Əziz dostlar!
Hörmətli oxucular!
Bir işdə bir az çətinə düşmüşəm. Başı çıxan adamlardan kömək istəyirəm. İlk növbədə hüquqşünaslara, təhsil işçiləri, mütəxəssis və ekspertlərinə, əgər çox da zəhmət olmasa deputatlara, sonra jurnalist həmkarlarıma, icra hakimiyyəti və bələdiyyə məmurlarına və başqa bu qəbildən olan insanlara müraciət edir və düzgün, qanuni və qaydaya uyğun yol göstərmələrini xahiş edirəm.
Vətən müharibəsinin şəhidi, 25 gün rəşadətlə döyüşüb Füzuli rayonu ərazisində qəhrəmancasına şəhid olmuş, 18 yaşlı əsgər İbrahimov Rafael Emin oğlunun (28.05.2002-21.10.2020) anası Maftuxa xanım Bikbayeva (dediyinə görə yaxın ətrafı ona sadəcə Marina deyir) mənə müraciət edərək bildirib ki, oğlu rus sektorunda oxuyub və orta məktəbi bitirəndə Azərbaycan dili fənnindən buraxılış imtahanını verə bilməyib. Ona görə də bitirdiyi orta məktəbdən – Bakı şəhərinin Nizami rayonundakı 210 nömrəli tam orta məktəbdən ona attestat verilməyib. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən 25 iyul 2020-ci ildə Azərbaycan Ordusu sıralarına hərbi xidmətə çağırılıb və cəmi üç aydan sonra şəhid olub.
Oğlunun şəhid olmasından bir müddət sonra anası orta məktəbə müraciət edib və oğlunun attestatını istəyib. Həmin vaxt direktor olan xanım da, onun işdən azad olunmasından sonra təyin olunan digər xanım direktor da şəhid anasına bildiriblər ki, onun oğlu Azərbaycan dilindən “qeyri-kafi” qiymət aldığına görə onun adına attestat verə bilməzlər.
Şəhid anası bundan sonra üz tutub müxtəlif ünvanlara. Rayondan seçilmiş deputatdan tutmuş təhsil nazirliyinin müvafiq idarələrinədək. Hər yerdə ona eyni cavab veriblər ki, “oğlunuza attestat düşmür, çünki Azərbaycan dilindən imtahan verməyib!”
Ananın dediyinə görə onu ən çox yandırıb-tökən isə odur ki, döydüyü bütün qapıların arxasında əyləşən vəzifəli şəxslərin hamısı ona deyir: “İnnən belə attestatı neynirsən ki? Oğlun daha yoxdur, attestat nəyinə lazımdır ki?” O isə hamısına belə cavab verir: “Kamal attestatı mənə oğlumun sonuncu yadigarı kimi lazımdır!”
Mən də bir jurnalist kimi buradan üzümü attestatın verilməsinə məsul olan şəxslərə tutub müraciət edirəm:
– Hörmətli və bəziləri də hörmətsiz məmurlar və dövlət qulluqçuları və başqaları!
“Oğlunuz Azərbaycan dilindən imtahan verə bilməyib, ona attestat vermək mümkün deyil!” – deyərkən olarmı ki, bu məsələyə sadəcə göz yumub “Azərbaycan dilindən imtahan verə bilməyib”, amma Azərbaycan yolunda canından keçmiş və hamımızın Vətəni olan Azərbaycan uğrunda ən böyük imtahanda CANINI VERMİŞ, ÖZÜ DƏ BİZ SAĞ QALANLARIN HAMISININ ƏVƏZİNDƏN, O CÜMLƏDƏN SİZİN VƏ AİLƏ ÜZVLƏRİNİZİN DƏ ƏVƏZİNDƏN ÖZ CANINI VERMİŞ, ən böyük imtahandan üzü ağ çıxmış bir qəhrəman şəhidin anasını sevindirəsiniz?! Hətta işdən çıxarılacağınızı (canınızın çıxacağını yox), vəzifədən qovulacağınızı (bu dünyadan köçəcəyinizi yox) və hazırkı mənfəətlərinizdən məhrum olunacağınızı (həyatdan məhrum olacağınızı yox) belə əvvəlcədən nəzərə alıb o bir parça kağızla şəhid anasının sizin və sizin kimilərinin olduqca yekə mədəniyyətsiz və köntöy cavabından parçalanmış qəlbinə cüzi də olsa məlhəm ola biləcək bir addım atasınız?!
Yeri gəlmişkən, qorxmamağınız, ürəkli addım atmağınız üçün bir nümunə deyim. 1992-ci ildə Şuşa uğrunda canından keçmiş Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qənbərov qiyabi tələbəsi olduğu Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirə bilmədi. O şəhid olandan xeyli müddət sonra ali təhsil haqqında diplomunu universitetin rəhbərliyi onun valideynlərinə – ailəsinə təqdim etdi (mərasimdə şəxsən iştirak etmişəm).
Odur ki, şəhid anasına “attestat sənin nəyinə lazımdır?” tpli sual verdiyinizə görə utandığınızı və xəcalət çəkdiyinizi ifadə edin, şəhid anasının qəbuluna gedin, ondan üzr istəyin və oğlunun kamal atestatını ona təqdim edin…
Əks təqdirdə sizin adınızı nə qoyaq???
Kərim Kərimli