Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan idmanında yeni era: “Bu tapşırığı Bakıda rahat kresloda oturmaqla yerinə yetirmək mümkün olmayacaq”
Azərbaycan idmanında yeni era: “Bu tapşırığı Bakıda rahat kresloda oturmaqla yerinə yetirmək mümkün olmayacaq”14-01-2022, 20:25. Yazar: Admin |
“Azərbaycan idmanında “gənc nəsil” anlayışı yoxdur” Ekspertlər yeni nazirin 4 aylıq fəaliyyətinə qiymət verib əsas problemləri sadaladılar
Maraqlıdır, keçən ilin sentyabr ayından indiyə qədər ötən vaxt ərzində Gənclər və idman nazirliyi Azərbaycan Prezidentinin tapşırıqlarını yerinə yetiribmi? Hazırda nazir Fərid Qayıbov qarşısında dayanan başlıca vəzifə nədən ibarətdir? Bu istiqamətdə hansı işlər görülüb? Konkret nəticələr əldə edilibmi? Qarabaginfo.az bildirib ki, Yenisabah.az mövzu ilə bağlı ekspertlərin, idman yazarlarının mövqeyini öyrənib. Futbolsevərlərin ən yaralı yeri Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov Gəncəni təmsil edən deputat olaraq, nazir Fərid Qayıbovun qərb regionuna olan diqqətindən söhbət açıb. O, nazirin bir neçə gün öncə 4 aylıq fəaliyyət dövrünün hesabatını açıqladığını bildirib. Qeyd edib ki, bu müddət ərzində kiçik zamana müəyyən uğurlar sığdırılıb: “Gördüyüm qədərilə nazirin şimal-qərb bölgəsinə olan səfərləri həqiqətən gözləntiləri doğrultmağına işarədir. Lakin mən nazirin qərb regionuna səfərini gözləyirəm. Gəncə şəhərində böyük İdman Sarayı və 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi tikilir. Düşünürəm ki, nazirimizin tikinti işləri ilə tanış olmağında fayda var. Həmçinin, şəhərimizdə olan Olimpiya İdman Kompleksinin vəziyyəti heç də ürəkaçan durumda deyil. Mənim bu məsələni qaldırmaqda məqsədim odur ki, qərb regionunda olan idman qurğularına və gənclər evinə ziyarətin olunması, müəyyən çatışmayan cəhətlərin aradan qaldırılmasına kömək etmiş olar. Eyni zamanda bütün Gəncə futbolsevərlərinin ən yaralı yeri olan mərkəzi şəhər stadionunun durumunu cənab nazirin görməsini və nazirliyin balansında olan arena ilə bağlı lazımi göstərişlərini verməsini arzu edərdim. Çünki ölkənin ən köklü klublarından olan “Kəpəz” ev oyunlarını məhz bu stadionda keçirir və premyerliqada olarkən əksər regionlarda, hətta Bakıda qarşılaşmalara gəlməyən qədər fanat bu idman qurğusuna toplaşaraq komandalarına dəstək olurlar”. Rayonlardan olan peşəkar idmançıların sayı çox azdır Millət vəkili deyib ki, Azərbaycanda idmanın inkişafı, onun bütün ölkə boyunca kütləviliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır: “Hazırda Bakıda və bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksləri tikilib, istifadəyə verilib. Bu, idmanın inkişafı prosesində əsas bünövrələrdən biridir. Eyni zamanda, idmançıların stimullaşdırılması məsələsi daim diqqət mərkəzindədir. Nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanın bayrağını ucaldan idmançıların dövlət tərəfindən təltif olunması, onların məişət vəziyyətinin yaxşılaşdırılması və ictimai həyatda layiqli yer tutması üçün mühüm addımlar atılır. Lakin rayonlardan olan peşəkar idmançılarımızın sayı barmaqla göstəriləcək qədər azdır. Bu çərçivədə qərb regionuna olan diqqət xüsusilə artırılmalıdır. İdman kompleksləri görüntü üçün deyil, gənclərin istifadəsi üçün tikilib və onların da ixtiyarına verilməlidir. Bütün bunları nəzərə alaraq cənab nazirdən gözləntim böyükdür”.
İdman eksperti Natiq Muxtarlı Azərbaycanın idman infrastrukturunda yaranmış problemin əsas səbəblərini açıqlayıb. O, bizimlə söhbətində vurğulayıb ki, bu səbəblərin ən başlıcası qeyri-peşəkar idarəetmədir: “Dövlət idman sferasına kifayət qədər vəsait ayırıb. Ölkənin bütün bölgələrində idman kompleksləri tikilib. Amma bu idman kompleksləri təyinatı üzrə fəaliyyət göstərməyib. Əslində rayon mərkəzlərində idman kompleksləri tikiləndən sonra proses kənd və qəsəbələri əhatə etməli idi. Çünki çempionlar kəndlərdədir. Amma təəssüf ki, bu proses getmədi. Hətta rayon mərkəzlərində tikilən komplekslər də idmanın inkişafına heç bir töhfə vermədi. Bunun da əsas səbəbi qeyri-peşəkar idarəçilik, naşı kadr seçimi idi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, belə idarəçilik nəticəsində idman sferasında nəsillər arasında əlaqə itdi. Əsas üstünlük hazır idmançılara – legionerlərin milliləşdirilməsinə verildi. Yerli idmançıların yetişdirilməsi kimsənin yadına düşmədi. Və birdən məlum oldu ki, Azərbaycan idmanında “gənc nəsil” anlayışı yoxdur”. Nazirin qarşısına ciddi tapşırıqlar qoyulub Ekspert deyib ki, yeni nazirin qarşısına ciddi tapşırıqlar qoyulub: “Sözün düzü, bu tapşırığı Bakıda rahat kresloda oturmaqla yerinə yetirmək mümkün olmayacaq. Bunun üçün rayonları, kənd və qəsəbələri bir-bir gəzməlidir nazir. Oralarda infrastruktur problemləri ilə özü şəxsən maraqlanmalıdır. Çünki infrastruktur olmasa, idmançı yetişdirmək mümkün olmayacaq. Ancaq hələ ki, Fərid Qayıbov özünə yeni komanda formalaşdırmaqla məşğuldur. Bu komanda ilə bölgələri gəzib, problemləri müəyyənləşdirib idmanın inkişaf strategiyasını cızmaq mümkün olacaqmı? Yəqin ki, yeni nazir Prezidentin verdiyi tapşırıqların məsuliyyətini yaxşı başa düşür və inanır ki, komandası bunu bacaracaq. O inanırsa, biz də “uğurlar” deyib, bir qədər gözləyək”. Dəyişikliklər mütləq olacaq
Geri dön |