Erməni müxalifətinin bir hissəsi, hələ də “Lavrov Planı”nı yaşatmaq üçün külək dəyirmanları kimi mübarizə aparsalar da, əslində Cənubi Qafqazda “Bolton Planı” həyata keçirilir.
Qarabaginfo.az xəbər verir ki, erməni politoloqlar 2018-ci ildən bəri Ermənistan və Qarabağ ətrafında cərəyan edən hadisələrin mozaikasını tərtib etməyə çalışıblar: “Təəccüblüdür ki, Nikol Paşinyan və Daniel İoannisyanın Ermənistan ordusu barədə dəyərləndirmələri Azərbaycan Prezidenti İlham Əliyevin qiymətləndirmələri ilə üst-üstə düşür. Üstəlik Daniel İoannisyan elə məlumatlar yayır ki, adamda onun “adi bir Soros üzvü” deyil, ən azı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olduğu təəssüratı yaranır. Belə bir vəziyyətdə isə sual ortaya çıxır: “Hadrutun süqutu zamanı Ermənistan ordusunda qarışıqlıq hökm sürdüyü barədə İoannisyanda məlumat haradandır?” – erməni siyasi ekspertləin açıqlamalarında qeyd olunur.
“Üstəlik İoannisyanın yazdığı son statusundan Hadrutun taleyi həll edilərkən orada olduğu aydınlaşır. Və bəlkə də polkovnik Şakaryanın ölümünün təfərrüatlarını da çox yaxşı bilir. Əziz oxucular! Sizi əmin edirik ki, Ermənistanda mövcud hakimiyyət dəyişiləndən sonra müharibədə necə təslim olduğumuz haqda həqiqətlər ortaya çıxacaq. Ancaq əsas məqama keçərək diqqətinizi 2018-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidentinin müşaviri olmuş Con Boltonun Ermənistana və Azərbaycana səfər edərkən səsləndirdiyi fikirlərə yönəltmək istəyirik. Bolton həmin səfəri zamanı tezislə çıxış edərək, əslində Ermənistanın “tarixi stereotiplərdən imtina edərək” İranla sərhədini bağlamalı olduğunu demişdi. Bununla paralel olaraq isə, Türkiyə və Azərbaycanla əlaqələri aktiv şəkildə inkişaf etdirməsinin vacibliyinə diqqət çəkmişdi. Bütün bunları Ermənistan tərəfindən Nikol Paşinyan, Daniel İoannisyan və onun “yerli həmkarları” həyata keçirdilər. Bütün bunlara kənardan baxdıqda “Bolton Planı”nın bir mərkəzdən idarə olunduğu aydınlaşır” – erməni analitiklər bildirirlər.
“Rəsmi Tehrandan gələn son açıqlamaları araşdırmağa başladığımız zaman İranın qorxularının səbəbi anlaşılır. Həqiqətən də bölgədə üçüncü bir “görünməz əl”in olduğu hiss edilir. “İsrailin Dostları Təşəbbüsü”nün üzvü Con Boltonun planının həyata keçirildiyi aydındır. Cənubi Qafqaz artıq əvvəlki kimi olmayacaq” – deyə fikirlər tamamlanır.(konkret.az)