Tarix: 22-02-2022 | Saat: 18:41
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
Bu gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasında rəsmi səfərdə olub.
Qarabaginfo.az- ın komitəyə istinadən verdiyi məlumata görə, səfər Azərbaycan-Rusiya sərhədində, Samur-Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsində yaranmış avtonəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması məsələsinin müzakirə edilməsi məqsədilə həyata keçirilib.
Nümayəndə heyəti səfər çərçivəsində Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsini ziyarət edib, burada aparılan təmir-tikinti işlərinın gedişi ilə tanış olub. Bununla yanaşı, Azərbaycan-Rusiya sərhədində yerləşən “Novo-Filya” gömrük-sərhəd buraxılış məntəqəsi də ziyarət edilib, buradan dolu yük maşınlarının Azərbaycandan Rusiyaya buraxılması imkanları dəyərləndirilib.
Səfər zamanı Azərbaycan Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin, eləcə də Rusiyanın Federal Gömrük Xidməti, Federal Dövlət Xəzinə İdarəsinin dövlət müəssisəsi “Rosqranstroy” və Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsi əməkdaşlarının iştirakı ilə ikitərəfli görüş keçirilib.
Görüşdə Rusiya tərəfi Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsində yaranmış avtonəqliyyat vasitələrinin sıxlığının məntəqədə aparılan təmir-tikinti işlərindən qaynaqlandığını və müvəqqəti xarakter daşıdığını bildirib. Bununla yanaşı, təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması, mövcud şərait nəzərə alınmaqla məntəqənin buraxılış qabiliyyətinin mümkün qədər maksimum həddə saxlanılması və əlavə zəruri tədbirlərin görülməsi üçün müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrin aparılacağı qeyd edilib.
Görüşün yekunları üzrə “Şirvanlı” - “Novo-Filya” gömrük-sərhəd buraxılış məntəqəsinin 24 saatlıq iş rejimində fəaliyyət göstərməsi və buradan dolu yük maşınlarının keçidinin təmin edilməsi məsələsi geniş müzakirə olunub.
“Yaraq-Qazmalar” buraxılış məntəqəsindən keçən yük axınının azaldılması məqsədilə tərəflərin dəmir yolu nəqliyyat növündən də istifadəsi, “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin, burada aparılan yenidənqurma işləri nəzərə alınmaqla, buraxılış qabiliyyətinin artırılması razılaşdırılıb. Azərbaycan tərəfində “Xanoba” gömrük-sərhəd buraxılış məntəqəsində yenidənqurma işləri başa çatdıqca nəqliyyat vasitələri üçün hərəkət zolaqlarının mərhələli şəkildə istifadəyə verilməsi imkanlarının nəzərdən keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə razılıq əldə edilib.
Görüşdə, eyni zamanda, meyvə-tərəvəz və digər tez xarab olan məhsulları daşıyan nəqliyyat vasitələrinin buraxılışına üstünlük veriləcəyi barədə maraqlı tərəflərin məlumatlandırılması və cari məsələlərin müzakirəsi üçün rüblük əsasda görüşlərin təşkili qərara alınıb.
Digər xəbərlər