Tarix: 25-01-2022 | Saat: 18:34
Bölmə:Karusel / Gündəm | çapa göndər
Hindistanın Respublika Gününün 73-cü ildönümü ilə bağlı tədbirlər çərçivəsində Milli Turizm günü qeyd edilib.
Qarabaginfo.az-ın xəbərinə görə, tədbirdə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna, tur operatorları, biznesmenlər və media nümayəndələri iştirak ediblər.
Səfir bildirib ki, hər il yanvarın 25-də Hindistanın Milli Turizm Günü qeyd olunur: “Bugünkü tədbir Hindistanın sabah qeyd ediləcək Respublika Gününün 73-cü ildönümü çərçivəsində təşkil olunub. Qeyd edim ki, bununla bağlı yanvarın 28-də Hind xəstəxanasında qanvermə aksiyası keçiriləcək və sizi də qanverməyə dəvət edirəm”.
Daha sonra səfir Hindistanın turizm imkanlarından və qonaqpərvərliyindən söz açıb: “Hindistanın turizm sahəsi zəngin mədəni irsə malikdir. Turizm sənayesi ölkə iqtisadiyyatının önəmli sektorudur. Hindistanda turizm sənayesi ümumdaxili məhsulun 7 faizini təşkil edir. Qeyd edim ki 2019-cu ildə Hindistandan Azərbaycana 70 mindən çox turist gəlib. Azərbaycandan Hindistana isə gedənlərin sayı çox azdır. Bunun əsas səbəbi isə informasiya çatışmazlığıdır. Belə tədbirlərin təşkili həm də Azərbaycandan Hindistana turist axınını təşviq etməkdir”.
Tədbirə videoformatda qoşulan Hindistanın Tur Operatorları Assosiyasiyasının prezidenti Rajiv Mehra təqdimatla çıxış edib. O, Hindistan haqqında məlumat verib və ölkəsinin turizm sənayesindən bəhs edib: “Ölkədə məşğulluğun təmin olunmasında turizmin rolu böyükdür. 2019-cu ildə 17,9 milyondan çox turist Hindistana səfər edib. Bu sahə həm özəl, həm də dövlət tərəfindən təşviq olunur”.
Daha sonra o, Hindistanın turizm sənayesinin makro və mikro aspektlərini nəzərə çatdırıb, turistlərin daha çox baş çəkdiyi yerlərdən və ölkənin məşhur şəhərlərindən danışıb.
Digər xəbərlər