Saytımızı qiymətləndirin


 
 

Bakıdan strateji zərbə - Yeni saziş İrəvanda təşviş yaratdı
Tarix: 12-03-2022 | Saat: 19:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bakıdan strateji zərbə - Yeni saziş İrəvanda təşviş yaratdı

Ötən gün Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalandı. Bakıda imzalanan tarixi sənəd əsasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantıları yaradılacaq.

Ermənistan sərhədindən 5 kilometr məsafədən keçən yeni yol Azərbaycan-İran strateji müttəfiqliyini daha da möhkəmləndirəcək, eyni zamanda Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı planlarını alt-üst edəcək.

İndiyədək Zəngəzur dəhlizinin açılması prosesinə əngəl olmağa çalışan İrəvan artıq seçim qarşısındadır: ya Azərbaycanın şərtlərilə razılaşmalıdır, ya da regional layihələrdən kənarda qalacaq.

Bakının atdığı son addımlar məhz bunu göstərir: onsuz da Azərbaycan heç nə itirməyəcək, əksinə daha çox qazanacaq, Ermənistan isə irəli sürülən təklifləri qəbul etsə, bu ölkə də regional imkanlardan yararlana biləcək. Əks təqdirdə İrəvanı acınacaqlı aqibət gözləyir.

Qarabaginfo.az xəbər verir ki, yeni sazişin əhəmiyyəti barədə Modern.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Anlaşma Memorandumu Azərbaycan və İranın qonşu dövlət kimi əlaqələrini daha yüksək səviyyəyə qaldıracaq.

Onun sözlərinə görə, strateji gediş edən Azərbaycanın işğaldan azad edilmiş Şərqi Zəngəzur bölgəsi ilə Naxçıvan arasında əlaqənin İran ərazisindən keçməsi tarixi hadisədir:

“Göründüyü kimi, indiyədək Ermənistan Zəngəzur dəhlizinin işə salınmasına maneələr törədir, min bir bəhanə gətirirdi. Dünənki sazişlə Azərbaycan Zəngəzur dəhlizinə əngəl törədilməsinə baxmayaraq, Naxçıvanla əlaqə məsələsini asanlıqla həll edə bildiyini göstərdi”.

A.Mirzəzadə vurğulayıb ki, artıq Ermənistan bundan nəticə çıxarmalıdır:

“Ermənistan Azərbaycanla əlaqələrini mehriban qonşuluq vəziyyətinə uyğun qurmalıdır, yoxsa Azərbaycan Naxçıvan bölgəsi ilə daha rahat logistik layihə ortaya qoyur. Bununla da, Ermənistan dalana dirənir. Bunun günahkarı elə Ermənistanın özüdür. Necə ki, Ermənistan vaxtilə uzaqgörənliyi olmadan Azərbaycanın bir sıra regional layihələrindən kənarda qaldı, bu layihə də onların vəziyyətini daha ağırlaşdırır.

Zəngəzur dəhlizi imkan verir ki, Ermənistan iqtisadiyyatını gücləndirsin, büdcəsinə əlavə vəsait daxil edə bilsin və əhalisinin sosial vəziyyətini yaxşılaşdırsın. Əgər Azərbaycan İran ərazisindən keçməklə yeni kommunikasiya yaradacaqsa, sabah Zəngəzur dəhlizinə ehtiyac qalmaya bilər. Bununla da Ermənistan nəinki böyük gəlirlərdən məhrum olacaq, eyni zamanda özü üçün əlavə iqtisadi çətinliklər yaratmış olacaq”.

Parlamentarinin fikrincə, Azərbaycanla İran arasında imzalanmış Anlaşma Memorandumu Ermənistanda təşviş yaradıb:

“Hər halda şübhəm yoxdur ki, dünənki saziş Ermənistanın rəsmi dairələrində çox böyük təşvişə səbəb olub. Hazırda onlar Azərbaycanın növbəti addımının Azərbaycan və İrana faydalı olduğunu, Ermənistanın isə öz fəaliyyətləri nəticəsində kənarda qaldığını aydın təsəvvür edirlər”.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər