Tarix: 22-12-2021 | Saat: 08:36
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Müdafiə naziri və uzun illər xidmət edən hərbçi kimi bir məsələyə aydınlıq gətirmək istəyirəm. Döyüşlərin gedişində biz Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin hazırlıq səviyyəsinin aşağı olduğunun və çətin vəziyyətlərdə fərarilik etdiyinin şahidi olduq. Ancaq onu da etiraf etməliyik ki, Ermənistan ordusu bir çoxlarının düşündüyü qədər zəif və gücsüz deyildi. Onlar 30 il ərzində işğalda saxladıqları əraziləri mühəndis-istehkam baxımından tam möhkəmləndirə bilmişdilər. Ərazidə düşmənin kifayət qədər silah və hərbi texnikası var idi. Maraqlısı odur ki, iqtisadiyyatı zəif olan bir ölkə bu qədər silaha necə sahib ola bilmişdi?".
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.
Müdafiə naziri vurğulayıb ki, Ermənistan bu qədər silahı döyüşmək üçün əldə etmişdi və onlar cəbhənin əksər istiqamətlərində ciddi müqavimət göstərirdilər: “Onların böyük silah arsenalı, komanda-müşahidə və idarəetmə məntəqələri, qərargahları var idi. Həmin ərazilərdə salınmış müxtəlif təminat yolları, qurulmuş geniş hərbi infrastruktur uzunmüddətli döyüşün aparılmasına hesablanmışdı. Eyni zamanda ərazidəki strateji yüksəkliklərin təxminən 95 faizi onların nəzarətində idi.
Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər, o cümlədən erməni lobbisi və onların havadarları illər boyu böyük miqdarda maliyyə vəsaitini bu ərazilərdə keçirilə biləcək döyüş əməliyyatlarında ermənilərin üstünlüyə malik olmasına, oradakı separatçı rejimin, Ermənistan ordusunun və qanunsuz silahlı dəstələrin güclənməsinə, təminatına xərcləmişdi. Məhz bunun müqabilində erməni hərbi birləşmələri yetərincə müqavimət göstərmək imkanına malik idi. Sadəcə Azərbaycan Ordusunun qələbə əzmi, döyüş ruhu, peşəkarlığı, gücü və təchizatı qarşısında düşmən aciz idi.
Mən müdafiə naziri kimi bu prosesləri işıqlandıraraq tarixə çevirən yazarlara, jurnalistlərə və digər peşə sahiblərinə tövsiyə edərdim ki, Vətən müharibəsi barədə fikir yürüdəndə, rəy yazanda, münasibət bildirəndə mütləq bu amilləri nəzərə alsınlar. Bir daha xatırlatmaq istəyirəm ki, düşməndir deyə onun gücünü kiçiltmək, həddən ziyadə zəif göstərmək yanlışdır və ordumuzun misilsiz qəhrəmanlığına kölgə salmaqdır”.
Digər xəbərlər