Tarix: 31-01-2022 | Saat: 16:55
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
“Həyat, deyəsən gözəldir” (Fəryad II) tammetrajlı bədii filmi üzərində işlər yekunlaşıb və artıq festival həyatını yaşamağa hazırdır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumata görə, ekran əsərinin istehsal prosesi bir ilə qədər davam edib: "Filmin istehsalata hazırlıq, çəkiliş prosesi artıq 2021-ci ildə başa çatıb. Son aylarda isə montaj, səsləndirmə, dublyaj, rəng korreksiyası və digər post-prodakşn prosesləri görülüb və bu işlər də yekunlaşıb.
“Həyat, deyəsən gözəldir” kinosu artıq festival həyatını yaşamağa hazırdır. Ekran əsəri festival həyatını yaşadıqdan sonra kinoteatr nümayişlərinə (təqdimat) başlanılacaq. Müəlliflər (rejissor/prodüser) bu cədvəl haqqında yaxın vaxtlarda məlumat verəcəklər".
Qeyd edək ki, rejissoru, Xalq artisti Vaqif Mustafayev olan ekran əsəri, erməni işğalçılarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfərindən bəhs edir.
Kinonun ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
Digər xəbərlər