Saytımızı qiymətləndirin


 
 

Deputat: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu daha da artacaq”
Tarix: 05-02-2022 | Saat: 13:28
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Vüqar Bayramov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

 

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasında fəal iştirak edən ölkələrdəndir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirib ki, 2020-ci ilin sonundan etibarən Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropaya öz mavi qazını ixrac edir:

“Ötən il Avropaya 8 milyard kub metrdən artıq mavi qaz nəql edilib. 2022-ci ildə də Azərbaycan Avropaya 10 milyard kubmetrədək qaz nəql etmək niyyətindədir. Bütövlükdə, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kub metr mavi qaz nəql edəcəyi gözlənilir. Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31, 5 milyard kub metr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq. Bu da Azərbaycan regionun, xüsusilə Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verməsinə səbəb olacaq. İndiki halda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması həm də ölkəmizin regiondakı geosiyasi mövqeyinin daha da güclənməsi baxımından vacib hesab olunur”.

V. Bayramov Avropada enerji böhranı olduğunu da xatırladıb: “Xüsusilə də Rusiya və Ukrayna münasibətlərinin gərginləşməsi fonunda Avropanın mavi qaza tələbatının ödənilməsi xüsusi müzakirə mövzusudur. Təbii ki, Azərbaycan Avropa bazarında hər hansı şirkətə və ya ölkəyə rəqib deyil. Azərbaycanın məqsədi sadəcə, Avropanın enerji bazarına dayanıqlı mavi qazını çıxarmaq, bununla da mavi qaz ixracatımızı həyata keçirmək, eyni zamanda da Avropanın (Cənubi və sonrakı mərhələdə Mərkəzi-Şərqi Avropanın) enerji təhlükəsizliyinin təmin olunmasında daha yaxından iştirak etməkdir. Azərbaycan mavi qazı Avropada enerjiyə tələbatın daha çox olduğu ölkələrinə ixrac olunur. İtaliya və Cənubi Avropa ilə yanaşı, Mərkəzi və Şərqi Avropa ölkələri də Azərbaycan mavi qazından faydalanacaqlar. Bolqarıstanın artıq illik 12 milyard kub metrə yaxın Azərbaycan mavi qazını idxal etməsi praktik olaraq razılaşdırılıb. Rumıniya, Macarıstan kimi ölkələr Azərbaycan mavi qazını almaqda maraqlıdırlar. Avropa Komissiyası bütövlükdə digər Mərkəzi və Şərqi Avropa ölkələrinin də Cənub Qaz Dəhlizindən faydalanmasında maraqlıdır. Həmin ölkələrin Azərbaycandan aldıqları mavi qaz gələcəkdə mavi qaza olan tələbinin yarıdan çoxunu formalaşdırmış olacaq. Ona görə də bu, əslində praktik olaraq Azərbaycan mavi qazını alan ölkələrin enerji təhlükəsizliyinə xüsusi bir töhfə olacaq. Avropada enerji böhranının davam etdiyini nəzərə alsaq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu 2022-ci il də daxil olmaqla, növbəti illərdə daha da artacaq. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Avropa İttifaqının yüksək səviyyədə təmsil olunması, tədbirdə iştirak edən ölkələr, beynəlxalq qurumlar, iştirakçıların əhatəsi, coğrafiyası da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola verilən qiymətin bir təzahürü idi”.

Deputat vurğulayıb ki, eyni zamanda Cənub Qaz Dəhlizi Azərbaycan üçün iqtisadi layihədir:

“Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın özünün valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlətlər olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər. Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir. Mövcud qiymətlərlə Azərbaycanın Cənub Qaz Dəhlizindən 100 milyard dollardan çox gəlir götürəcəyi proqnozlaşdırılır”.



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər