Saytımızı qiymətləndirin


 
 

Müharibənin regiona təsirləri - İqtisadi əlaqələr pozulur
Tarix: 05-03-2022 | Saat: 14:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Rusiya Ukrayna müharibəsi bütün dünya kimi Azərbaycanı da ciddi narahat edir. Hər iki ölkə ilə yaxşı münasibətlərimiz var. Hər iki ölkədə Azərbaycanın xaricdəki ən böyük diasporları fəaliyyət göstərir. Hesab edirik ki, aralarındakı anlaşılmazlığı danışıqlar yolu ilə həll etmək mümkündür. Azərbaycan hər iki tərəfə vasitəçilik təklifini irəli sürüb. Ölkəmiz üzərinə düşən vəzifələri maksimum həll edir”.

 

Bunu Qarabaqinfo.az-a Rusiya-Ukrayna müharibəsinin bölgəyə təsirləri haqqında danışarkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

 

Deputat bildirib ki, ötən müddətdə müharibənin dünya üçün yaratdığı fəsadlar ağırlaşır:

 

“Bu gün dünya müharibənin dayandırılmasına yönəlib. Həm Ukrayna, həm Rusiya yaxşı münasibətləri olan, dünya siyasətində xüsusi çəkiyə sahib dövlətlərdir. Bu dövlətlər ölkələri bir-birinə yaxınlaşdırmaq, müharibəni dayandıraraq, məsələni danışıqlarla həll etməyə çalışmalıdır. Müharibənin davam etməsi təkcə regionda deyil, dünyada gedən proseslərə ciddi təsir edir. İqtisadi əlaqələr pozulur, hər iki tərəfdən minlərlə insan ölür. Xüsusilə qadınların, uşaqların, qocaların bombardman altında qalması qəbuledilməz məqamdır.

 

Rusiya-Ukrayna müharibəsi İkinci Dünya müharibəsindən sonra oturuşmuş sistemi çalxalayan faktora çevrilib. Dünya bir-birinin maraqlarına hörmət etmək, istənilən məsələni danışıqlar yolu ilə həll etmək variantını qoruyub saxlamalıdır. Müharibə həll variantı deyil.

 

Bu hadisələr mənfi nümunə ola bilər və gələcəkdə aralarında problemlər olan dövlətlərdə də fəlakətin təkrarlanmasına rəvac verər”.

 

 

Aydın Mirzəzadə düşünür ki, dünya İkinci Dünya müharibəsindən əvvəlki sərhədlərin tanınmazlığı, hər problemi müharibə ilə həll etmək variantına qayıda bilər:

 

“Bu isə sivilizasiyanın inkişafını dayandırır, insanların sosial vəziyyətinin inkişafına sərf olunmalı vəsaitin lüzumsuz müharibələrə, hərbi əməliyyatlara xərclənməsinə gətirib çıxara bilər. Ümumən, götürdükdə iki ölkə arasında gedən danışıqları azacıq da olsa, ümid kimi qiymətləndirirəm. İstənilən pis sülh yaxşı müharibədən yaxşıdır. Çox istəyərdim ki, Rusiya və Ukrayna danışıqlarda nəticəyə gəlsinlər, bir-birinə güzəştə getsinlər. Bir toplumdan olduqlarını, qonşu dövlətlər olduqlarını xatırlasınlar. Hadisələr xoşagəlməz presedent yaradır. Hər iki tərəfdən biri qalib gəlsə belə, sonrada bunun ağır nəticələrini uzun müddət aradan qaldırmaqla məşğul olacaq”.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər