"Azərbaycan həmişə bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra sülh danışıqlarına başlaya bilər. Onlar isə bunu demir, əksinə olaraq üçüncü bir qüvvəni – gah Rusiya, gah da ATƏT-in "gəbərmiş" Minsk qrupu tərəfindən Qarabağın dağlıq hissəsindəki separatçıların statusu barədə məsələləri qaldırmaqda davam edir". 

Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri "Unikal"a politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanacağını bəyanatına münasibəti zamanı deyib. 

Q.Hüseynli bildirib ki, Ermənistanın baş naziri tez-tez Azərbaycanla münasibətlərin inkişafından danışsa da, praktiki addımlar atmaqdan çəkinir: "Ermənistanın baş naziri Nikol Paşinyan həm sülh bağlanması, həm sərhədlərin delimitasiyası, həm də yolların, eləcə də kommunikasiya vasitələrinin açılması istiqamətində tez-tez fikirlər səsləndirir. Amma sanki oyun oynayırmış kimi, praktiki addımlar atmaqda tələsmir. Onun dünənki çıxışı da Rusiyanın Ukrayna ilə olan müharibəsində Rusiyanın xeyrinə olmayan və bütün dünyada pislənən vəziyyətin yaranması ilə bağlıdır. O bilir ki, əgər Rusiya öz mövqelərini itirirsə, bu, Ermənistan üçün ciddi problemlərə çevrilə bilər. Ona görə də sözügedən məsələni ön plana çəkir". 

"Azərbaycan səmimi sülh istəyir, başda ölkə prezidenti olmaqla, biz müharibə istəmirik. Amma onlar da sülh üçün üzərinə düşən şərtləri yerinə yetirməlidir. Düşünürəm ki, o, hiyləgər bir manevr edir, yəni sadəcə ümumi söz xatirinə, ictimai rəy yaratmaq naminə çıxışlar edir. 
Amma sülh bağlanmalıdır, bağlanacaq da. Bu prosesi sürətləndirmək, həm də Azərbaycanın 44 günlük müharibədəki qələbəsini nəzərə almaq lazımdır. Azərbaycan tərəfi onsuz da öz ərazi bütövlüyünü bərpa edib, sülh prosesini də eynilə başa çatdıracaq", - siyasi şərhçi əlavə edib.