Tarix: 23-02-2022 | Saat: 19:07
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Marsel" kimi böyük komandaya hörmətlə yanaşırıq, amma özümüzə də güvənirik".
Qarabaginfo.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Bakıda Fransa "Marsel"inə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə deyib.
Braziliya əsilli yarımmüdafiəçi bildirib ki, Marseldəki ilk oyun komandası üçün vacib idi: "Futbolda mümkünsüz heç nə yoxdur. Cavab görüşündə stadionda öz azarkeşlərimiz olacaq. Onlara xoşbəxtlik bəxş etmək istəyirik".
Ağdam klubundakı karyerasına da toxunan 33 yaşlı oyunçu əvvəllər heç vaxt Azərbaycanda bu qədər vaxt keçirəcəyini düşünmədiyini söyləyib: "Burada xoşbəxtəm. "Qarabağ"ın heyətində Çempionlar Liqasını kəşf etdim. Bu komanda mənim ailəm, baş məşqçi isə mənə ata kimidir. Ona görə də yenidən bura qayıtdım. Qurban Qurbanov bizə çox kömək edir. Klubda hamıdan hörmət görürəm. Burada 10 ildir xoşbəxt yaşadığımı deyə bilərəm".
Almeydanın sözlərinə görə, valideynlərimə "Qarabağ" haqqında danışanda onlar Azərbaycanın harada yerləşdiyini bilmirdilər: "Birlikdə internetdə axtarış verdik. Valideynlərim əvvəlcə razılaşmadılar. Çünki həmin vaxt bu ölkənin Ermənistanla silahlı münaqişələrinin olduğunu gördük. Amma mənim üçün maliyyə baxımından maraqlı təklif idi. Ona görə də dedim ki, cəhd etməliyik və bundan sonra hər şeyi görəcəyik. "Qarabağ"da Portuqaliyadakı maaşımdan 6 dəfə çox qazanırdım".
Azərbaycan millisinin də üzvü olan futbolçu burada dil baxımından problem yaşamadığını vurğulayıb: "Futbolun dili meydandakı oyundur. Milli komandadan təklif alanda atama dedim ki, Braziliya yığmasına düşmək şansım, demək olar ki, yoxdur. Və biz birlikdə bu varianta razılıq verdik. Azərbaycan dilini yaxşı başa düşsəm də, danışmaqda çətinlik çəkirəm".
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.
Digər xəbərlər