Tarix: 06-01-2022 | Saat: 07:37
Bölmə:Karusel / Region | çapa göndər
Prezident İlham Əliyev 44 günlük savaşdakı qələbədən sonra münaqişənin artıq bitdiyini elan etdi və sülh sazişi bağlanması təklifini irəli sürdü.
Bu saziş təklifi nə məqsədlə verilib, dövlətin siyasəti necədir, hansı hədəflər var – bütün bunlar ayrı söhbətin mövzusudur. Ancaq maraqlıdır ki, Azərbaycanda bütün siyasi qurumlar da böyük həvəslə sülh sazişini dəstəkləyir. Niyə? Yəni biz hamımız bu qədər praqmatik olmuşuq? Heç utopik-idealistlərimiz yoxdur?
Ermənistanda hakimiyyət də daxil olmaqla, sülh sazişi təklifindən mümkün qədər yayınmağa çalışırlar. Köçəryan və Sərkisyanın timsalında isə buna qarşı qəti şəkildə etirazlar eşidilir, sülh bağlanmasının hazırda Ermənistanın maraqlarına uyğun olmadığı haqda fikirlər irəli sürülür.
Qəribə bir paradoksdur: 44 günlük savaşın qalibi kimdir? Niyə yalnız Azərbaycan sülhdən danışmalıdır?
Əlbəttə, 1988-ci ildən də deyil, 1923-cü ildən başlayan prosesi nəzərə aldıqda, Azərbaycan keçmiş Dağlıq Qarabağın əhəmiyyətli hissəsini ordunun nəzarətinə götürməyi bacarıb, ərazi bütövlüyü ilə bağlı digər məsələləri də sərhədlərin tanınması hesabına həll etmək istəyir. Bu, dövlətin hərbi-siyasi və strateji siyasəti!
Bəs, bizə nə gəlib?
Fərqli bir məsələ var axı: Ermənistan bu savaşda dünya birliyi tərəfindən tanınan hansı ərazisini itirib? Və yaxud əks sual: Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazilərinə nəzarəti tam bərpa edibmi?
Hələ də Xankəndi və ətrafındakı 4 rayona de-fakto nəzarəti bərpa edə bilməmişik; hələ də Qazaxın 7, Naxçıvanın 1 kəndi işğaldadır; hələ də Ermənistana müxtəlif illərdə “icarəyə verilən” otlaq sahələri geri qaytarılmayıb... Hakimiyyət öz konsepsiyasını ortaya qoyub: sərhədlərin tanınması ilə bu problemi çözüləcəyini elan edib.
Amma qısa zaman kəsimindən və 30 illik məğlubiyyət sindiromundan deyil, 103 illik zamandan baxaq: Bizim Qərbi Zəngəzur, Dərələyəz, Göyçə bölgələrimiz Azərbaycandan qoparılaraq, Ermənistana verilib və bunu Sovet imperiyası edib!
Ermənistanın sülh müqaviləsindən və ərazilərin tanınması ilə bağlı tərəddüdlərindən istifadə etməyimizin zəruriliyi ilə bağlı səsini qaldıran bir siyasi partiya görünmür; Azərbaycanın sülh müqaviləsi imzalamalı olmadığını, Zəngəzurdan Göyçəyə qədər əraziləri geri qaytarmaq üçün hərbi, siyasi və hüquqi addımlar atmalı olduğunu hökumətdən, dövlətdən tələb edən bir “radikal” ortada yoxdur; Azərbaycanın dövlətin praqmatik və real-geosiyasi platformasından kənara çıxan milli-idealist strateqləri sanki mövcud deyil!
Kənardan o təsəvvür yaranır ki, Azərbaycan bütövlükdə sülh tərəfdarıdır, Ermənistanda isə siyasilərin bir çoxu və əhali bundan narazıdır. Bu isə beynəlxalq aləmdə fərqli düşüncələrə səbəb olur, elə rəy yaradır ki, Azərbaycan milli hədəfinə “artıqlaması ilə” nail olduğu üçün xalq bütövlükdə sülh bağlanmasını istəyir, Ermənistanda isə “ərazi itkisi” baş verdiyindən, xalq inad edir!
Halbuki Ermənistan ərazisinin bir sm-inə də toxunulmayıb; halbuki Azərbaycan hələ ərazisini tam bərpa etməyib!
Konstitusiyamızda nə yazılıb? Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
AXC-nin ərazisi isə 114 min kv.km-ya yaxın idi və bunun tam 103 min kv.km-i mübahisəsiz olaraq Azərbaycan ərazisi kimi tanınırdı.
Konstitusiyanızdan çıxış edərək, mən Ermənistanla tarixi torpaqlarımızın mübahisələndirilməsini və Zəngəzur, Göyçə, Dərələyəz kimi ərazilərimizə iddiamızın hökumət qarşısında qaldırılmasını təklif edirəm.
Ermənistan hakimiyyəti, müxalifəti və xalqı, o cümlədən dünya ictimaiyyəti Azərbaycan hakimiyyətinin təklif etdiyi sülhə “naz etməyin” onlara nələrə başa gələcəyini anlamalıdır.
“Tarixi ədaləti bərpa etmək üçün Zəngəzura, Göyçəyə Ordumuz girməlidir”, yaxud “Partizan dəstəsi yaradacağıq” və s. bu tipli radikal bəyanatlar hanı?
Yaxud, 1920-ci il 11 yanvarda dünyanın 20 hegemon ölkəsi Xalq Cümhuriyyətini də, Ermənistanı da tanıyıb. Hansı sərhədlərlə? Hansı xəritələrlə?
O sərhədləri gündəmə gətirən bir müxalif varmı? Paris Konfransındakı hüquqi sənədləri ortaya qoyub, hüquqi dava açmaq üçün mübahisə yaradan niyə bir qurum olmamalıdır?
Ümumiyyətlə, daha çoxunu niyə istəməməliyik? Yoxsa ermənilər elə düşünür ki, Qarabağla hər şey bitdi?
Biz olmuşuq “sülh göyərçini”, “qaranquş”, ermənilər olub “şir”?..
(Axar.az)
Digər xəbərlər