Saytımızı qiymətləndirin


 
 

Paşinyandan müsbət siqnallar - “Ukraynada müharibə Ermənistanın da...”
Tarix: 03-03-2022 | Saat: 20:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

Paşinyandan müsbət siqnallar - “Ukraynada müharibə Ermənistanın da...”

Ermənistanın Baş naziri Nikol Paşinyandan növbəti dəfə müsbət siqnallar gəlib. O,  “Azərbaycanla sülh sazişi imzalamaq gündəmimizdədir” açıqlaması verib. "Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, - deyə Ermənistan Baş naziri əlavə edib.

Bir çox siyasi analitiklər belə hesab edirlər ki, Paşinyanın bu açıqlaması sırf Rusiya-Ukrayna müharibəsi fonunda yaranmış yeni reallıqdan istifadədir. Amma erməni siyasətçi məlum müharibədən öncə də oxşar açıqlama vermişdi.

Qarabaginfo.az bildirir ki, Yenisabah.az-la fikirlərini bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ictimai-siyasi əlaqələr üzrə sədr müavini Elçin Mirzəbəyli düşünür ki, Paşinyanın bu müharibədən nəticə çıxarmaq imkanları olub:

“O dərk edib ki, regionda baş verən proseslərin bundan sonra daha yumşaq bir şəkildə tənzimlənməsinə ehtiyac var və 10 noyabrda əldə olunmuş razılaşmanın yerinə yetirilməsi bundan sonra bölgədə münaqişələrə imkan yaratmayacaq. Münasibətlərin formalaşması indiki şəraitdə həm də Ermənistanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Mən məsələyə daha çox bu kontektsdən yanaşmaq istəyərdim.

Bu gün baş verən proseslər Azərbaycanın indiyə qədər nə qədər düzgün strateji siyasət yürütdüyünü tam çılpaqlığı ilə ortaya qoyub. Əgər Paşinyan yeni nizamın formatına uyğun şəkildə davranmağa üstünlük verirsə, bölgə dövlətləri, xüsusən də Azərbaycan və Türkiyənin yaratdığı reallıqların mahiyyətini dərk edə bilirsə, təbii ki, buna müsbət yanaşılmalıdır. Sülh sazişi ilə bağlı Azərbaycanın dəyişməyən mövqeyi var. Bu, Azərbaycanın ərazi bütövlüyünün tanınması və qəbul edilməsidir”.

BAXCP funskioneri vurğulayıb ki, Azərbaycanla Rusiya arasında imzalanmış Bəyannamədə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi xüsusi qeyd olunub:

“Bu həm Paşinyan, həm də Ermənistan cəmiyyəti üçün müəyyən bir mesajdır. Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması perspektivi var. Xüsusilə də, indiki şəraitdə, o cümlədən Rusiyanın imicinə dəyən ziyanın fonunda sülh müqaviləsinin imzalanması Rusiyanın da maraqlarına xidmət etmiş olardı. Çünki yalnız separatçı rejimləri dəstəkləyən və hərbi müdaxiləyə meylli olan bir dövlət görüntüsü var ki, bu həm də Rusiya ilə tərəfdaş münasibətlərində olan ölkələr üçün çəkindirici faktordur.

Bu baxımdan, əgər bundan sonrakı proseslərdə Rusiya Şərqə açılma siyasətini davam etdirəcəksə, indiki şəraitdə niyə də sülh sazişinin imzalanmasında maraqlı olmasın?! Görünür, bu amil də Ermənistanın mövqeyinə təsir göstərib”.

Paşinyandan müsbət siqnallar - “Ukraynada müharibə Ermənistanın da...”



Xəbəri paylaş

1303 dəfə oxunub.

Digər xəbərlər