Tarix: 05-02-2022 | Saat: 10:36
Bölmə:Karusel / Siyasət | çapa göndər
Son günlər AMEA prezidenti Ramiz Mehdiyevlə bağlı olan qalmaqal daha da böyüyür. Ölkənin ən nüfuzlu şəxsləri onu istefaya səsləyirlər. Bəzi insanlar isə hesab edir ki, bu, akademikə qarşı qurulmuş kampaniyadır. Lakin bu cür kampaniyaların təməlinin vaxtilə Ramiz Mehdiyev tərəfindən qoyulduğunu, onun bu ənənənin banisi olduğunu qeyd edənlər də var. Yəni aşına nə tökübsə, qaşığına da o çıxıb...
Qarabaginfo.az bildirir ki, Sabiq deputat Nazim Bəydəmirli Yenisabah.az-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyev Azərbaycanda eybəcər sistemi bərqərar edənlərdəndir:
“Azərbaycanda uzun müddət bərqərar olmuş, indi də davam edən eybəcər idarəçiliyin yaradıcılarından biri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olmuşdur. Bu eybəcər idarəçilik regionçuluğun, yerlibazlığın, qohumbazlığın, rüşvətin və korrupsiyanın üzərində bərqərar olub. Bu elementlər davam edir və həmişədə davam edəcək. O vaxta qədər ki, şəffaf idarəetmə olmayacaq.
Vəzifəyə təyinat kiminsə yaxını, tanışı, dostu, qohumu ilə məhdudlaşır və bu, traybalizmdir. Bu səbəbdən bizim kimi cəmiyyətlərdə Ramiz Mehdiyev və ona bənzər insanların olması normaldır. Lakin bütün günahların Ramiz Mehdiyevin üzərinə qoyulmasının da tərəfdarı deyiləm. Sonda Ramiz Mehdiyev deyə bilər ki, mən sərəncam verən şəxs deyiləm. Sadəcə ölkənin Prezident Administrasiyasının rəhbəri olmuşam və bütün qərarlar prezidentlər tərəfindən verilib.
İndiki durumda vurulmuş məmurları müxtəlif şəxslər tənqid edir, üzərinə gedir. Lakin üzərilərinə gedən şəxslərin özlərinə də baxanda görürük ki, mütləq əksəriyyəti təmiz insanlar deyillər, bu yerlərə savadları, bacarıqları ilə deyil yaltaqlıq, məddahlıqla gəlib çatmış adamlardır. Bu səbəbdən bu cür məsələlərə qiymət vermək istəmirəm”.
Nazim Bəydəmirli deyir ki, Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu vaxt o Milli Məclisin deputatı olaraq dəfələrlə qeyd edib ki, bu qurum prezident dəftərxanası səviyyəsinə salınmalıdır və prezident administrasiyası yalnız dəftərxana işi ilə məşğul olmalıdır: “Çox təəssüf edirəm ki, böyük bir idarəetmə strukturunu özündə cəmləmişdir.
AMEA da mahiyyət etibarı ilə QHT-dir və onun ləğv olunması lazımdır. Eyni zamanda müxtəlif institutlarının universitetlərə birləşdirilməsi və Rəyasət Heyətinin də ləğv olunması, büdcə maliyyəsinin dayandırılması vacibdir. Yəni keçmiş Sovet ölkələrinin əksəriyyətində olduğu kimi dünyada belə bir dövlət qurumu səviyyəsində qurum yoxdur.
Bu Akademiya vəzifəli adamlar üçün düşünülür və saxlanılır. Elmlər Akademiyası ləğv olunub, Təhsil Nazirliyinə birləşdirilməlidir”.
Digər xəbərlər