin qeyd olunub ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.



Xəbəri paylaş

240 dəfə oxunub.

Digər xəbərlər