Tarix: 05-01-2022 | Saat: 12:05
Bölmə:Karusel / Dünya | çapa göndər
Qazaxıstanda maye qazın qiymətinin artmasına görə yanvarın ilk günlərindən başlayan etiraz aksiyaları səngimir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin müxtəlif şəhərlərində icazəsiz aksiyaların keçirilməsi ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı xalqı daxili və xarici təxribatlara uymamağa çağırıb.
Qazaxıstanlı jurnalist Amangəldi Kurmetuly ölkəsində son vəziyyətlə bağlı Modern.az-a danışıb.
Onun sözlərinə görə, bəzi aksiya iştirakçıları təxribat xarakterli olaraq çıxış edirlər:
“Bir neçə gündür ki, Qazaxıstanda vətəndaşlar aksiyalar keçirir. Yanvarın əvvəlindən başlanan bu aksiyalar digər bölgələrə də təsir edib. Dünən gecə Almatıda gərginlik yüksək səviyyədə idi. Bizim əldə etdiyimiz məlumata görə, bəzi aksiya iştirakçıları təxribat xarakterli olaraq çıxış edirlər. Əslində hələ kimin təxribat törətmək istədiyindən əmin deyilik. Amma təxmin edirik ki, bu, Qərbə qaçmış olan siyasətçilərin işləri ola bilər. Dünən axşam polis, təcili yardım maşınları yandırıldı. Axşam, həmçinin, prezident televiziya vasitəsi ilə xalqa müraciət edərək, iki həftəlik fövqəladə vəziyyət elan etdi. Bu səhər təcili toplantı ilə prezident höküməti istefaya göndərdi. Hələ də gərginlik davam edir. Xalq ərzaq və qazın qiymətinin aşağı salınmasını istəyir”.
Jurnalist vəziyyətə nəzarət üçün internetin verilişinin dayandırıldığını bildirib:
“Media işini tənzimləmək üçün VPN-dən istifadə edir. Çünki internet üzərindən bu təxribatlar daha da böyüyür.
Bu vəziyyətə xarici medianın da qatqısı var. Rusiya mediasının təxribat törətdiyinin şahidi oluruq. Bir neçə sayt və teleqram kanalları xalqı təxribata səsləyir. Hətta bu aksiyanın səbəbi kimi Qərb ölkələrini günahlandırırlar. “Qazaxıstan istəsə, Rusiya yardım edə bilər” kimi xəbər başlıqları var. Bizə görə isə məsələ belə deyil. Xalq çoxdan hökümətin istefa verməsini istəyirdi. Buna beş ay əvvəldən başlanılıb. Xalq bəzi qurumların rüşvətxorluğundan artıq bezmişdi”.
Digər xəbərlər