Saytımızı qiymətləndirin


 
 

O səs Feyziyev...
Tarix: 07-02-2022 | Saat: 09:23
Bölmə:Karusel / Yazar | çapa göndər

Bu adamlar təkcə pullarını, uşaqlarını deyil, ruhlarını da bu ölkədən başqa ölkələrə daşıyıblar, burada yalnız bayquş niyyətli səsləri qalıb

Bir neçə gün əvvəl  həmin deputat bir telekanalda idi. Diqqət kəsiləndə məlum oldu ki, dövlətin siyasəti haqda, Qarabağ haqda danışır, hansısa bizə qarşı olan dövlətləri “asıb-kəsir”. Əslində isə bu işlərdən deyil, öz işləklərindən, Londondakı maliyyə hadisələri haqda danışması gərək idi. Normalda belə olmalıdır. Amma hanı o norma və normal? 

Yaxınlarda Rusiyanın kommunist deputatı qanunsuz ov etdiyinə görə barəsində cinayət işi açıldı, deputat toxunulmazlığı qaldırıldı. Kommunist deputatın Saratovda vurduğu bir sığırın qiyməti Milli Məclis deputatının London məhkəməsində qanunsuz elan edilən 5 milyonu ilə müqayisəyə gəlməz. Ya da həmin pula bir meşə salıb, ərazisinə min sığır alıb   buraxmaq olar. Qısası, Rusiya İstintaq Komitəsi geniş rezonans doğurmuş hadisə ilə bağlı cinayət işinin açılmasından vaz keçmədi.  İstintaqın sonunda  yəqin ki, mandatını da itirəcək...

Amma məlum, Feyziyev barədə bir sorğu verən də olmadı ki, axı bu London məhkəməsinin qanunsuz elan etdiyi 5 milyon nə məsələdir? Yaxşı, həbsdəki müavini deyir ki, aldığım rüvşətin bir qismini- deyəsən, son olaraq 2,5 milyon manat demişdi- nazirim Əbülfəs Qarayevə vermişəm. Eləcə də ləğv olunmuş MTN-lə bağlı iş adamlarının necə soyulmasının istintaqı hələ də davam edir, amma Eldar Mahmudovdan heç nə soruşan yoxdur. Demək, dövlətin bir toyuğunu oğrayan həbs yata bilər, amma dövlətin etimadını zədələyən, dövlətin adına beynəlxalq məhkəmələrdə ləkələyənlərə “gözün üstə qaşın var” demək olmaz. O səbəbdən belələri, son olaraq da, şəkili deputat əlinə bacarıqsız cərrah kimi neştər alıb, hücum edib mediaya, konkret şəxslər barədə ağır ifadələr işlədib. Yaşına və statusuna hörmət edən o cür ifadələri nəinki sosial şəbəkədə ictimailəşdirməz, heç küçədə də işlətməz... Yəqin başqa bir zaman olsaydı, Feyziyev kimi biznesmenlər barəsində yazan medianı cəzalandırmaq üçün daha sərt tədbirlərə əl atardı. Amma nə yazıq ki, zaman yenə də elə onun kimilərindir, yenə dövlətin arxasına bıçaq saplayanlar da, dövlətin etimadından sui-istifadə edənlər də onlardır. Nonsesdir, amma bir Azərbaycan gerçəyidir...

Feyziyev təkcə özünə başqa “yağlı yerlərdə” yer etməyib, necə olubsa medianın içərisinə də-Mətbuat Şurasının İdarə Heyətinə üzv ola bilib. Yəni adam illərdir ki, həm də medianın çətiri altında özünə yer edib. “Hansı bacarığına, hansı üstünlüklərinə görə” sualının cavabını təşkilatın rəhbərliyi bilər. İndi həmin deputat  demək, faktiki həm də “özününkülərə” hücum edib, onlar barəsində öz “arşını”ilə ağır hökmlər verib. Bu adam mediaya hücumunun ona baha başa gələcəyini proqnozlaşdıra bilməyəcək ağılda ola bilməz. O halda, niyə bu adam belə “qaz”a gəlib, onun səbəbi  maraqlıdır. Adam vaxtına qıyıb oturub barəsində yazanlar və efirdə danışanlarının sicilini tutub. Ya da ona belə bir siyahı veriblər, o da adları olanların qarşısında ağzına gələni yazıb...                                

Feyziyev kimilər çoxdur- təkcə pullarını, uşaqlarını deyil, ruhlarını da bu ölkədən başqa ölkələrə daşıyıblar, burada yalnız səsləri qalıb. O quru səs isə burada şax və şux qalmağa, vacib məsələlərdə ortaya düşməyə, yalandan “yaxa çırmağa”, dövlətin vacib adamı olmağ bəs edir.  O deputat, bax, həmin quruca səsi qalanlardan biridir, o səbəbdən telekanalda danışanda səsini qısdım, amma nə gizlədim, heç səssiz də baxa bilmədim, kanalı dəyişdim...

“Feyziyev olayı” bir daha Azərbaycanda saxta mandat mövzusunu gündəmə gətirir. Feyziyev özünü uğurlu biznesmen sayır, var-dövlətini necə yolla qazanıb, ən dəqiqini  Allah bilir. Hesab günü gələndə,  yalan-palanla qaça bilməyəcək. İlahi ədalət mütləq olacaq. Amma ədalət təkcə axirətdə deyil, bu dünyada da olmalıdır. Qarabağda ədaləti bərpa edən iqtidar sahibi 125 mandatı bu xalqın səs verdiyi layiqli adamların almasını asanlıqla həyata keçirə bilər. Feyziyev kimilər mandatının arxasından bu cür hədyanlar etməməlidir. Yəni belələrinin bayquş niyyətli səsini qısmaq beləmi çətindir?

Nazim SABİROĞLU,



Xəbəri paylaş

1315 dəfə oxunub.

Digər xəbərlər