Saytımızı qiymətləndirin


 
 

SOCAR-ın Gürcüstan nümayəndəliyində Xocalı faciəsi anılıb
Tarix: 24-02-2022 | Saat: 18:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə “Socar Energy Georgia” şirkətinin Tbilisidəki baş ofisində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.

Qarabaginfo.az xəbər verir ki, mərasimdə şirkətin Baş direktoru Mahir Məmmədov və kollektivi, Azərbaycan səfirliyinin məsul əməkdaşları, azərbaycanlı icmanın üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Heydər Əliyev Fondunun istehsalı olan “Xocalı soyqırımı” sənədli filminə baxıblar. Nümayişdən sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

M.Məmmədov çıxış edərək deyib ki, Xocalı faciəsi Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olub: “Xocalı qətliamı insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir, Xatın, Ruanda və Srebrenitsa kimi soyqırımlarla eyni sıradadır.

O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılmış “Xocalıya ədalət” beynəlxalq kampaniyasının ildən-ilə daha da genişləndiyini qeyd edib: “Kampaniya çərçivəsində dünya miqyasında aparılmış sistemli fəaliyyət nəticəsində faciə soyqırımı kimi qiymətləndirilib və qətiyyətlə pislənilib. Biz SOCAR ailəsi olaraq, Xocalı soyqırımına dünyanın hər bir yerində hüquqi qiymətin verilməsi və günahkarların cəzalandırılmasını tələb edirik. Azərbaycan dövləti və xalqı bu faciəni heç zaman unutmayacaq və biz də soyqırıma ədalətli qiymətin verilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

Daha sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov Xocalı faciəsinə törədilməsindən sonra dərhal reaksiyanın verilməməsinin acı nəticələrə səbəb olduğunu deyib.

Diplomat Xocalı soyqırımının Azərbaycan xalqının iradə və əzmini qırmadığını, əksinə mətinləşdirdiyini qeyd edib.

E.Bayramov “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya miqyasında çox böyük işlərin görüldüyünü, bir sıra ölkələrdə faciənin kütləvi qırğın kimi qiymətləndirildiyini və pislənilidiyini diqqətə çatdırıb.

Gürcüstan ictimaiyyətində Xocalı soqırımının pislənilməsinin geniş vüsət almaqda olduğunu qeyd edən diplomat “Socar Energy Georgia” şirkətinin heyətini “Xocalıya ədalət” kampaniyasına fəal qoşulmağa çağırıb: “Bu çağırış yalnız Azərbaycan, Gürcüstanın deyil, bütün Qafqaz və dünya üçündür. Ümidvaram ki, səsimizi ucaltsaq, gələcək nəsillər analoji faciələrlə qarşılaşmayacaqlar”.

Mərasimdə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarixçi Quram Marxuliya  digərləri də çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu vurğulayıblar, qanlı hadisələrə beynəlxalq aləmdə hüquqi-siyasi qiymətin verilməsinin zəruriliyindən danışıblar.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər