Tarix: 04-05-2023 | Saat: 18:08
Bölmə:Karusel / Təhsil | çapa göndər
Elm və təhsil naziri Emin Əmrullayev aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun ölümü ilə nəticələnən hadisəyə münasibət bildirib.
Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında hadisənin görüntülərini ürək ağrısı ilə izlədiyini və bunun çox təəssüf doğuran hadisə olduğunu deyib:
"Bu hadisə yəqin ki, bir fərdin cinayət ehtimalı daşıyan davranışı ilə əlaqədardır. İnanmıram ki, bu hadisə bütün məşqçilərin, idmanın və idman zallarının fəaliyyətinə kölgə salacaq. Çünki sadəcə Elm və Təhsil Nazirliyinin sistemində 60 mindən artıq şagird idmanla məşğul olur. İnanırıq ki, hüquq-mühafizə orqanları tərəfindən məsələyə müvafiq hüquqi-qiymət veriləcək. Eyni zamanda dediyim kimi, bu hadisənin bütün idman sisteminə şamil edilməsi düzgün olmaz. Bizim idman, təhsil müəssisələrimiz, uşaq-gənclər idman məktəbləri öz fəaliyyətlərini davam etdirirlər. Orada onlarla beynəlxalq turnirlərin qalibləri çalışırlar və bu, uşaqların sağlamlığı üçün vacibdir".
Nazir qeyd edib ki, bu gün Azərbaycan qanunvericiliyinə görə, məşqçi kimi fəaliyyət göstərmək üçün lisenziya tələb olunmur.
"Biz də fəaliyyətimizi qanunvericiliyə uyğun qururuq. Təbii ki, sabah belə bir tələb olarsa, biz də həmin şəxsləri işə götürəndə həmin tələblərə əməl edəcəyik. Sözügedən şəxs ötən ilin axırlarında işə qəbul olunub və qanunvericiliyin tələbi prinsipcə pozulmayıb. Həm ali təhsilli məşqçi, həm beynəlxalq turnirlərin qalibi, həm də idman ustası kimi tanınan şəxs olub.
O ki qaldı idman zalına, bura icarəyə verilməyib. Bir çox rayonlarda idmanla məşğul olmaq istəyən şagirdlərimizin sayı çox olduğuna görə, ayrı-ayrı məktəblərin zalları uşaq gənclər mərkəzlərinin məşqçilərinin istifadəsinə verilir. Burada məktəbin maliyyə qazancı məqsədi yoxdur. Sadəcə olaraq əhatəliliyi təmin etmək üçün bu prosedur icra edilir".
Məktəbli olmayan, azyaşlı uşağın qeydiyyatdan kənar məşqə cəlb olunmasında məktəb rəhbərliyinin məsuliyyətinə gəlincə isə nazir qeyd edib ki, bu və ya digər baş vermiş hadisədə təqsirkarı müəyyənləşdirmək Elm və Təhsil Nazirliyinin yox, hüquq-mühafizə orqanlarının işidir.
"Bizim tərəfdən proses belə tənzimlənir ki, məşqçi tərəfdən uşaqlar jurnala əsasən məşqə cəlb olunmalıdır. Amma təəssüf ki, bu halda məşqçi tam qeydiyyatda olmayan uşağı da məşqə cəlb edib və belə görünür bu hal daha əvvəl də baş verib. Burada məsuliyyət birbaşa onundu və qanun pozuntusuna yol verib. O ki qaldı məktəb rəhbərliyinin cavabdehliyinə, düşünürəm ki, bu məsələ araşdırılmalıdır. Çünki zal dərs vaxtlarından kənar istifadəyə verilir. Hansı formatda istifadəyə verilməsinə proses zamanı yəqin ki, hüquqi qiymət verilə bilər. Bu hadisədən çıxarılan dərs ondan ibarətdir ki, həm məktəblər, həm valideynlər, həm məşqçilər, həm də federasiyalar bu işə daha diqqətlə yanaşmalıdırlar. Mənim şəxsi fikrim budur ki, bu, bir şəxsin cinayət ehtimalı olan davranışı ilə bağlıdır və burada sistematik problem görmürəm".
Qeyd edək ki, aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlər