Saytımızı qiymətləndirin


 
 

Qriqoryan Bakıya gəlir, Usubov İrəvana gedəcək? - Mühüm açıqlama
Tarix: 23-12-2021 | Saat: 12:39
Bölmə:Karusel / Region | çapa göndər

Qriqoryan Bakıya gəlir, Usubov İrəvana gedəcək? - Mühüm açıqlama

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “3+3” formatında növbəti görüşün Ankarada, daha sonra Bakıda keçiriləcəyini və ümumiyyətlə, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması çərçivəsində İrəvan təmsilçilərinin bu ölkə paytaxtlarına səfər etməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, eyni çərçivədə Türkiyə və Azərbaycan rəsmiləri də İrəvana təşrif gətirəcək. 

Azərbaycan tərəfi erməni nümayəndə heyətini, məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Bakıda qəbul etməyə hazırdırmı?

Öz növbəsində, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov İrəvana səfər edəcəkmi? 

“Armen Qriqoryanın səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Ermənistanın siyasi rəhbərliyi getdikcə postmüharibə dövrünün reallıqlarını daha düzgün dərk və təhlil etməyə başlayıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

“Əməkdaşlığın alternativi yoxdur. Bunun əksi qarşıdurma və müharibədir. Yeni müharibə isə Ermənistanın sonunun başlanğıcı ola bilər.

Armen Qriqoryanın səsləndirdiyi fikirlər artıq birbaşa təmasların, yəni erməni nümayəndə heyətinin Azərbaycana, Azərbaycan nümayəndə heyətinin isə Ermənistana gedişinin mümükünlüyünün etirafıdır.

Yeri gəlmişkən, noyabrın 26-da Soçidə baş tutan üçtərəfli görüşdə razılaşdırılmış üç məsələdən biri humanitar sahə ilə bağlıdır:

“Humanitar sahə, ilk növbədə, qarşılıqlı etimad mühitin formalaşdırılmasını özündə ehtiva edir. Qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün isə xalq diplomatiyası və birbaşa təmaslar çox önəmlidir. Artıq Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında kontaktlar yaradılıb, Azərbaycan və Ermənistanın hava məkanları qarşılıqlı şəkildə açılıb. Eyni zamanda, Ermənistan və Türkiyə arasında danışıqlar aparmaq üçün xüsusi elçilər təyin edilib və analoji addımın Azərbaycana münasibətdə də atılacağı istisna təşkil etmir”.

“Əməkdaşlıq mühitinin formalaşdırılmasının mühüm elementi olaraq qarşılıqlı səfərlərin baş tutması arzuolunandır. Nəticə etibarilə, bütün bunlar böyük sülh sazişinin imzalanması yolunda atılan və onu yaxınlaşdıran addımlardır.

Təsəvvür edin ki, bir-birinə münasibətdə heç bir etimad mühiti və inam yoxdur, heç bir səfərlər baş tutmur. Belə olan vəziyyətdə də sülhdən danışırsan. Təbii ki, bu, qeyri-mümkündür. Ona görə də, humanitar xarakterli addımları atılması, iki dövlətin bir-birinin ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının və suverenliyinin tanınmasına və sonda sülh sazişinin imzalanmasına gətirib çıxara bilər”, - deyə siyasətçi fikirlərini yekunlaşdırıb.



Xəbəri paylaş

1316 dəfə oxunub.

Digər xəbərlər