Saytımızı qiymətləndirin


 
 

Aleksandr Nikolov: "Cənubi Qaz Dəhlizi Bolqarıstanı qaz habına çevirəcək"
Tarix: 03-02-2022 | Saat: 20:37
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Aleksandr Nikolov: Cənubi Qaz Dəhlizi Bolqarıstanı qaz habına çevirəcək

“Report” Bolqarıstan energetika naziri Aleksandr Nikolovla eksklüziv müsahibəsini təqdim edir.

- Cənub Qaz Dəhlizinin (SGC) Avropa enerji sistemlərinin inkişafındakı rolunu necə qiymətləndirərdiniz? SGC Məşvərət Şurasının qarşıdakı 8-ci iclasının buna töhfəsi nə ola bilər?

- SGC Xəzər regionundan təbii qaz tədarükünün daha da şaxələndirilməsinə səbəb olduğu üçün Avropa enerji sisteminin inkişafına müsbət təsir göstərir. Bunun nəticəsində Bolqarıstan və onun qaz paylama şəbəkəsi Mərkəzi və Cənub-Şərqi Avropa regionuna alternativ mənbələrdən qaz təchizatı infrastrukturunun mühüm parçasına çevrilir.

Sualınızın ikinci hissəsisnə gəlincə, SGC Məşvərət Şurasının hələ 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırlatmaq istərdim. SGC layihəsinin icrasına böyük töhfə vermiş bu səmərəli əməkdaşlıq formatı artıq ənənəyə çevrilib. Bu il Şuranın 8-ci iclası keçiriləcək. İnanıram ki, SGC Məşvərət Şurasının iclası bu layihənin Avropadakı enerji dəyişikiliyində və enerji təhlükəsizliyindəki rolunu daha geniş tanıdacaq.

Məşvərət Şurası enerji təhlükəsizliyinə dair cari məsələlərin həlli, enerji təhlükəsizliyinə əməl etmək şərtilə dayanıqlı inkişafa nail olmaq səylərə dair müzakirə aparmaq üçün çox əlverişli platformadır. Bununla yanaşı Şura SGC vasitəsilə yeni istehlakçılara, o cümlədən Balkanların qərbinə qaz nəqli üçün layihənin genişləndirilməsi imkanlarını da müzakirə etmək vəzifəsini də daşıyır. Xəzərin təbii qazı "yaşıl" texnologiyaların tətbiqinə təkan olmaqla keçid iqtisadiyyatına malik bölgələrdə daha təmiz yanacağın iqlim dəyişikliyi baxımdan daha sərfəli yollarla tətbiqini təmin edəcək.

Hazırkı dövrdə əhalinin bir tərəfdən etibarlı və əlçatan enerji daşıyıcılarına ehtiyac duyduğu, digər tərəfdən də ətraf mühitə mənfi təsirləri azaltmaq istədiyi üçün siyasətçilər və enerji şirkətləri daha çox çətinliklə üzləşir. Əhali evlərində isti və işıq olması, işgüzar fəaliyyətinin rəvan getməsi üçün zəruri təchizatlarda bizə arxayındır. SGC Məşvərət Şurasının qarşıdakı iclasında da enerji dəyişikliyində təbii qazın rolu, az karbon iqtisadiyyatına aparan yolda qarşıya çıxan problemlər müzakirə olunacaq.

- Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək IGB (Yunanıstan – Bolqarıstan İnterkonnektoru) layihəsinin tikintisi nə yerdədir?

- IGB layihəsi təkcə Bolqarıstan üçün deyil, bütövlükdə Cənub-Şərqi Avropa regionu üçün böyük əhəmiyyət daşıyır. Tikintidə ləngimələr yaransa da, bu boru kəmərinin son cədvələ uyğun olaraq cari ilin ortalarından müntəzəm fəaliyyətə başlaması üçün ciddi səylər göstəririk. IGB Bolqarıstanı və bütövlükdə Cənub-Şərqi Avropanı Cənub Qaz Dəhlizinə bağladığı üçün qaz tədarükünün şaxələndirilməsinə əlverişli imkanlar yaradır.

Azərbaycandan razılaşdırılmış həcmdə qaz almaq imkanı sayəsində ölkələrimizin enerji əməkdaşlığı keyfiyyətcə yeni bir mərhələyə yüksəlir. Əməkdaşlığımızın dərinləşməsi qaz təchizatının şaxələndirilməsi, konkret olaraq Cənub-Şərqi Avropada qaz habı rolumuzu inkişaf edərək gücləndirmək istiqamətində Bolqarıstan hökumətinin qarşıya qoyduğu öncül vəzifələr baxımdan mühüm amildir.

Qaz habına çevrilmək siyasətimizin bir mühüm parçası da Bolqarıstanla Serbiya arasında qaz interkonnektorunun inşasıdır. Elə bu günlərdə Serbiya Respublikasının Baş naziri Ana Brnabiç və həmkarım Zorana Mihayloviçlə bir yerdə həmin kəmərin Serbiyadakı hissəsinin təməlini qoyduq.

- IGB nə vaxt istismara verilməklə Bolqarıstan istehlakçılarına qaz nəqlinə başlayacaq?

- İnterkonnektorun bu ilin ikinci yarısının əvvəlindən müntəzəm fəaliyyətə başlayacağı qənaətindəyik. Bolqarıstan hökuməti layihənin vaxtında tamamlanması üçün əlindən gələni edəcək. Energetika Nazirliyi tikinti işlərini sürətləndirmək üçün həm icraçı şirkətlə, həm də təchizatçılarla mütəmadi görüşlər keçirir. Bununla yanaşı ali siyasi səviyyədə, yəni Bolqarıstanın Baş naziri Kiril Petkovla Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında da təmaslar keçirilir.

