Saytımızı qiymətləndirin


 
 

Yerevan Ermənistan-Türkiyə sərhədini tanıyır - Paşinyan
Tarix: 25-01-2022 | Saat: 08:45
Bölmə:Karusel / Region | çapa göndər

Yerevan Ermənistan-Türkiyə sərhədini tanıyır - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 24-də keçirdiyi onlayn mətbuat konfransında deyib ki, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə komissiya mümkün qədər tez yaradılmalıdır.

Ermənistanın Azərbaycana delimitasiya prosesinin işə salınması üçün hansı təklifləri verdiyi barədə suala cavab verərkən Paşinyan bu təklif barədə hələ Brüssel danışıqları zamanı Azərbaycan prezidenti İlham Əliyevə məlumat verdiyini deyib. Baş nazirin sözlərinə görə təklif bilavasitə delimitasiya barədə yox, sərhəddə təhlükəsizlik tədbirləri barədədir:

“Qlobal mənada burda heç bir sirr yoxdur. Bu o təkliflərdir ki, mən bu barədə hələ may ayında demişdim. Yəni qoşunların sərhəddən simmetrik geri çəkilməsi barədə”.

Paşinyan bunu belə əsaslandırıb ki, Soçidə qəbil edilmiş üçtərəfli bəyanatda ikitərəfli komissiyanın yaradılması üçün Azərbaycan-Ermənistan sərhədində stabillik və təhlükəsizliyin səviyyəsinin artırılmasından söhbət gedir. Nikol Paşinyan bildirib ki, erməni tərəfi yalnız Ermənistanın marağını əks etdirən sənəd hazırlamağa çalışmayıb:

“Hazırda müzakirələr davam edir və biz işçi müzakirələrə mane olmamaq üçün bir çox detalları açmaq istəmirik. Biz hesab edirik ki, delimitasiya və demarkasiya üzrə komissiya mümkün qədər tez yaradılmaldır. Bu çox vacibdir. Nə qədər tez olsa bir o qədər yaxşı olar”.

Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu xəttinin işə salınması barədə danışarkən Paşinyan deyib ki, söhbət 205 milyon dollar investisiya qoyulmasından gedir və bu, Ermənistan üçün böyük məbləğ deyil: “Yəni burda maliyyə problemi olmayacaq. Biz praktikada razılığa gəlmişik. Bu razılaşmanı kağız üzərində təsdiq etdikdən sonra bu dəmir yolunun tikintisinə hazırlıq başlayacaq”.

Ermənistanın Türkiyədə keçiriləcək diplomatik foruma qatılıb-qatılmayacağı barədə suala cavab verərkən Paşinyan deyib ki, ölkəsinin bu forumda iştirak etməsinin ehtimalı böyükdür, amma son qərar həmin vaxt mövcud olacaq vəziyyət əsasında qəbul ediləcək.

“Erməni soyqırımının” tanınması məsələsi barədə suala cavab verərkən Paşinyan deyib ki, bu barədə mövqeyini hökumət proqramında bildirib. Nikol Paşinyan “Hay dat” – “Erməni məsələsi” ilə bağlı suala da cavab verib.

Baş nazirdən Ermənistanın Türkiyə ilə Qars müqaviləsi əsasında çəkilmiş sərhədini tanımağa hazır olub-olmadığını da soruşublar. O deyib ki, Ermənistan heç vaxt “Hay dat” siyasəti yürütməyib:

“Bundan başqa 2005-ci ildə Robert Koçaryan demişdi ki, Ermənistanın Türkiyəyə heç bir ərazi iddiaları yoxdur. Əslində elə Serj Sarkisyan da bu bəyanata əsaslanmışdı. Yəni “Hay dat” heç vaxt Ermənistanın siyasəti olmayıb. Ermənistan heç vaxt Ermənistan-Türkiyə sərhədini şübhə altına almayıb. Siz bircə erməni lider və ya hökumət də tapa bilməzsiniz ki, Ermənistan-Türkiyə sərhədini şübhə altında qoysun. Biz də bu siyasətdən imtina etməyəcəyik”.

Paşinyan əlavə edib ki, Erməni soyqırımının tanınması prosesinin hərəkətverici qüvvəsi həmişə diaspora və diaspora təşkilatları olub.

 



Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər