Saytımızı qiymətləndirin


 
 

Nyu-Yorkda Xocalı qurbanları anılıb
Tarix: 25-02-2022 | Saat: 10:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Nyu-Yorkda Xocalı qurbanları anılıb

ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, missiyada fəaliyyət göstərən diplomatlar və Nyu-Yorkun Azərbaycan icmasının bir qrup fəalı iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni oxunub, Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev deyib ki, tarixin bütün dövrlərində ən ağır sınaqlardan keçən, ancaq müstəqilliyini hər şeydən üstün tutan Azərbaycan xalqının əzmini və qüdrətini heç bir yad qüvvə sındıra bilməyib. Xocalı isə bu sınaqlardan ən ağırı və dəhşətlisi olub. Bir gecədə Erməni vəhşiliyinin qurbanı olan Xocalı sakinləri öz qanları ilə tarix yazıblar.

O deyib ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olsa da, onlar niyyətlərinə çatmayıblar.

Diplomat bildirib ki, haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən məqsədyönlü siyasət aparılıb, “Xocalıya ədalət” beynəlxalq təbliğat- təşviqat kampaniyası çərçivəsinə ABŞ-ın müxtəlif şəhər və ştatlarında tədbirlər, mitinqlər keçirilib və bunun nəticəsində artıq Amerika cəmiyyəti faciə haqqında kifayət qədər məlumatlandırılıb.

Y.Əliyev söyləyib ki, ABŞ-ın 23 ştatı daxil olmaqla Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib. ABŞ Azərbaycan icmasının bu səpkidə uğurlu fəaliyyətlərinin davamlı olmasının zəruriliyinə diqqət çəkən səfir deyib ki, heç şübhəsiz yaxın gələcəkdə Xocalı soyqırımına hüquqi qiymət də, veriləcək və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını alacaq.

Tədbirdə çıxış edən “Azərbaycan Nyu-York Asossasiyası"nın prezidenti Ərcan Yerdələnli və “Dağ Yəhudiləri İcması”nın rəhbəri Yakov Abramov bildirib ki, ABŞ-dakı Azərbaycan icması 30 ildir hər il ənənəvi olaraq Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir və bu qanlı faciənin Amerika cəmiyyətində tanınması üçün aktiv fəaliyyət göstərirlər. Xocalıda yaşanan vəhşiliklərin yeni nəsilə tanıdılmasının vacibliyinə diqqət çəkən çıxışçılar bildiriblər ki, onların bu savaşları Xocalıya ədalət bərqərar olana qədər davam edəcək.

Sonda Xocalıda törədilmiş dəhşətlərin əks olunduğu Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib.



Xəbəri paylaş

303 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır