Saytımızı qiymətləndirin


 
 

"Neftçi"nin hücumçusu: "Çoxdandır qol vurmadığıma görə narahatam"
Tarix: 17-02-2022 | Saat: 19:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Neftçinin hücumçusu: Çoxdandır qol vurmadığıma görə narahatam

"Çoxdandır fərqlənmədiyimə görə narahatam".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Tiaqo Bezerra klubun rəsmi saytına müsahibəsində deyib.

"Ağ-qaralar"ın heyətində meydana çıxdığı 12 rəsmi oyunda 4 qola imza atan braziliyalı hücumçu bunu özü üçün aşağı göstərici adlandırıb: "Daha çox qol vurmalıyam. Bununla belə, burada xoşbəxtəm. Hər oyunda qol vurmaq istəyirəm və buna çalışıram. Yaxşı başa düşürəm ki, hücumçuyam və vəzifəm qol vurmaqdır. Amma çox inanıram ki, yaxın zamanlarda çətin günlər geridə qalacaq və qollar, qələbələr ard-arda gələcək".

35 yaşlı forvard "Keşlə"yə qarşı keçirəcəkləri Premyer Liqanın XVI tur matçına da toxunub: "Ölkə kubokunda yarımfinala yüksəldiyimiz üçün əhval-ruhiyyəmiz çox yaxşıdır. "Keşlə" ilə matç da çox vacibdir. Rəqibə hörmətlə yanaşırıq, amma qələbə qazanıb ilk “üçlük”dəki komandalarla xal fərqini azaltmalıyıq. 2:0 hesabı ilə öndə olmağımıza rəğmən 2:3 hesablı məğlubiyyəti unutmamışıq. Revanş almaq üçün yaxşı şans olacaq. Əlbəttə, hər oyunda qol vurmaq istəyirəm. Məşqçinin seçiminə hörmətlə yanaşıram. Mənə şans verilsə, özümü ən yaxşı tərəfdən göstərib, fərqlənməyə çalışacağam".

Bu gün doğum günü olan təcrübəli futbolçu bunu ilk dəfə Azərbaycanda qeyd edəcəyini söyləyib: "Təbii ki, bizim üçün önəmli gündür. Sevindiricidir ki, sağlam, xoşbəxt, ailəm də yanımda olmaqla daha bir ili geridə qoyuram".

Bezerra sonda azarkeşlərə müraciət edib: "Təəssüf ki, bəzən onların ümidlərini doğrulda bilmirik. Bu mövsüm Azərbaycan Kubokunu qazanmaq istəyirik. Neçə ildən sonra ilk dəfə yarımfinala adlamışıq. Buna görə çox şadıq. İnanıram ki, tezliklə tamamilə fərqli “Neftçi” görəcəyik".



Xəbəri paylaş

1224 dəfə oxunub.

Digər xəbərlər