Saytımızı qiymətləndirin


 
 

Qarabağa “Böyük Qayıdış” “Zəfər yolu”ndan BAŞLAYIR - VİDEO
Tarix: 28-01-2022 | Saat: 19:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qarabağa “Böyük Qayıdış” “Zəfər yolu”ndan BAŞLAYIR – VİDEO

Tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən sonra qarşıda duran ən vacib məsələ həmin ərazilərə “Böyük Qayıdış”ın gerçəkləşdirilməsidir. Bu məqsədlə işğaldan azad edilən ərazilərdə sözün əsl mənasında çox böyük işlər görülür. Məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasını sürətləndirmək üçün dövlət tərəfindən abadlıq və yenidənqurma işləri həyata keçirilir. Sirr deyil ki, 30 ilə yaxın bir müddətdə Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlayan mənfur düşmən şəhər və kəndləri viran qoyub və həmin əraziləri minalarla təhlükə mənbəyinə çevirib. Elə bu səbəbdən də “Böyük Qayıdış”ın gerçəkləşməsi ilk növbədə sözügedən ərazilərin minalardan təmizlənməsindən başlayır. Vətən müharibəsindən sonra ANAMA tərəfindən işğaldan azad edilən ərazilərdə sürətli şəkildə minatəmizləmə əməliyyatları həyata keçirilir. Bu əməliyyatlar Azərbaycan hökumətinin təyin etdiyi prioritetlər əsasında yerinə yetirilir. İlk növbədə infrastruktur layihələrin icrası ilə bağlı ərazilərin minalardan təmizlənməsi istiqamətində işlər görülür. İşğaldan azad edilən ərazilərin dərinliklərində bu işləri aparmaq ANAMA-nın qarşısında duran ən başlıca vəzifələrdən hesab olunur.

ANAMA-nın maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov bildirir ki, artıq 2022-ci ildən etibarən “Böyük Qayıdış”la bağlı daha böyük proqramların icrasına başlanılacaq: “Bununla əlaqədar olaraq ANAMA artıq işğaldan azad olunan torpaqlara köçürüləcək məcburi köçkünlərin yaşayacaqları ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını həyata keçirir. Bu həm Zəngilan, həm Ağdam, həm də Füzuli rayonları istiqamətində, həmçinin ətraf kəndlərdə və həmin kəndlərə gedən yollarda sürətli şəkildə aparılır. Bu günə qədər aparılan təmizləmə əməliyyatları nəticəsində təxminən 70 milyon kv.m-dən çox ərazi partlamamış hərbi sursatlardan təmizlənmiş, 28 mindən çox mina və müxtəlif markalı partlamamış sursatlar aşkar olunaraq, agentliyin mütəxəssisləri tərəfindən zərərsizləşdirilmişdir”.

R.Əzizovun sözlərinə görə, ANAMA tərəfindən təkcə torpaqların minalardan təmizlənməsi işi aparılmır, həmçinin, insanların təhlükəsizliyinin təmin olunması məqsədilə geniş maarifləndirmə işləri də görülür: “Həmin ərazilərə qanunsuz səfərlər edən, müxtəlif yollarla o yerlərə keçməyə cəhd göstərən insanların iştirakı ilə yaşanan faciələr oraları tanımamaq, bələd olmamaq və yaxud da qadağan işarələrinə məhəl qoymadan qanunsuz yollarla daxil olmaq nəticəsində baş verir. Təbii ki, agentlik tərəfindən bu istiqamətdə də mühüm tədbirlər görülür. Konkret olaraq üç əsas istiqamət üzrə fəaliyyət həyata keçirilir.

Birincisi, vətəndaş cəmiyyəti qurumlarımızla əvvəllər təmas xətti dediyimiz ərazilər boyu ümumi maarifləndirmə prosesləri həyata keçirilir. Bu gün həmin proseslərin nəticəsində 200 mindən çox insan maarifləndirmə tədbirlərinə cəlb olunub. Onlar təxminən 80-dən yuxarı kəndi əhatə edir. Həmin kəndlərdə icma qrupları yaradılıb. Sakinlər arasında mina və partlayıcı sursat təhlükəsi ilə bağlı böyük kampaniyalar yerinə yetirilib. Paralel olaraq UNİSEF-in dəstəyi ilə müxtəlif plakatlar, çap materialları hazırlanaraq həmin kəndlərin ərazilərinə quraşdırılıb və ya sakinlərə paylanılıb.

İkinci istiqamətimiz işğaldan azad olumuş ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının, eləcə də özəl təşkilatların mütəxəssislərini təlimçilərin təlimi prosesinə cəlb etmək olub ki, bu proseslərdə hazırlanmış mütəxəssislər artıq öz işçilərinə mina və partlamamış hərbi sursat təhlükəsizliyi ilə bağlı məlumatlar veriblər.

Üçüncü fəaliyyətimiz isə məktəblərlə bağlıdır. Bu istiqamətdə biz həm Təhsil Nazirliyi, həm də UNİSEF-lə əməkdaşlıq edirik. Və əvvəllər təmas xətti dediyimiz ərazilər boyu məskunlaşmış insanlarımız arasında  maarifləndirmə tədbirlərini məhz məktəblərdə dərsdənkənar fakültətiv məşğələlər çərçivəsində yerinə yetiririk. Bundan başqa, metodistlərin, mütəxəssislərin tövsiyəsi ilə artıq ANAMA məcburi köçkünlərin yerləşdiyi kamplarda, məktəblərdə də bu tədbirlərin davamlı olaraq həyata keçirilməsinə başlanılıb”.

