Tarix: 30-10-2019 | Saat: 11:15
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Nə qədər ki, “məmur-oliqarx-biznes” anlayışı mövcuddur, Azərbaycanda inhisarçılığı aradan qaldırmaq mümkün olmayacaq.
Qarabaginfo "Virtualaz.org"a istinadən xəbər verir ki, bu fikirlə Milli Məclisin deputatı Vahid Əhmədov İctimai televiziyaya müsahibəsində çıxış edib.
“Əgər sən məmursansa icra hakimiyyəti orqanında işləməlisən və ancaq maaş hesabına yaşamalısan. Əgər bizneslə məşğul olmaq istəyirsənsə o zaman istefa ver və get biznesə”,-deputat əlavə edib.
Vahid Əhmədov bildirib ki, Milli Məclis 17 ildir Rəqabət Məcəlləsini qəbul edib başa çatdıra bilmir. “Təxminən 10 il əvvəl biz bu məcəlləni plenar iclasın müzakirəsinə təqdim etdik və iki oxunuşda onu qəbul elədik. Lakin üçüncü oxunuşa təqdim etmək mümkün olmadı, imkan vermədilər. Milli Məclisin hər sessiyasında mən bu məsələni qaldırıram və Rəqabət Məcəlləsini qəbul etməyə çağırıram. Məmurlar və oliqarxlar isə, hansı ki, onlar bu gün inhisarçılıqla məşğuldur, bu məcəlləni qəbul etməyə imkan vermirlər. Amma prezident bu məsələni Strateji Yol Xəritəsinə daxil edib və yəqin gələn il biz onu qəbul edə biləcəyik”,-deputat deyib.
Vahid Əhmədov habelə məmurlar üçün gəlir bəyannaməsinə toxunub. Deyib ki, bu haqda parlament qanun qəbul edib. Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır. Heç bir məmur öz gəlirləri barədə bəyannamə dərc eləmir.
“Çünki bu bəyannamə ortaya çıxsa məmurdan soruşarlar-sən öz biznesin üçün bu qədər pulu haradan almısan? Mən sizə açıq deyirəm-məmurların çoxu öz biznesini dövlət pulları hesabına qurublar. Ona görə də bəyannamələr haqda məsələ həllini tapmalıdır”,-deputat vurğulayıb.
Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanda inhisarçılığın mövcud olmadığını deyənlər haqlı deyil. “Biz sahibkarlardan yüzlərlə müraciət alırıq. Onlar bazara çıxış əldə edə bilmirlər. Ən sadə misal gətirirəm. Topdansatış bazaları var və onlara məmur-oliqarxlar nəzarət edir. Sahibkarları məcbur edirlər ki, malları ancaq bu bazalardan alsınlar. Onlar kəndə gedib məhsulu birbaşa kəndlidən ala bilmir. Əgər fermer öz məhsulunu bazara birbaşa çıxara bilsə o zaman qiymətlər xeyli aşağı düşər”,-deputat bildirib.
Digər xəbərlər