Dünya Bankı (DB) Bakı-Şamaxı avtomobil yolunun iki zolaqdan dörd zolağa genişləndirilməsi üzrə üçüncü magistral yol layihəsinin (Third Highway Project) icrasını 30 iyun 2020-ci il tarixinə qədər uzadıb.
Qarabaginfo xəbər verir ki, bu barədə "Report.az"a DB-nin Bakı nümayəndəliyindən məlumat verilib.
"Bank qalan işləri – magistral yoluna xidmət göstərilməsi üçün depo və yol-istismar idarələri üçün binaların tikinisi üzrə işləri nəzərə alaraq, layihənin altı ay müddətinə uzadılmasına razılıq verib”, - nümayəndəlikdən bildiriblər.
“Report”un məlumatına görə, Azərbaycan hökuməti qalan kredit vəsaitindən istifadə etmək və tikinti işlərini başa çatdırmaq üçün layihənin bir illik uzadılmasını istəyib.
"İlkin olaraq layihə altı ay müddətinə uzadılıb, bu müddət ərzində qənaət edilmiş vəsaitlərdən istifadə etmək qərarı verilsə, layihənin daha da uzadılması məsələsinə baxıla bilər. Amma təcrübəyə görə, qənaət olunan vəsait müvafiq qərar qəbul olunarsa, bu layihə bitdikdən sonra layihənin ümumi məqsədlərinə cavab verən işə yönəldilə, eləcə də ləğv oluna bilər. Konkret qərar DB və hökumət arasındakı müzakirələrin nəticələrindən asılı olaraq veriləcək", - bankdan deyilib.
DB-nin məlumatına görə, 2019-cu ilin sonuna qədər bu layihəyə 307 milyon dollar (əlavə maliyyələşdirmə də daxil olmaqla, bank qarşısındakı ümumi öhdəliklərin təxminən 82%-i) məbləğində kredit ayrılıb. 2015-2016-cı illərdə milli valyutanın məzənnəsinin dəyişməsi və bəzi satınalmaların ləğvi nəticəsində qənaət olunan vəsait 60 milyon dolları ötür.
Xatırladaq ki, ümumi dəyəri 356,15 milyon dollar olan, bunun 241,6 milyon dollarının DB-nin payına düşdüyü üçüncü yol layihəsi 2010-cu ilin avqustunda təsdiq edilib. Bu layihə iki istiqaməti əhatə edir. Birinci istiqamət Azərbaycanın magistral yollarının və tranzit dəhlizlərinin yenidən qurulmasına, ikincisi isə regional inkişaf strategiyası çərçivəsində yenidən qurulan yerli yollara aiddir.
DB-nin kreditindən 70 milyon dolları Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA Dünya Bankı qrupuna daxildir – red.) 2010-cu maliyyə ili üçün Azərbaycana ayırdığı kvota hesabına güşəztli şərtlərlə verilib, 171,6 milyon dollar isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) şərtləri ilə ayrılıb.
2016-cı ildə DB Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 140 milyon dollar həcmində ikinci kredit xəttini ayırıb. Layihənin ümumi dəyəri 186,6 milyon dollardır, bunun 46,6 milyon dolları hökumətin payına düşür.
Yolun yenidən qurulması üçün son müqavilə 2019-cu ilin sonunda başa çatıb. Layihə çərçivəsində Bakıdan Şamaxıya gedən avtomobil yolu (yolun 13-91-ci km hissəsi) tamamilə modernləşdirilib, Yenikənd və Şorsulu arasındakı M3 magistral yolunun iki hissəsinin (31-80,6 km) və Kür üzərindən yeni körpünün inşası başa çatdırılıb.