Tarix: 14-01-2022 | Saat: 20:25
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Azərbaycan idmanında “gənc nəsil” anlayışı yoxdur”
Ekspertlər yeni nazirin 4 aylıq fəaliyyətinə qiymət verib əsas problemləri sadaladılar
Prezident İlham Əliyev 2021-ci il sentyabrın 7-də Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. O, son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisinin geniş vüsət aldığını, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Vəzifəyə yeni təyin olunmuş nazirə tapşırılıb ki, həmin idman-olimpiya komplekslərinin fəaliyyəti ciddi təftiş edilməli, oradakı məşq prosesinin hansı səviyyədə olması, uşaqlar, yeniyetmələrin idman bölmələrinə gəlib-gəlmədiyi, idmanla məşğul olmaq üçün oradakı mövcud şərait araşdırılsın. Dövlət başçısının sözlərinə görə, qeyd edilən infrastruktur, idman-olimpiya kompleksləri o məqsədlə yaradılıb ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin. Nazir Fərid Qayıbov Prezidentin verdiyi tapşırıqlar və tövsiyələrin onun üçün aydın olduğunu, elə dərhal bu istiqamətdə işləməyə başlayacağını vurğulayıb. Söz verib ki, etimadı doğrultmaq üçün əlindən gələni edəcək.
Maraqlıdır, keçən ilin sentyabr ayından indiyə qədər ötən vaxt ərzində Gənclər və idman nazirliyi Azərbaycan Prezidentinin tapşırıqlarını yerinə yetiribmi? Hazırda nazir Fərid Qayıbov qarşısında dayanan başlıca vəzifə nədən ibarətdir? Bu istiqamətdə hansı işlər görülüb? Konkret nəticələr əldə edilibmi?
Qarabaginfo.az bildirib ki, Yenisabah.az mövzu ilə bağlı ekspertlərin, idman yazarlarının mövqeyini öyrənib.
Futbolsevərlərin ən yaralı yeri
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov Gəncəni təmsil edən deputat olaraq, nazir Fərid Qayıbovun qərb regionuna olan diqqətindən söhbət açıb. O, nazirin bir neçə gün öncə 4 aylıq fəaliyyət dövrünün hesabatını açıqladığını bildirib. Qeyd edib ki, bu müddət ərzində kiçik zamana müəyyən uğurlar sığdırılıb: “Gördüyüm qədərilə nazirin şimal-qərb bölgəsinə olan səfərləri həqiqətən gözləntiləri doğrultmağına işarədir. Lakin mən nazirin qərb regionuna səfərini gözləyirəm. Gəncə şəhərində böyük İdman Sarayı və 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi tikilir. Düşünürəm ki, nazirimizin tikinti işləri ilə tanış olmağında fayda var. Həmçinin, şəhərimizdə olan Olimpiya İdman Kompleksinin vəziyyəti heç də ürəkaçan durumda deyil. Mənim bu məsələni qaldırmaqda məqsədim odur ki, qərb regionunda olan idman qurğularına və gənclər evinə ziyarətin olunması, müəyyən çatışmayan cəhətlərin aradan qaldırılmasına kömək etmiş olar. Eyni zamanda bütün Gəncə futbolsevərlərinin ən yaralı yeri olan mərkəzi şəhər stadionunun durumunu cənab nazirin görməsini və nazirliyin balansında olan arena ilə bağlı lazımi göstərişlərini verməsini arzu edərdim. Çünki ölkənin ən köklü klublarından olan “Kəpəz” ev oyunlarını məhz bu stadionda keçirir və premyerliqada olarkən əksər regionlarda, hətta Bakıda qarşılaşmalara gəlməyən qədər fanat bu idman qurğusuna toplaşaraq komandalarına dəstək olurlar”.
Rayonlardan olan peşəkar idmançıların sayı çox azdır
Millət vəkili deyib ki, Azərbaycanda idmanın inkişafı, onun bütün ölkə boyunca kütləviliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır: “Hazırda Bakıda və bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksləri tikilib, istifadəyə verilib. Bu, idmanın inkişafı prosesində əsas bünövrələrdən biridir. Eyni zamanda, idmançıların stimullaşdırılması məsələsi daim diqqət mərkəzindədir. Nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanın bayrağını ucaldan idmançıların dövlət tərəfindən təltif olunması, onların məişət vəziyyətinin yaxşılaşdırılması və ictimai həyatda layiqli yer tutması üçün mühüm addımlar atılır. Lakin rayonlardan olan peşəkar idmançılarımızın sayı barmaqla göstəriləcək qədər azdır. Bu çərçivədə qərb regionuna olan diqqət xüsusilə artırılmalıdır. İdman kompleksləri görüntü üçün deyil, gənclərin istifadəsi üçün tikilib və onların da ixtiyarına verilməlidir. Bütün bunları nəzərə alaraq cənab nazirdən gözləntim böyükdür”.
