“Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev tərəfindən Milli Məclis və deputatlarla bağlı irəli sürdüyü fikirlər qəbuledilməzdir”.

Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri “Unikal”a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbazsadə səsləndirib. O bildirib ki, uzun illər dövlət aparatının başında olan bir şəxsin “saxta deputat”, “cib müxalifəti” və bu kimi digər fikirlər səsləndirməsi yanlışdır: 

“Təəssüflə qeyd etməliyəm ki, ölkənin mühüm vəzifələrindən birini tutan Ramiz Mehdiyev son günlər adına, keçdiyi dövlətçilik yoluna, ən əsası da Heydər Əliyev siyasətinə uyğun olmayan fikirlər səsləndirir. Hər bir dövlət strukturu kimi Milli Məclisin fəaliyyəti də tənqid oluna bilər. Ancaq illər boyu müxtəlif dövlət vəzifələrində çalışan bir şəxsin ölkənin qanunverici orqanının ünvanına uyğunsuz ifadələr işlətməsi, gözdən salmağa çalışması heç cür qəbul oluna bilməz. Milli Məclis xalqın iradəsi nəticəsində formalaşıb. Eləcə də üzvlərinin ünvanına hər hansı ləkələyici ifadə səsələndirəndə diqqətli olmaq lazımdır. Çünki Parlamentə ləkə yaxmaq xalqın iradəsinə şübhə etmək deməkdir.

Hər kəs hansısa islahat, dəyişiklik tərəfdarıdırsa, öncə özü buna nümunə olmalıdır. Ramiz Mehdiyev AMEA-da gəncləşmənin tərəfdarı olduğunu deyir. Yeniliyin, islahatın zəruri olduğunu bəyan edir, amma özü bu istiqamətdə addım atmaq istəmir. Cənab Prezident İlham Əliyev idarəçilikdə, hakim komandada ciddi islahatlara start verdi, dövlət və dövlətçilik üçün xidmətləri olan şəxslərə xüsusi diqqət və hörmətini göstərdi. Hətta işdən çıxarılan yaşlı məmurlarımızla şəxsən görüşərək bunun bir nümunə olduğunu ifadə etdi. Təəssüf ki, Ramiz Mehdiyev bu nümunənin özünə şamil olunmasını qəbul eləmək istəmir. Azərbaycan dövlətçiliyi hansısa bir şəxsin üzərində qurulmayıb. Onun sökəndiyi möhkəm ideyalar və idarəçilik sistemi var. Amma kimlərsə özünü əvəzolunmaz hesab edirsə, yanılır. Kimsə vəzifədən, kreslodan möhkəm yapışaraq, hirsinin, hikkəsinin qurbanı olaraq beləcə yanlış yollara əl atır. Cənab Prezident hər zaman bu dövlətin qarşısında xidməti olanlara xüsusi diqqətlə yanaşıb, amma təəssüf ki, bundan sui-istifadə edənlər olur. Odur ki, məsləhət görərdim ki, bu qədər intriqalarla məşğul olmaqdansa, istirahətə çəkilərək, daha urvatlı olarlar”.