ANAMA rəsmisi agentlik tərəfindən görülən işlərə rəğmən, insanları bir az da səbirli olmağa və təhlükəli ərazilərə qanunsuz səfərlər etməməyə çağırıb.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən tədbirlər təkcə ərazilərin minalardan təmizlənməsi ilə yekunlaşmır. Eyni zamanda, həmin ərazilərdə yol infrastrukturunun bərpası və yenidən qurulması, iri körpü və tunellərin, hava limanlarının tikilməsi, enerji, su və qaz xətlərinin çəkilməsi istiqamətində də genişmiqyaslı işlər aparılır. Yol infrastrukturunun bərpası işğaldan azad edilən ərazilərə insanların rahat şəkildə hərəkətini təmin etməklə yanaşı, bölgənin iqtisadi və turizm imkanlarını da genişləndirir. Bütün bunlar isə həmin ərazilərin gələcək inkişafı üçün yeni perspektivlər vəd edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli də hesab edir ki, “Böyük Qayıdış” proqramına uyğun olaraq görülən genişmiqyaslı yol infrastrukturu layihələri ölkəmizin böyük tərəqqisinə uzanan yoldur: “Məlumdur ki, “Zəfər yolu” çərçivəsində 101 km uzunluğunda olan yol cəmi 10 ay ərzində yenidən tikilərək istifadəyə verildi. Ümumiyyətlə, yol infrastrukturu sahəsində qısa müddət ərzində ikinci texniki dərəcəyə uyğun olaraq salınan nu uzunluqda yolun istifadəyə verilməsi bir ilkdir. Məlumdur ki, ölkəmiz həm döyüş meydanıdır, həm də quruculuq işlərində nəyə qadir olduğunu bir daha sübut edir. Xatırladım ki, hələ 2020-ci il oktyabr ayının 3-də Tərtərin Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən dərhal sonra ölkə başçısı tərəfindən tapşırıq verildi ki, həmin kəndlərə Tərtər şəhərindən gedən köhnə, dağılmış yol bərpa edilsin. Və həmin yolun bərpası cəmi iki ay ərzində icra olundu və  dekabrın 20-də 28,5 km uzunluğuna malik olan bu yol istifadəyə verildi. Və onun davamı olaraq Naftalan şəhərinə birləşdirilməsi, Tərtərə alternativ olaraq Naftalan şəhərindən də giriş-çıxışı təmin etmək üçün yeni yolun da tikintisinə start verildi. Qeyd edim ki, 22 km-lik həmin yoldan Tərtər şəhəri ilə yanaşı, Naftalan şəhərindən də Ağdərə istiqamətində vətəndaşlarımız və qonaqlarımız rahat şəkildə istifadə edə biləcəklər və bu il bu yolun istifadəyə verilməsi nəzərdə tutulur. 

Bundan başqa, tərəfimizdən “Zəfər yolu”na paralel olaraq Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolunun tikintisi də həyata keçirilir. Bu, birinci texniki dərəcəli yoldur, 6 və 4 hərəkət zolağı olmaqla inşa olunur. Yol üzərində hal-hazırda 7 tunelin inşası həyata keçirilir və bu yoldan ayrılaraq İsa bulağına qədər bir yolun da inşası nəzərdə tutulur ki, həmin istiqamətdə də İsa bulağı tunelinin inşası aparılır. Ümumilikdə bu səkkiz tunelin inşası ilə əlaqədar hazırda genişmiqyaslı işlər həyata keçirilir. Ümumən 7,7 km uzunluğa malik tunellərdən söhbət gedir.

Bizim əsas yollarımızdan biri də Hacıqabul – Horadiz – Zəngəzur dəhlizi magistral avtomobil yolunun Azərbaycandan keçən hissəsidir. Bu,123,8 km uzunluğa malik 6 və 4 hərəkət zolaqlı Horadiz, Cəbrayıl, Zəngilan və Ağbənd magistral avtomobil yoldur. O yolun da tikintisi həyata keçirilir və üzərində tunellərin, viadukların və digər mühəndis qurğularının inşası aparılır.

Həmçinin, şərq istiqamətində  birinci texniki dərəcəyə uyğun olaraq Bərdə – Ağdam yolunun inşası həyata keçirilir. Yaxın müddət ərzində artıq bu yolun davamı olaraq Füzuli yolunun inşasına da start veriləcək. Şimal istiqamətindən isə Toğanalı – Kəlbəcər – İstisu, Kəlbəcər – Laçın avtomobil yollarının tikintisi aparılır. Eyni zamanda, dünyada ən böyük və uzun avtomobil tunellərindən biri olan Murovdağ tuneli inşa edilir. Tunel 11,6 km uzunluqda və iki gözlü olacaq.

Ümumən təxminən 2700 km-ə yaxın avtomobil yolu işğal altında idi və həmin yolların demək olar ki, əksəriyyəti sıradan çıxdığı üçün onların bərpasına, yenidən qurulmasına və yeni yolların çəkilməsinə ehtiyac var”.

Göründüyü kimi, həyata keçirilən genişmiqyaslı işlər məcburi köçkünlərin torpaq həsrətinə tez bir zamanda son qoyulacağını deməyə əsas verir. İşğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın sürətlə həyata keçməsi üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün lazımi addımlar atılır. Böyük qələbə və onun ardınca işğaldan azad olunan ərazilərdə bərpa işlərinə start verilməsi Azərbaycan dövlətinin sülh və inkişafda nə dərəcədə maraqlı olduğunu bütün dünyaya nümayiş etdirməklə yanaşı, doğma torpağına qovuşacağı günü həsrətlə gözləyən hər bir azərbaycanlını ən ülvi arzusuna bir az da yaxınlaşdırır.

Müşviq Tofiqoğlu,

P.S.Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə dərc olunur. (konkret.az)



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər