Saytımızı qiymətləndirin


 
 

Evlərin icbari sığortalanması: “Rahat olar ki, sabah nəsə baş versə, ziyanı şirkət ödəyəcək”
Tarix: 15-05-2023 | Saat: 17:44
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Evlərin icbari sığortalanması: “Rahat olar ki, sabah nəsə baş versə, ziyanı şirkət ödəyəcək”

Daşınmaz əmlakın sığortalanması üçün qurulan elektron sistem yaxın vaxtlarda işə düşəcək. Yeni sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də bu məsələyə nəzarəti artıracaq.

Bundan sonra evlərin sığorta olunub-olunmadığı elektron şəkildə müəyyən ediləcək.

Nəzarət sisteminin nə kimi üstünlükləri olacaq? İnsanlar niyə evlərini sığortalamaqda maraqlı deyillər?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenisabah.az-a açıqlamasında qeyd edib ki, vətəndaşların evlərini sığortalatması özləri üçün faydalıdır:

“Azərbaycanda avtomobillərin sığortalanması daha geniş yayılsa da, cərimələr tətbiq olunsa da, eyni sözləri daşınmaz əmlak üçün demək olmaz. Çünki sığortalanmayan avtomobillər yola çıxarkən yol polisi sürücüyə cərimə yazılır. İnsanlar avtomobillərini sığortalayarkən qəza zamanı dəymiş zərəri sığorta şirkəti ödəyir. Yəni minimal məbləğdə 5 min manatlıq zərər üçün. Bu, çox yaxşıdır.

Əmlakın satış qiyməti isə avtomobillərdən dəfələrlə bahadır. Mərkəzi ərazilərdə mənzillərin satış qiyməti 100 min manatla ölçülür. Paytaxtdakı mənzillərin çoxu kirayə vermək üçün alınır, vətəndaşlar bundan həm də əlavə gəlir əldə edirlər.

Daha çox sığortaya ehtiyac olan hadisələr kirayə verilən mənzillərdə baş verir. Bu da kirayənişinin məsuliyyətsizliyi ucbatından olur. Bu halda dəymiş ziyanı vətəndaşa heç kim ödəmir. Ən yaxşı halda, mənzil sahibi kirayəçini məhkəməyə verə bilir. Amma rəsmi müqavilə olmadığından hər iki tərəf çıxılmaz vəziyyətdə qalır.

Hər kəs mənzilini sığortalasa, bu kimi problemlər yaşanmaz. Bakı üçün minimal məbləğ ildə 50 manatdır, bu məbləğin qarşılığında dəymiş ziyana görə 25 min manat ödənir.

İnsanlar başa düşməlidir ki, sığorta birbaşa vətəndaşın özünə xidmət edir. Vətəndaş yeni tikilidə yaşadıqda ayda ən azı 50 manat kommunal xərc ödəyir, amma ildə bir dəfə 50 manat ödəyib mənzilini sığortalatsa, özü də rahat olar ki, sabah nə isə baş versə, sığorta şirkəti dəymiş ziyanı ödəyəcək”.



Xəbəri paylaş

175 dəfə oxunub.

Digər xəbərlər