Tarix: 28-01-2022 | Saat: 15:24
Bölmə:Karusel / Region | çapa göndər
Ordu dövlətin əsaslarından biridir. Onun başlıca vəzifəsi təmsil etdiyi dövlətin ərazi bütövlüyünü qorumaqdır. Bu, bütün ordular üçün vacib prinsipdir. Deməli, ordu öz dövlətinin ərazisini və təhlükəsizliyini qorumaqla məşğul olur.
Ermənistanın da ordusu var. Yanvarın 28-də onun 30 illiyi qeyd olunur. Təəssüf ki, bu ordu qurulmağa başladığı ilk gündən özünü terrorçu təşkilat kimi aparıb. Hələ Birinci Dünya müharibəsi illərində Fransa, Rusiya və başqaları erməniləri Osmanlı dövlətinə qarşı mübarizə aparmaq məqsədilə silahlandırırdı. Ermənilərin milli qəhrəman saydıqları Andranik Ozanyanın fəaliyyətini yada salaq. O, Osmanlı dövlətində paşa rütbəsi alıb. Çar Rusiyası sonrakı xidmətlərinə görə ona general rütbəsi verib. Ermənilərin milli qəhrəmanı sayılan Qaregin Njdenin fəaliyyəti də satqınlıq üzərində qurulub. O, İkinci Dünya müharibəsi illərində faşist Almaniyası ilə əməkdaşlıq edib. Njde faşistlərlə birlikdə yəhudi soyqırımında iştirak edib. Andranik və Njde türkü ermənilər üçün düşmən kimi təbliğ edənlərin liderləri olublar. Onlar mənsub olduqları etnik qrupun bir əsrdən artıq yalanla tərbiyə olunmasında iştirak ediblər. Başqa sözlə, onlar havadarlarının uydurduğu yalanları cücərdib yaymaqla ermənilərə qarşı ən böyük xəyanəti edib. İndi Ermənistanda reallığı qəbul edənlər yaşadıqları faciələrinin əsasında Andranik və Njde kimi təbliğ etdikləri yalanların durduğunu etiraf edirlər.
Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri ordunun yaranmasının 30 illiyi ilə bağlı jurnalistlərə açıqlamasında böyük yalanlara toxunaraq deyib: “Yalanlarla yaşamaq yetər. Başımıza gələn faciələr böyük yalanların nəticəsidir”. Ermənistan ordusunun siyasi-ideyasının əsasında Andraniklə Njdenin təbliğ etdikləri böyük yalanlar və erməni terror qruplarının fəaliyyəti durur. Ermənistan ordusunun özünə örnək saydığı, dünyanın müxtəlif ölkələrində qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarının bəzilərinin adını qeyd edək: “Armenakan” Partiyası 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub. “Hnçak” Partiyası 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaqdır. “Daşnaksütyun” (erməni federativ inqilab partiyası): 1890-cı ildə Tbilisidə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA) - 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. “Geqaron” 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılıb. Məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir. “Erməni azadlıq hərəkatı” (AOD) 1991-ci ildə Fransada yaradılıb. “Erməni azadlıq cəbhəsi” - 1979-cu ildə yaradılan bu terrror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır. “Erməni birliyi” 1988-ci ildə Moskvada yaradılıb. ASALA ilə sıx əlaqələri var, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edib. “Demokratik cəbhə” ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. “Apostol” 2001-ci il aprelin 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılıb. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.
Böyük yalan, “Böyük Ermənistan” ideyası və terror düşüncəsi əsasında fəaliyyət göstərən Ermənistan ordusu son 30 ildə də terrorçuluqla məşğul olub. 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı rayonu ərazisində azərbaycanlıların soyqırımının müəlliflərindən biri Rusiyanın 366-cı motoatıcı alayıdırsa, biri də Ermənistan “ordusudur”. Sonralar Xocalı soyqırımının təşkilində birbaşa iştirak etmiş Robert Koçaryan və Serj Sarqsyan Ermənistana prezidentlik etməklə həm də bu ordununun ali baş komandanı olublar.
Azərbaycan əsgəri 30 il ərzində Ermənistan ordusuna zaman-zaman dərslər verib. 2010-cu il iyunun 18-də Mübariz İbrahimov çoxsaylı erməni hərbçi ilə təkbaşına 5 saat döyüşərək xeyli erməni silahlısını zərərsizləşdirməklə bu ordu haqqında yalanı puça çıxardı. 2016-cı ilin Aprel döyüşləri Ermənistan ordusu barədə yayılan və iddia edilən mifi dağıtdı. 2020-ci ildə 44 günlük müharibə isə böyük yalanlar və terror düşüncəsi əsasında yaradılan bu ordunu məhv etdi. Həmin 6 həftəlik döyüşə dözə bilməyən Ermənistan ordusu hələ də formalaşa bilmir. Bunu Ararat Mirzoyan və Robert Koçaryan yanvarın 28-də orduları ilə bağlı açıqlamalarında təsdiqləyiblər. XİN başçısı deyib: “Biz müdafiə qabiliyyətimizi yüksəltməyə, bərpa olunmağa və ordunu dirçəltməyə borcluyuq”. Keçmiş prezident isə ordunun yenidən qurulduğunu belə etiraf edib: “Əminəm ki, ordumuz yenidən xalqımızın təhlükəsizliyinin təminatçısı olacaq” .
Öz ölkəsinin sərhədlərini qorumağa qabiliyyəti, gücü və qüdrəti çatmayan Ermənistan ordusunun yenidən qurulmasına ehtiyacı var. Belə ehtimal etmək olar ki, baş verənlərdən nəticə çıxararaq ermənilər havadarları tərəfindən onlara sırıdılan “Böyük Ermənistan” iddiasından, “böyük yalandan” da imtina edəcəklər. Görünür, 44 günlük müharibədən sonra Ermənistanda yeni dövlət, deməli, həm də ordu quruculuğu başlayıb. Azərbaycan İkinci Qarabağ müharibəsində onlara böyük yalana qulluq etməyin və terroru örnək götürməyin faciəli olduğunu göstərdi. Ona görə də sadaladığımız faktlar və məlumatlar baxımından demək olar ki, yanvarın 28-i Ermənistan ordusunun yalana xidmət etdiyinin və terrorla açıq-aşkar məşğul olmağa başlamasının 30-cu ildönümüdür. (Report)
Digər xəbərlər