Çempionlar kəndlərdədir
İdman eksperti Natiq Muxtarlı Azərbaycanın idman infrastrukturunda yaranmış problemin əsas səbəblərini açıqlayıb. O, bizimlə söhbətində vurğulayıb ki, bu səbəblərin ən başlıcası qeyri-peşəkar idarəetmədir: “Dövlət idman sferasına kifayət qədər vəsait ayırıb. Ölkənin bütün bölgələrində idman kompleksləri tikilib. Amma bu idman kompleksləri təyinatı üzrə fəaliyyət göstərməyib. Əslində rayon mərkəzlərində idman kompleksləri tikiləndən sonra proses kənd və qəsəbələri əhatə etməli idi. Çünki çempionlar kəndlərdədir. Amma təəssüf ki, bu proses getmədi. Hətta rayon mərkəzlərində tikilən komplekslər də idmanın inkişafına heç bir töhfə vermədi. Bunun da əsas səbəbi qeyri-peşəkar idarəçilik, naşı kadr seçimi idi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, belə idarəçilik nəticəsində idman sferasında nəsillər arasında əlaqə itdi. Əsas üstünlük hazır idmançılara – legionerlərin milliləşdirilməsinə verildi. Yerli idmançıların yetişdirilməsi kimsənin yadına düşmədi. Və birdən məlum oldu ki, Azərbaycan idmanında “gənc nəsil” anlayışı yoxdur”.
Nazirin qarşısına ciddi tapşırıqlar qoyulub
Ekspert deyib ki, yeni nazirin qarşısına ciddi tapşırıqlar qoyulub: “Sözün düzü, bu tapşırığı Bakıda rahat kresloda oturmaqla yerinə yetirmək mümkün olmayacaq. Bunun üçün rayonları, kənd və qəsəbələri bir-bir gəzməlidir nazir. Oralarda infrastruktur problemləri ilə özü şəxsən maraqlanmalıdır. Çünki infrastruktur olmasa, idmançı yetişdirmək mümkün olmayacaq. Ancaq hələ ki, Fərid Qayıbov özünə yeni komanda formalaşdırmaqla məşğuldur. Bu komanda ilə bölgələri gəzib, problemləri müəyyənləşdirib idmanın inkişaf strategiyasını cızmaq mümkün olacaqmı? Yəqin ki, yeni nazir Prezidentin verdiyi tapşırıqların məsuliyyətini yaxşı başa düşür və inanır ki, komandası bunu bacaracaq. O inanırsa, biz də “uğurlar” deyib, bir qədər gözləyək”.
Dəyişikliklər mütləq olacaq
Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Qabil Mehdiyev cənab Fərid Qayıbovun nazir təyin olunmasından indiyə qədər cəmi 4 ay vaxt keçdiyini diqqətə çatdıraraq, konkret nəticəyə nail olmaq üçün bu müddətin az olduğunu söyləyib. Bildirib ki, nazir indiyə qədər müxtəlif bölgələrdə olub, əksəriyyət idman-olimpiya komplekslərinə baxış keçirib, oradakı şəraitlə, problemlərlə maraqlanıb, müvafiq dəyişikliklərlə əlaqədar işlərə start verib: “Yaxın zamanda ümumi proses, görülən işlər barədə ictimaiyyət ətraflı məlumatlandırılacaq. İşin nəticəsi hər kəsə bəlli olacaq. Hamı biləcək ki, idman-olimpiya komplekslərinin idarəçiliyində hansı yeniliklər olacaq. Bu obyektlərin səmərəli istifadəsi üçün atılacaq addımlar da açıqlanacaq. Hazırda isə bununla bağlı iş gedir. Cənab nazirin əsas fikri bundan ibarətdir ki, dövlət mövcud idman-olimpiya komplekslərinin tikilməsinə böyük xərc çəkib. Bu obyektlərdən mütləq şəkildə səmərəli istifadə olunmalı, yeni nəsil idmançıların yetişməsi ilə müşayiət olunan uğurlu nəticə ortaya qoyulmalıdır. Yəni, oradakı bütün zallardan yararlanmaq gərəkdir. Hansısa idman qurğusu istifadəsiz qalmalı deyil. Bu barədə nazirin öz ideyaları, səmərəli təklifləri var. İdman-olimpiya komplekslərinin əməkdaşlarının da iştirakı ilə bu istiqamətdə müzakirələr aparılır, çıxış yolları axtarılır. Dəyişikliklər mütləq olacaq”.
Digər xəbərlər