Tarix: 20-12-2021 | Saat: 23:11
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, Təhsil eksperti Kamran Əsədov modern.az-a açıqlamasında bildirib ki, bir neçə rayon Təhsil şöbəsinin ləğv edilərək vahid mərkəzləşmiş Təhsil idarəsinə çevrilməsi olduqca müsbət addımdır.
K. Əsədov bildirib ki, rayon Təhsil şöbələrinin ləğv edilməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, eləcə də, təhsil sistemində hüquq və qanuni mənafelərin təmin edilməsi kimi məqsədlərə xidmət edəcək:
“Bu struktur islahatının çox böyük əhəmiyyəti olduğunu düşünürəm. Təhsil şöbələrinin ləğv edilməsi və regional təhsil idarələrinin yaradılması təhsildə inqilabi müsbət struktur islahatıdır. Yəni, əvvəllər hər rayonda bir Təhsil şöbəsi vardırsa, indi 4-5 rayon birləşir və Təhsil idarəsi yaranır. Bunun da çox böyük əhəmiyyəti var – təhsilə müstəqillik verilir. Digər tərəfdən də, müəllimlərin əmək haqları artırılır, idarəetmədə struktur dəyişikliyi gedir. Müəyyən ixtisarlar olur ki, bu da maliyyə baxımından faydalıdır. Təhsil idarələri mobil bir təşkilat olaraq formalaşacaq, ora təhsil sahəsində işləməyən vəzifəli şəxslərin müdaxiləsi sıradan çıxacaq. Məsələn, hansısa icra başçısı təhsil şöbəsini öz xidmətçisi hesab edir və hasar çəkilməsi və digər xərc çəkilən işləri ona tapşırır. Valideynlərdən və kimlərdənsə bunun üçün məbləğ toplanır və bu iş görülür. Daha belə olmayacaq. İndi təhsil idarələri birbaşa Təhsil Nazirliyindən təlimat, göstərişləri alıb yerinə yetirəcək”.
Onun sözlərinə görə, buna qədər rayon Təhsil şöbələri İcra Hakimiyyətlərinə tabe idilər və demək olar ki, müəyyən halda Təhsil Nazirliyi ilə bəzi məsələlərdə razılaşmırdılar:
“Amma artıq regional Təhsil idarələri yaradılıb. Bu Azərbaycan təhsilinə gələcəkdə bir sıra müsbət təsirini göstərəcək. Belə ki, artıq rayon Təhsil şöbələri vakant yerləri gizlədə bilməyəcəklər. Məktəblər və digər təhsil qurumlarında işə qəbul prosesində kənar müdaxilələr olmayacaq. Hesab edirəm ki, rayon Təhsil şöbələrinin ləğv edilməsilə ilk növbədə şəffaflıq təmin olunacaq. İşə qəbul prosesində daha çox gənclər qəbul oluna biləcək. Bu, məktəblərdə gizlədilən vakansiyaların aradan qalxmasına səbəb olacaq. Eyni zamanda, dərs bölgüləri ilə bağlı mövcud problemlər də aradan qalxacaq”.
Ekspert qeyd edib ki, rayon İcra Hakimiyyətləri artıq regional Təhsil idarəsinə müdaxilə edə bilməyəcəklər:
“Çünki burada bir neçə rayonun birləşmiş idarəçiliyi olduğuna görə, heç kim bu riski öz üzərinə götürməyəcək. Ümumilikdə, regional Təhsil idarələrinin yaradılması təhsil sistemində şəffafllığı təmin edəcək”.
Digər xəbərlər