Bu layihənin ləngiməsi Bolqarıstanın dövlət təbii qaz təchizatçısı olan “Bulgargaz EAD” şirkəti üçün də xeyli çətinliklər yaradır. IGB kəmərinin iri istifadəçilərindən olan “Bulgargaz” Azərbaycandan 25 il ərzində hər il 1 milyard kubmetr qaz tədarükünə dair 19 sentyabr 2013-c il tarixində imzalıanmış müqavilə çərçivəsində "Şahdəniz" layihəsinin 2-ci mərhələsindən təbii qaz tədarükünü təmin etmək üçün ICGB layihə şirkətilə xəttin ötürmə gücündən uzunmüddətli istifadəyə dair müvafiq müqavilə imzalayıb.

- Bolqarıstana, bəlkə də həm də qonşu ölkələrə təbii qaz tədarükünü artırmaq üçün IGB layihəsinin genişləndirilməsinə dair hər hansı planlar varmı?

- IGB layihəsi Bolqarıstana və digər Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrinə SGC-yə çıxış imkanı yaradacaq. Bu, həmçinin Bolqarıstana Azərbaycandan müqavilədə nəzərdə tutulduğu həcmdə - 1 milyard kubmetr təbii qaz idxal etməyə imkan verəcək.

Enerji mənbələrinin şaxələndirilməsi istiqamətində Bolqarıstanın əsas məqsədlərindən biri Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər regionu qazının həcmlərinin artırılmasıdır. Bu məqsəd bizim enerji və iqlim haqqında 2021-2030-cu illər üzrə kompleks planımızda öz əksini tapıb. Biz, Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz tədarükü imkanına yüksək önəm veririk, belə ki, bu, Bolqarıstana təbii qaz tədarükü mənbələrinin real şaxələndirilməsinə səbəb olacaq.

- Bolqarıstan "Şahdəniz" qazını 2021-ci ilin əvvəllərindən müvəqqəti cədvəllə idxal etməyə başlayıb. Bu il IGB layihəsi tam gücü ilə işə salınandan sonra həmin idxalat davam edəcəkmi? Bütövlükdə bu il Bolqarıstan Azərbaycandan nə qədər qaz idxal edəcək və həmin qaz mövcud ehtiyacların hansı hissəsini ödəyəcək?

- Bolqarıstan Azərbaycanla tərəfdaşlığına çox arxayındır. Bu tərəfdaşlığın təməli "Şahdəniz-2" yatağından ildə 1 milyard kubmetr qaz tədarükünə dair 2013-cü ildə “Bulgargaz” ilə SOCAR-ın idarə etdiyi “Azərbaijan Gas Supply Company” (AGSC) arasında imzalanmış müqavilədir. Azərbaycanlı tərəfdaşlarımızla bu cür xoş, uzunmüddətli münasibətlərimizə böyük dəyər veririk. Şaxələndirmə həm iqtisadi, həm də siyasi məqsədimizdir, fikrimcə, bununla bağlı yekdil rəyimiz var.

- Bolqarıstan Azərbaycanla enerji əməkdaşlığını necə genişləndirə bilər? Bununla bağlı planlarınız varmı?

- Avropa İttifaqının üzv ölkəsi olan Bolqarıstan Şərqi Tərəfdaşlıq proqramı, habelə məsələn, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi başqa beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla əməkdaşlığını genişləndirə bilər. Aİ – Azərbaycan tərəfdaşlığının başlıca hədəfləri çərçivəsindəki dörd əsas əməkdaşlıq istiqaməti rabitə, səmərəli enerji istifadəsi, ətraf mühit, iqlim dəyişikliyilə bağlı fəaliyyətlərdir. Enerji təchizatındakı uğurlu əməkdaşlıq, Cənub Qaz Dəhlizilə bağlı xeyli irəliləyişlər də nəzərə alınsa, bunlar Azərbaycanın ticarət, nəqliyyat- logistika qovşağı qismində fəaliyyətinə dəstək, tənzimləmə işlərinə yardım, eytiyatların dayanıqlı idarəçiliyi deməkdir.

Aİ ilə Azərbaycan arasında bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı əks edəcək, başlıca istiqamətlərdə siyasi dialoqu gücləndirəcək, ticarət əlaqələrinə təkan verəcək yeni çərçivə sazişinə dair danışıqlar get-gedə irəliləyir.

- Bolqarıstan şirkətləri Azərbaycanda həyata keçirilən enerji, o cümlədən bərpa olunan enerji layihələrində iştirak etməyə maraq göstərirmi?

- Bolqarıstan şirkətləri bərpa olunan enerji, müasir və dayanıqlı enerji sektorunda yeni texnologiyaların hazırlanaraq tətbiqi vasitəsilə enerjinin səmərəsini artırmaq istiqamətində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Fotoelektrik layihələr sahəsində lider mövqeyinə malik Bolqarıstan şirkətləri Avropa İttifaqında, bütün dünyada uğurla fəaliyyət göstərir. İnanıram ki, bu istiqamətdə də Azərbaycan tərəfilə səmərəli əməkdaşlıq edə bilərik.

Həmçinin Günəş enerjisi və su hövzələrinin, bioloji ehtiyatlarının səmərəli istifadəsi, o cümlədən bioloji xammal və bioqaz kimi sahələrdə, habelə tullantıların idarəçiliyi və yox edilməsi, qapalı dövriyyəli istehsalatın tətbiqi kimi sahələrdə təcrübə mübadiləsi, layihələrin icrası üçün Bolqarıstan açıqdır. Enerjinin səmərəsi prinsipini rəhbər tutaraq biz yeni materialların layihələndirilməsi, istehsalı, tətbiqinə də böyük əhəmiyyət veririk.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər