Saytımızı qiymətləndirin


 
 

Eşşəkləri vəzifə kürsüsünə yaxın buraxmaq olmaz! – Şənbə günü hekayəsinin davamı
Tarix: 15-12-2021 | Saat: 22:24
Bölmə:Karusel / Yazar | çapa göndər

 

Eşşəkləri vəzifə kürsüsünə yaxın buraxmaq olmaz!

(Hekayə)

…Dostumla “Köhnə tramvay “kruqu”” deyilən yerdə görüşməli idik. Həmin yerə hamı elə desə də biz dostlar öz aramızda oranı zarafatla adətən “Hadisə yeri” adlandırırdıq. Əslində orada bizim üçün heç bir əlamətdar hadisə baş verməmişdi, ancaq biz elə-belə, məzə üçün o cür deyirdik. Məsələn, bir-birimizlə görüşmək üçün vədələşəndə: “Sənan, saat neçədə gələ bilərsən hadisə yerinə?” – deyə soruşurduq, yaxud “Umud, axşam saat altıda səni hadisə yerində gözləyirəm”. Ancaq “Hadisə yeri” deyiləndə hamımız bir qayda olaraq başa düşürdük ki, söhbət “Köhnə tramvay “kruqu”” deyilən yerdən gedir.

 

Mən “Hadisə yeri”nə çatanda vədələşdiyimiz vaxtdan bir on beş dəqiqə keçmişdi. Xasiyyətim idi. Çox vaxt görüşə gecikirdim. Buna bəraət qazandırmaq üçün yüz cürə bəhanə, hətta səbəb də uydura bilərdim, bilirdim də. Ancaq, fakt faktlığında qalırdı – mən adətən gecikirdim. Bu dəfə isə xoşbəxtlikdən, ya da bədbəxtlikdən, deyəsən gecikən deyil, birinci gələn mən idim. “Köhnə tramvay “kruqu””ndakı “Hadisə yeri”ndə bir qədər var-gəl edəndən sonra daha səbr edə bilməyib, telefonumu çıxardıb dostuma zəng elədim. Gec açdı:

– Can qardaş, bağışla məni. Bayaqdan başım necə qarışıbsa, macal eləyib sənə zəng vura bilməmişəm. Sən biləndə mənim gecikməyimin, hətta gəlməməyimin səbəbi nədir, dünyanı dağıdacaqsan ki, niyə sənə vaxtında xəbər verməmişəm, bilirəm, amma… Qısası, otur bir taksiyə, düz bizə! Pulunu mən verəcəyəm, – dostum arada nəfəsini dərmədən üyüdüb tökür, bunu bir tənbeh eləyib acığımı soyutmağıma belə imkan vermirdi.

– A kişi, bir dəqiqə dayan ey, – özümü güclə saxlayaraq nisbətən sakit səslə axır ki, sözünü kəsə bildim, – nə səbəb, nə taksi, nə zad? Mənim burda, hadisə yerində o yana-bu yana gedib-gəlməkdən qılçalarım qırılır, – bir az da üstünə qoydum, – sən yarım saatdır mənə heç nə demirsən, indi deyirsən ki, gəl bizə? Yaxşı, bəlkə mən sənə bir saatdan sonra zəng edəydim, onda da eyni sözləri deyəcəkdin? Deməli, mən heç sənin yadına da düşmürəm də. Hə? Dolamısan məni? – axırıncı cümlələri bir az kəskin dedim, özümdən xəbərsiz əsəbiləşmişdim deyəsən.

– Qadan alım, özündən çıxma, – şirin dilini işə salmağa başladı, – sən heç bilsən ki, bizə kim gəlib, orda dayanıb mənimlə telefonda çənə vurmazsan, uça-uça gələrsən.

– Kim gəlib? – marağımı boğa bilməyib, “kin-küdurət”i, “əsəbi-qəzəbi” bir andaca unudaraq tez soruşdum.

– Aha, – şaqqanaq çəkdi, – adın nədir, Daşdəmir, yumşalısan, yumşalı…

– Uzatma, bəy! – “qəmsəmol” Cəlalı yamsılayaraq sözünü kəsdim, – de görək kim gəlib?

– Muştuluq nə olacaq?

– Sənə bir yaxşı, bahalı araq alıb gətirəcəyəm.

– Ayıb olsun, bir araq nədir? O boyda kişi o boyda Moskvadan təşrif gətirib, özü də hələ heç kimlə görüşməmiş birinci bizim hamımızı görmək üçün bizə gəlib, sən də araqdan danışırsan… Özü də bir dənə…

– Rövşən gəlib? – tələsik və sevincək dillənərək sözünü kəsdim.

“Babat vuran” olmağına baxmayaraq öz aramızda zarafatla “Şeyx” dediyimiz Sənanın daha nə danışdığına o qədər də fikir vermədən, eləcə telefon qulağımda taksi dayanacağına tərəf götürüldüm.

“Optovoyları” keçəndə…

 

Bəli, hər şey elə buradan başladı. “Köhnə tramvay kruqu”ndan başlayıb üzü yuxarı qalxan uzun küçə boyunca yolun sağında və solunda yeddi-səkkiz müxtəlif təyinatlı iri topdansatış mağazaları vardı. Camaat arasında buraya “optovoylar” deyilirdi. Həmin mağazalardan aşağıda və yuxarıda da yolun hər iki tərəfi ilə çoxlu xırda-mırda dükanlar, çayxana və kafelər, müxtəlif məişət xidməti obyektləri sıralanmışdı. Dikdirin lap başında isə gözəl görünüşə malik, ətrafı yaşıllıq və gül-çiçək olan “Qızıl Zəfəran” restoranı qərar tutmuşdu. Hamı bilirdi ki, restoran və topdansatış mağazaları Mələkli rayonunun icra başçısına məxsusdur. Ətrafdakı digər dükan-mükanın da onun olduğunu söyləyirdilər. Topdansatış mağazalarını idarə edənlər və işlədənlər başçının qardaşları və qardaşı uşaqları idi. Digər obyektləri də onun qohum-əqrabası işlədirdi. “Qızıl Zəfəran” restoranı şəhərdə ən “bərkgedən” obyektlərdən biri hesab olunurdu. Buraya isə başçının hüquq-mühavizə sistemində yüksək vəzifə tutan oğlu nəzarət edirdi. Elə administartoru da başçının əvvəllər başçı olduğu rayonun indi təqaüddə olan keçmiş polis rəisi idi. Eşitmişdim ki, cənab başçı özü də tez-tez buraya gəlir, bütövlükdə şəxsi malikanəsi hesab etdiyi bu məhəllədəki obyektlərinə baş çəkir, təlimatlar verir və boş vaxtlarını da öz restoranında, yalnız özünə məxsus olan ən dəruni guşədə ən müxtəlif əyləncə növləri ilə, eyş-işrətlə, səmərəli keçirir. Restoran ondan aralandıqca daha da gözəl görünürdü. Rəngbərəng işıqlar içində alışıb yanırdı…

 

Hə, mən “optovoylar”ın tuşuna çathaçatda gombullardan biri sürətlə mağazadan çıxdı. Daha doğrusu çıxanda görmədim, sonradan başa düşdüm. O, mağazaların qarşısında və hətta səkinin üstündə belə qalaqlanmış malların arası ilə sürətlə keçib küçəyə çatanda… tərs kimi mən də məhz həmin anda həmin yerə çatdım və…

 

Yadımdan çıxdı deyim ki, başçının topdansatış mağazalarını işlədən qardaşları və onların oğlanlarının hamısı əsasən cüssəli olsa da, başçının özü kimi əndazədən artıq dərəcədə kök, zağarqarın, boynu yoğun, yekəbaş adamlar idi. Cavanlı-yaşlılı, demək olar ki, hamısının turp kimi qırmızı yanaqlarından bir topa ət sallanırdı. Ona görə də hamısı “Gombul” ləqəbi qazanmışdı və biz də öz aramızda söhbət edəndə hərdən “gombulların yanında” kimi ifadələr işlədirdik.

 

…Gözlənilməz toqquşma çox pis oldu. Danışmağı qurtarıb yeyin addımlarla gedə-gedə cibimə qoymağa hazırlaşdığım telefon əlimdən sürüşüb yerə dəydi, elə o andaca sıçrayıb asfaltın üstünə düşdü. Heç düşdüyü yerdə bir-iki dəfə dingildəməyə macal tapmamış sürətlə keçən maşınlardan biri onu, bir məşhur filmdə deyildiyi tək, böcək kimi tapdalayıb xurd-xəşil elədi. Əzilməsindən hədsiz dilxor olduğum telefonun çiliklərindən gözümü çəkib toqquşduğum “urus ayısı” boyda məxluqun kimliyini bilmək üçün başımı ona tərəf döndərmək istəyirdim ki, sol çiynimdən güclü bir zərbə dəydi. Vuran da elə həmin gombul məxluqun özü idi. Silkələnsəm də yıxılmadım, müvazinətimi saxlayıb bir-iki addım geri çəkildim. Amma deyəsən gombulun ürəyi soyumamışdı. Üstümə yeridi, qəfildən mənə bir təpik də ilişdirdi və biz tutaşdıq…

 

Əvvəlcə topdansatış mağazalarında işləyənlər, ardınca da yaxındakı obyektlərdən çıxanlar qancıq sürüsü kimi üstümə yüyürüşməyə və hürüşməyə başladılar. Kimisi guya məni vurmaq üçün qıcanır, kimisi guya mənə yazığı gəldiyi üçün başını bulayırdı. Bəzisi də sadəcə itələyib “yeri çıx get, ə, burdan, sən kimsən ki, gəlib burda Sərvət müəllimə ilişirsən” kimi duzsuz sözlər işlədirdi. Ancaq bu sürüdüən bircə nəfər belə maraqlanıb soruşmurdu ki, burada əslində nə olub, bizim aramızda nə baş verib?

 

“Sərvət müəllim” dedikləri – mənə təpik atan gombul, başçının qardaşı Dövlət müəllimin böyük oğlu idi. Ümumiyyətlə, onların əksəriyyətinin adı bir-birinə yaraşırdı və söyləyəndə də mütləq ardınca bir təhrif olunmuş “məllim” kəlməsi də işlədirdilər: Dövlət məllim, Sərvət məllim, Dəyanət məllim, Kəramət məllim… Biz dostlar da “Köhnə tramvay kruqu”nda – “Hadisə yeri”ndə görüşüb harasa gedəndə “optovoylar”ın yanından keçəndə qımışıb bir-birimizə işarə edərək “Dəhşət müəllim, Vəhşət müəllim, Rəzalət müəllim, Fəlakət müəllim…” deyib gülüşürdik. Başçıya isə adını çəkmədən, sadəcə “Məllim” deyirdilər: “Məllim zəng eləmişdi, dedi ki, bu axşam mal gələcək, heç kim heç hara getməsin!”, “Məllimin teloxraniteli zəng eləmişdi, dedi ki, Məllim axşam “…Zəfaran”a gələcək, hamı öz yerində olsun!”, “Bu axşam Məllimin yuxarıdan qonaqları olacaq, tapşırıb ki, gözdə-qulaqda olsunlar, ərazidə sakitlik olsun!”, “Bir axmaq polis işçisi götürüb Məllimin maşınının nömrəsi ilə eyni nömrə alıb maşınına, Məllim də nömrəsin tapıb zəng elədi ki, düdük, 39 dəqiqə vaxtın var, o nömrələrin ikisini də aç, tez gətir bura, 40 dəqiqə olsa, daha gəlmə, maşın özü hara lazımdı ora gedəcək!”, “Məllimin köməkçisi zəng eləmişdi, dedi ki, Məllim tapşırıb, haqq-hesabı gecikdirməsinlər!”…

 

…“Haqq-hesab” demişkən, topdansatış mağazalarından və digər obyektlərdən gələn pulu hər axşam başçının qardaşı böyük obyektin zirzəmi hissəsindəki xüsusi təmir edilmiş arxa otaqda qəbul edirdi. Yanında ayaqüstə dayanan gombullardan ikisi pulu sayır, pulgətirəni yola salandan sonra əsginaslara görə ayırır, dəstələyib yenidən sayır, çinləyib rezinləyir, sonra bağlama şəklində qablaşdırır, axırda isə onlardan biri iri bağlamaları kərpic kimi üçüncü gombula atır, o isə göydə tutub xüsusi karton yeşiklərə yerləşdirirdi. Bu, həftənin axırına kimi davam edirdi. Həftənin sonunda isə “Məllim” özü şəxsən “Qızıl Zəfəran”a təşrif buyurur, “dəruni otaq”da əyləşir və həftəlik “haqq-hesab”ı qəbul edirdi. Bu “dəruni otaq” başçının həm də qeyri-rəsmi qəbul və əlaltıları, qulbeçələri, buyruq qulları ilə hərdən görüş və yemək otağı idi. Yəni keyfinin kök vaxtlarında danışmaq, yaxud təzə tapşırıqlar vermək istədiyi ləbbeyk deyən adamlarını bura çağırıb onlarla həm görüşür, danışır, həm də şam edirdi.

 

– Qardaş, bir dəqiqə dayanın ey, bir dəqiqə dayanın, – üzümü üstümə gələn qudurğan dəstəyə tutdum, – əlli adam üstümə nəyə cumursunuz? Burda nə olub ki? Mən kimə nə eləmişəm? Dərəbəylikdir, bəyəm? Hə, nə olsun, təsadüfən toqquşduq. Ona heç nə olmayıb. Nə oldusa, mənə oldu. Əvvəla, bu boyda adama mən neyləyə bilərəm? İkincisi, mənim telefonum əlimdən düşdü asfalta, maşınlar çiliklədi. İçində nə qədər vacib nömrə var idi. Üçüncüsü də ki, mən onu vurmamışam, o məni vurub. Utanmadan mənə əl qaldırır, təpik atır… İndi də siz. Tutaq ki, mənə nəsə elədiniz. Sonra buna görə cavab verə biləcəksiniz?

 

Axırıncı sözlərim deyəsən xoşlarına gəldi. Gombullar xorla qəhqəhə çəkib gülməyə başladılar. Biri üzünü mənə tutub:

 

– Adın nədir, ə, sənin? – deyə şaqqanağına ara verib soruşdu.

 

– Adım Umuddur, – dedim.

 

– Umud, neyləyəcəksən ki, deyirsən buna cavab verə biləcəksiniz? – xor gülüşü bir az səngidi.

 

– Şikayət edəcəyəm, – əlüstü cavab verdim, başqa nə deyəydim?

 

– Kimə? – deyə yenə də yumurtar toyuq kimi qaqqıldaşan gənc gombullardan biri qolumdan tutub dartdı.

 

Birdən gözüm yoxuşun sonundakı təpəciyin üzərində qərar tutmuş əzəmətli binanın üstündə gah “yanıb-sönən”, gah da bərq vuran “Qızıl Zəfəran” sözlərinə sataşdı. Elə bil eyni vaxtda Allah da eynimə-nitqimə gətirdi:

 

– Məllimə! – deyə barmağımla restorana tərəf işarə edib qeyzlə cavab verdim.

 

Duruxdular. Yaranmış fürsətdən istifadə etmək istədim:

 

– Bu gün şənbə günüdür, özünün də gələn vaxtıdır. Bəlkə də artıq gəlib. İndi mən gedim deyim, siz də baxın, – deyib onlardan aralandım.

 

Arxadan mənimlə toqquşan gombulun səsi gəldi:

 

– Sən öl, sənin başına bir oyun açaram, sənə bir toy tutaram ki, adın da yadından çıxar. Dilini dinc qoy!

 

– Deyəsən doğrudan restorana gedir, – başqa bir gombul dedi.

 

– Qoy getsin, kimdir onu Məllimin yanına buraxan?! – o birisi cavab verdi.

 

– Guya lap gedib Məllimə desə nə olacaq? – yenə gülüşdülər.

 

– Zəng elə Fikrətə, denən ki, ora bir cındır gəlir. Məllimin yanına girmək istəyir. Buraxmasın içəri, desin ki, Məllim burda yoxdur. Özünü də qovsun.

 

“Cındır” sözü arxadan güllə kimi dəydi mənə. Elə bil kürəyim qızışdı, alışdı. Qeyri-ixtiyari sağ əlimi sol döşümə apardım. Beynim qanla doldu. Titrəməyə başladım. Dizlərim əsdi. Yerişimi itirməyə başladığımı hiss edib dayandım. Səntirləyib səkinin kənarındakı zeytun ağacından yapışdım. Bir-iki dəfə dərindən nəfəs aldım. Birtəhər fikrimi cəmləşdirdim. Özümü ələ alıb yerimdən tərpəndim. Getdikcə sakitləşməyə çalışaraq öz-özümə pıçıldadım:

 

– Yaxşı, gombul oğlu gombul, kimin cındır olduğunu mən sənə sübut edərəm…

 

Əslində mənim şikayət etmək, oliqarx icra başçısının restoranda qəbuluna getmək, gombullardan onların öz başçılarına giley-güzar eləmək fikrim yox idi. Mənim əsas məqsədim it ilxısından qurtulub tezliklə özümü Moskvadan gələn dostumuzun başına toplaşıb intizarla məni gözləyən dostlara çatdırmaq idi. Ona görə də bu işdə bir növ köməyimə çatmış, yəni o dar məqamda gözümə sataşmış “Qızıl Zəfəran” sözlərindən istifadə edərək vəziyyətdən çıxmağa çalışmışdım. Ancaq arxadan deyilən “cındır” sözü məni təbdən çıxartmış, telefonumun maşınların təkərinin altında qalıb tikə-tikə olmasından da, yekə gombulun mənə xaincəsinə əl qaldırıb, təpik atmasından da ağır təsir etmişdi və mən özümdən asılı olmayaraq bunun cəzasını vermək, əvəzini çıxmaq fikrinə düşmüşdüm.

 

Restoranın qarşısına çatanda yavaşıdım. Bir anlıq dönüb geri baxdım. Dükanların qabağında, sözün təkcə “Topdan…” hissəsinin oxunduğu işıqlı lövhənin altında bircə nəfər “növbətçi” gombul dayanıb baxışları ilə məni izləyirdi. Bu, məni bir az da hiddətləndirdi və dönüb girdim restorana.

 

Əvvəllər bu restoranın yerində işlək bir fəhlə yeməkxanası olmuşdu. Təpəciyin üstündə, sakit bir guşədə yaşıl və geniş həyəti olan sadə bir yeməkxana idi. Qiymətlər başqa yerlərdəkilərə nisbətən ucuz olduğuna görə müştərisi çox olardı. Yaxşı, rentabelli işlədiyinə görə son zamanlaradək dururdu. Ancaq, haqqında danışdığımız Mələkli rayonunun icra başçısı “Məllim” buralara yiyələnməyə başlayanda həmin yeməkxananı da texnikanın bıçağının qabağına verib uçurtmuş, yerində belə bir, özlərinin sözü ilə desək, “möhtəşəm” restoran-şadlıq evi tikdirmişdi. Həmin yeməkxanada ucuz nahar edə bilən insanlardan, orada çalışıb ailəsinə çörək pulu qazanan işçilərdən, yeməkxananın aşağı tərəfindəki yaşıl bağçada uşaqları oynaşan sakinlərdən nəinki bir kəlmə bu barədə soruşan olmamışdı, hətta Məllim həmin parkı da yeni restoranın ərazisinə qatıb yeyib-içməyə, şənlənməyə, keyfə gələnlərin bahalı avtomobilləri üçün dayanacağa çevirmişdi.

 

Mən əvvəllər köhnə fəhlə yeməkxanasında bir neçə dəfə nahar eləsəm də, bu restoranda heç vaxt olmamışdım. Ona görə də içəriyə doğru bir neçə addım atıb, bu ucu-bucağı görünməyən imarətdə hansı səmtə gedəcəyimi müəyyənləşdirmək, kimdənsə nə isə soruşmaq məqsədilə dayandım. Elə bu zaman arxadan iki nəfər qoluma girdi. Səksəndim. Sanki vahimələndim. Ancaq qoluma girənlərin gülməyi məni toxdatdı. Qanrılanda gördüm ki, bunlar mənim köhnə tanışlarım Xanağa ilə Allahyardı. Çox mehriban görüşdük. Elə sakitləşdim ki…

 

– Sən hara, bura hara, Umud müəllim? – deyə Xanağa üzünü mənə tutdu. – Səni belə yerlərdə görmək adama belə birtəhər gəlir, – gülə-gülə dedi.

 

– Məllimlə görüşmək istəyirəm, – özümü o yerə qoymayıb adi və sakit tərzdə cavab verdim.

 

Baxışdılar. Söhbətə Allahyar da qoşuldu:

 

– Özü çağırtdırıb? – bir anlıq nə cavab verəcəyimi düşündüyüm vaxt ağzımı açmağa macal tapmamış əlavə etdi: – Düzü, biz də onun görüşünə gəlmişik. Ancaq bizim gəlməyimizi özü tapşırıb. Bəs…

 

– Fikrət müəllim gəlir, – deyə özünü yığışdıran Xanağa onun sözünü kəsdi. Mənim də cavab verməkdən canım qurtardı, ancaq dərhal da Fikrətə nə deyəcəyim barədə düşünməyə başladım.

 

Bizə uca boylu, enlikürək, əzələli, qaraşın bir cavan yaxınlaşdı. Salamsız-kəlamsız:

 

– Bu da sizinlədir? – deyə sallama mismarına oxşayan barmağını mənə tuşladı.

 

– Bu bizim dostumuz Umud müəllimdir, – Xanağa tez cavab verdi. – Bizim hörmətli həmyerlilərimizdən, nüfuzlu ziyalı…

 

– Başqa adam gəlməmişdi ki, bura? – Fikrət onun sözünü kobudcasına kəsib soruşdu.

 

Bu sualın mənasını təkcə mən anlasam da üçümüz də birdən:

 

– Yox! – dedik.

 

– Yaxşı, keçin içəri, – Fikrət ətrafa bir də şübhəli nəzər salıb dedi. – Məllim dedi ki, beş-on dəqiqə çay içsinlər, yanında adamlar var, indi çıxacaqlar, onlar çıxan kimi sizi qəbul edəcək.

 

Sonra telefonunu çıxardıb bizdən aralandı.

 

Xanağa ilə Allahyar deyəsən burada çox olmuşdular. Labirintin hər yerinə bələd idilər. Onlar qabağa düşdülər, mən də onların arxasınca. Düzdür, gedirdim, ancaq artıq tərəddüd etməyə başlamışdım: “Bəlkə çıxım gedim buradan? Başçıya şikayət etməyin nə mənası var ki? Bu tərbiyəni cavan gombullara elə o özü verməyibmi?” Sonra da qəlbimdə ikinci hiss baş qaldırırdı: “Necə yəni? Bu qudurğanlar nə istəsələr edəcəklər? Nə vaxtadək? Onlar hansı hüquqla mənə əl qaldırırlar? Məni niyə belə təhqir edirlər?”

 

Mən bu fikirlərlə didişə-didişə qabaqda gedən tanışlarımın arxasınca getdim, dəhlizin sonundakı qapıdan səliqəli, yığcam salona keçib əyləşdik. Oturduğumuz yerdən bir qədər irəlidə üstü qızılı rənglə işlənmiş ağ qapını və həmin qapının sağındakı qapını göstərən yoldaşlarım him elədilər ki, “Məllimin kabineti oradır, bu biri də yemək-içmək otğıdır”. Beş dəqiqədən sonra bizə çay gətirdilər. Qarşıma qoyulan nəlbəkidəki armudu stəkanı astaca oynada-oynada gözümü ağ qapıya təzəcə zilləmişdim ki, Fikrət qızmış pələng kimi qarşımda peyda oldu. İri addımlarla üstümə gələndə məsələni anladım. Ağzımı açmağa macal tapmamış bağırdı:

 

– Optovoyda dava salan sənsən?

 

– Mən dava salmamışam, orda məni döyüb, təhqir ediblər, – ayağa qalxıb hikkə ilə cavab verdim.

 

– Bəs burda sənin nə itin azıb? – deyə Xanağa ilə Allahyarın təəccübdən dombalmış gözləri qarşısında yaxamdan yapışmaq istəyirmiş –kimi əlini irəli uzatdı.

 

– Gəlmişəm Məllimin özünə deyim hamısını, – bir addım geriyə çəkildim. – Əl-qolunu yığışdır, – dedim, – sən də deyəsən onların tayısan. Elə səndən də şikayət edəcəyəm Məllimə…

 

Elə bu anda qızılı işləməli ağ qapının açılması, Allah bilir nə fikirdə olan Fikrəti dayandırdı. Qapıdan çıxan iki nəfərin ardınca başçı da qapıda göründü. O biri oturanlar da ayağa qalxdılar. Fikrət cəld dəhlizə çıxış qapısını açdı, qonaqlar çıxan kimi o da onların ardınca getdi. Məllim gödək qollarını tamamlayan kök barmaqlarını güclə çarpazlayıb saxsı nehrəyə oxşayan qarnının üstünə qoyub təkəbbürlə bizə baxırdı. Mən də üzümü ona çevirdim: dolu bədənli, qırmızı sifət, boynu yoğun bir adam idi. Təkcə başını bədənindən aralayıb qapana qoymaq mümkün olsaydı, yəqin ki, axtalanmış cöngə başından ağır gələrdi. Başçının baxdığını görən Xanağa ilə Allahyar əzilib-büzülməyə, sınıqlanıb-tökülməyə, bir sözlə, yaltaqlığın, yaltaqlanmağın sözsüz-dilsiz bütün mümkün ifadələrini nümayiş etdirməyə başladılar. Başçı bizi çox gözlətmədi. Rəngsiz pomada çəkilmiş qadın dodaqları kimi parıldayan yağlı və qalın, topa dodağı tərpəndi:

 

– Siz bu otağa keçin, – əli ilə çıxdığı qızıl işləməli ağ qapıdan sonrakı oxşar qapını göstərdi. – Bəs bu kimdir? – gözünü məndən çəkmədən qonaqlarından soruşdu.

 

Qonaqlar – mənim tanışlarım əvvəlcə bir-birinin üzünə baxıb, hansının birinci cavab verəcəyini müəyyənləşdirməyə cəhd etdikləri vaxt dəhlizə çıxan qapı açıldı və Fikrət əlində telefon içəri girdi. Girən kimi də elə bil başçı ondan soruşurmuş kimi dedi:

 

– Kim olacaq, avaranın biri! Hər yoldan ötən özünü təpir bura. Gedib optovoylarda dava salıb, sonra da deyib ki, gedirəm sizdən Məllimə şikayət eləyəm. Allah bilir haranın… Axmağın…

 

– Özünüz eşidirsiniz də, – onun sözünü kəsib, üzümü başçıya tutdum. – Hər halda mən burada müvəqqəti qonağam, sizin mühavizəçinin davranışına baxın. O biriləri bundan da betərdilər. Qardaşınız oğlu mənə əl qaldırır, təpik atır, yanındakılar söyüb-təhqir edir, buradakı mühafizəçinizin də dediklərini özünüz eşidirsiniz…

 

– Ə, sən kimsən axı, gəlib Sərvət müəllimlə kəllələşirsən? – deyə Fikrət üstümə yerimək istəyəndə, başçı yoğun barmaqlı gombul əlini yuxarı qaldırdı.

 

– Saxla! – onun amiranə sözündən sonra Fikrət dayandı. – Sən get postuna, yox dayan, – sonra üzünü bizə tutdu: – Siz keçin içəri, – hamısı, demək olar ki, bir boyda olan yoğun barmaqlardan birini yenə də ikinci qapıya tuşladı.

 

Mən Xanağa ilə Allahyarı irəli buraxdım, onların ardınca asta-asta otağa keçib qapını çəkəndə başçının səsini eşitdim:

 

– Nə məsələdi?

 

Qapını örtməyimlə ardı eşidilməz oldu.

 

Masanın üstündə hər şey var idi: quş südü, can dərmanı. Baş tərəfdən kral taxtına bənzəyən bir kreslo qoyulmuşdu. Sağ və sol cinahlardan – hər tərəfdən üç olmaqla altı stul düzülmüşdü. Ayaq tərəfdən də biri qoyulmuşdu. Ehtimal etmək olardı ki, bizdən başqa da qonaqlar olacaq. Ancaq hələlik biz üç nəfərdən başqa içəridə heç kim yox idi.

 

Yanımdakı yoldaşlar oturmadılar deyə mən də ayaq üstə dayanıb otağı seyr etməyə başladım. Bəlkə də ömrümdə belə bahalı bəzəkli otaq görməmişdim. Gözüm başçının kreslosunun arxa tərəfində divardan asılmış nəhəng tabloya sataşdı və… ilişib orda da qaldı. Kətan üzərində yağlı boya ilə çəkilmiş əsərdə başı ağ çalmalı dağın döşündən ətəyinə tərəf yaşıllığa qərq olmuş bir cənnət guşəsinə bənzəyən kənd təsvir olunmuşdu. Elə bil kimsə bir ovuc ağ çaylaq daşını dağın döşünə atmışdı. Hər biri nərd oyununun zərlərinə oxşayan ev-fiqurlar sanki azacıq dığırlanıb müxtəlif yerlərdə bənd almışdı. Elə dayandıqları formada da sanki şəkilləri çəkilmişdi. Ağappaq zərlərin üzərindəki qapqara xallar qapı-pəncərə, aynabənd-şüşəbənd formasında idi. Hər zər-evin üstündə də üçbucaq zərfə bənzəyən qırmızı damlar görünürdü. Yaşıllığın ətəyində ana torpağın min bir nemət gizlənən bağrından qeyzlə fışqıran mineral suya bənzəyən gözəl bir çeşmə qaynayırdı. Çeşmənin gümüş kəmərə bənzəyən balaca arxı axıb “kənd”in günbatan tərəfindən qıvrılıb gedən çaya tökülürdü…

 

Mənzərəyə heyran olmuşdum. Şəklə bu qədər diqqətlə baxdığımı görən Allahyar arxadan dilləndi:

 

– Bilirsən bunu kim çəkib?

 

Çiynimi çəkdim:

 

– Birinci dəfədir görürəm…

 

– Xalq rəssamı Əzim Ərşadlının işidir, – Allahyar daha da həvəslə davam elədi.

 

– Çox gözəldir, – dedim. Əsərə hayıl-mayıl olmuşdum. – Doğrudan çox gözəldir, rəsmin gözəlliyi adamı lap vahiməyə salır, ürəyini titrədir.

 

–Çınqıllının şəklidir, Məllimgilin kəndinin, – Allahyarın deyəsən susmaq fikri yox idi.

 

– Başçının? – təəccübümü gizlədə bilməyərək soruşdum. “Doğrudanmı o belə şeyləri başa düşür, qiymətləndirə bilir, hətta sifariş də verir”, – deyə düşündüm.

 

–Hə-hə! – deyə Allahyar sualımı təsdiqlədi.

 

– Yəni demək istəyirsən ki, başçı özü sifariş verib bu rəsmi? Bu ki, şedevrdir!

 

– Yox, əşi, bunun ağlına hardan gələ bilər belə şey? – Allahyar gülümsədi. – Rəssam özü çəkib gətirib.

 

Sanki ürəyimdən bir sızıltı keçdi: “Dünyanın işinə bax, İlahi! Əzim Ərşadlı kimi bir sənətkar da bu böyük sənət əsərini pula görə gətirib bu danabaşa hədiyyə edib. Əslində bu tablonun yeri beynəlxalq sərgilər olmalı, dünyanın ən məşhur salonlarında nümayiş olunmalı idi”.

 

– …, – mızıldadım, – çox qiymətli hədiyyədir, – deyə pıçıldadım.

 

– Nə hədiyyəsi?! – bu dəfə sualsız pıçıltıma Xanağa cavab verdi. – Məllimin saqqızın oğurlaya bilib, babat pul alıb.

 

Yenə təəccübləndim:

 

– Ola bilməz!

 

– Düz yüz əlli göy sayıb Məllim ona…

 

– Nə danışırsan? On beş min? – heyrətlə soruşdum.

 

– Nədi ki, çox verib? – Xanağa əlüstü sualıma yəhudi üsulu ilə – sualla cavab verdi.

 

– Yox, belə bir tablo üçün on beş min dollar nədir ki! – mən dedim. – Başçının rəssama pul verməyinə təəccüblənirəm. On beş min dollar yox, lap min manat da versə təəccüb edərdim.

 

– Məllimin bir qohumu, – deyəsən, qızının qaynı oğludur, – İtaliyada oxuyur, – Allahyar dilləndi, – magistr təhsili alır, deyilənə görə o məsləhət görüb ki, alsın. Məllimə deyib ki, bu çox bahalı sənət əsəridir, alsan uduzmazsan. On beş minə alacaqsan, onca ildən sonra bunun qiyməti on dəfə qalxacaq.

 

– Deyirəm, axı, – özümdən asılı olmadan ağzımdan çıxdı, – yoxsa başçı nə bilir ki, zəfəran nədir! Ölkənin ən məşhur rəssamlarından birinin çəkdiyi bu cür sənət əsərinə də alverçi gözü ilə baxırlar, gələn il bundan nə qədər pul qazanacaqlarını, ancaq şəxsi gəlirlərini düşünürlər… – Qəflətən gülmək məni tutdu. – Restoranın adını “…Zəfəran” qoymaqla deyil ki! – deyib, bu əhvalat başlayandan bəri ilk dəfə qəhqəhə çəkib güldüm.

 

– Sss, – Allahyar şəhadət barmağını dodağına yapışdırdı. – Sən neyləyirsən? – həyəcanla dedi.

 

Sanki keyfim açılmış, bayaqdan bəri olanları unutmuşdum. Hətta mənim ürəyimi yandıran, arxamca deyilən o təhqiramiz sözü də. Və birdən Moskvadan gələn dostum Rövşən də yadıma düşdü.

 

– Bilirsiniz, nə var? – dedim, – mən getdim, məni gözləyirlər. Moskvadan dostumuz gəlib…

 

– Yox, getmə, – Xanağa dedi, – Məllim indi gələcək, yaxşı düşməz…

 

– Nə yaxşı düşməz?! – onun sözünü kəsdim. – Mən heç əvvəldən bura gəlmək istəmirdim, bir təsadüf oldu. Nəysə… Mən getdim, sizə uğurlar və nuş olsun! – deyib qapıya tərəf addımladım.

 

Qarşıma keçib qolumdan tutmaq istəyən Allahyarın mənə tərəf uzanan qolu və mənim qapının dəstəyindən yapışmaq üçün uzanan əlim havada qaldı. Qapı elə bu andaca açıldı və gombulların böyüyü bütün eybəcər və beyöndəm fizionomiyası ilə qapıda göründü. Birinci mənə baxmağından başa düşdüm ki, Fikrət, yaxud da gombullardan hansısa başqa biri baş verən hadisənin təfərrüatını buna danışıb. Əvvəlcə yenə də sadəlövhcəsinə düşündüm ki, başçı törəmələrinin əvəzindən üzr istəyəcək. Ancaq gözlərinin dərinliyində qıvrılan hiyləgərliyə gözüm sataşanda yanıldığımı başa düşdüm. Doğrusu, nə edəcəyimi dəqiq kəsdirmədən qapıdan çıxmaq üçün başçının içəri girməyini gözləməyə başladım.

 

– Niyə keçib oturmursunuz? – baxışlarnı məndən çəkəndən sonra öz qonaqlarına yönəldən başçı guya heç nə olmayıbmış kimi soruşdu.

 

– Umud müəllim bu rəsmi çox bəyəndi, – deyə Allahyar yenə də əzilib-büzülməyə başladı, – çox xoşuna gəlib. Elə ondan danışırdıq. Bayaqdan gözünü çəkə bilmir.

 

– Qurbandı Umud müəllimə, – deyə gombul başçı üzünü mənə tutdu. – Səndən yaxşı oğlana qismət olmayacaq ki… Bir tikə çörək kəsək, gedəndə çıxardıb qoyarıq maşına apararsan. Xoşuna gəlir, qoy sənin olsun.

 

Üçümüz də donub qalmışdıq. Qulaqlarıma inana bilmirdim, düşünürdüm ki, bu cür ürəyin sahibi haqqında gör indiyədək nələr fikirləşmişəm? Xanağa ilə Allahyarın isə baxışlarından və üzlərindəki ifadədən böyük bir peşimanlıq oxunurdu: niyə ona?!

 

Özümü yığışdırıb dedim:

 

– Mən bu cür bahalı hədiyyəni heç vaxt, heç kimdən qəbul etmərəm. Satın almağa isə ömrümün axırınadək pulum çatmaz. Sağlığınıza qismət. Qoyun elə burada qalsın. Bir də ki, dedilər, müəllif onu sizə bağışlayıb, hədiyyəni də başqasına hədiyyə etməzlər, – bilmirəm burasını niyə belə dedim, yəqin başçının rəssama yaxşı pul verdiyinə hələ də inanmamışdım.

 

–Ha-ha-ha! – başçı qəhqəhə çəkdi. – Nə hədiyyə, a kişi, o rəssamın g..ü nə gəzir bu cür şeyi bağışlaya! Onu mənə sırımaq üçün, məndən pul qopartmaq üçün çəkib gətirmişdi. Öz uşaqlarımız mənə üz vurdular, sözlərini yerə salmadım. Yoxsa bir şəklə 15 min dolları kim verər?

 

– Axı deyirlər kəndinizin – Çınqıllının şəklidir, – bir az təəccüblə dedim, – hər halda Çınqıllı da məşhur kənddir.

 

– Ə, nə olsun, mənə Çınqıllı lazımdır? – Məllim irişdi.

 

Fikrim yenə dəyişdi.

 

– Yaxşı, mən gedim, bağışlayın, sizi narahat elədim, – deyib qapıya yönəldim.

 

– Dayan görək, – başçı dedi, – səni kimdi buraxan? Dedim axı, bizimlə bir qismət çörək kəsməsən heç hara getməyəcəksən.

 

Sonra qolumdan tutub öz “kral kreslosu”nun sol tərəfində iri masanın arxasında, demək olar ki, zorla oturtdu.

 

– Siz də keçin bura, – deyə Xanağagilə də mənimlə üzbəüz yeri göstərdi.

 

Sonra keçib “kral kreslosu”nda oturdu. Əlini harasa uzatdı. Bir neçə saniyədən sonra qapı açıldı. Gələn adama üzünü tutub:

 

– Gətirin, – dedi.

 

Telefonunu çıxardıb, hansısa nömrəni yığıb qulağına yaxınlaşdırdı. Qısa pauzadan sonra:

 

– Dövlət, Qisməti də götür, gəlin bura, qonağımız var, – deyib telefonu masanın üstünə atdı.

 

O, telefonla danışdığı vaxt yavaşca Allahyara tərəf əyilib telefonunu aldım. Xoşbəxtlikdən dostum Sənanın telefon nömrəsi əzbər bildiyim cəmi bir neçə nömrədən biri idi. Yığdım və pıçıltı ilə dedim: “Bağışla, bərkdən danışa bilmirəm. Başqa yerdəyəm, xahiş edirəm, üzrlü sayın. Çalışacam tez çıxım. Rövşənə de məni gözləsin, mən gəlincə dağılışmayın”. Telefonu Allahyara qaytaranda başçının mənə diqqətlə baxdığını görüb gülümsədim:

 

– Bayaq orda… telefonum yola düşdü… qaldı maşınların altında…

 

Başçı mənə cavab verməmiş qapı açıldı və ofisiantlar süfrəyə isti yemək daşımağa başladılar: kabablar, saciçi, basdırma, balıq qızartması… Süfrə dolub-daşırdı. Bu süfrəni arxasında adam olmayan masanın üstündə kim görsəydi, düşünərdi ki, indi burada aşağısı müsəlmanın sünnət toyu başlayacaq. “Bu qədər yeməyi haralarına yeyir bunlar?” – gözümün qabağından çadır düşərgələrində acından, soyuqdan sitildəyən adamlar gəlib keçdi… Yemək gətirən ofisiantlar çıxandan az sonra içəriyə iki nəfər girdi. Başçıdan cüssəli idilər, ancaq elə bil “fırt” eləyib onun burnundan düşmüşdülər: kök, zağarqarın, boynuyoğun, yekə baş…

 

– Biriniz burdan, biriniz də ordan oturun, – deyə başçı əvvəlcə mənim sol tərəfimdəki oturacağı, sonra isə üzbəüz stulu göstərdi. – Bunlar mənim qardaşlarımdır, tanış ol, – mənə baxdı, – Dövlət və Qismət. Ayə, niyə araq tökmürsünüz? – üzünü Xanağaya tutdu. – Xanağa ilə Allahyarı tanıyırsınız, bu da onların dostu, mənim də təzə dostum Umud müəllimdir, – deyərək mənə işarə edib baxışlarını qardaşlarına çevirdi.

 

Yalnız indi fikir verdim ki, Dövlət deyə müraciət etdiyi qardaşı çox kök olsa da, həm də çox uca boyludur. Hətta o qədər ki, elə bil orta boylu bir adam masanın arxasında ayaq üstə durub.

Məclis qızışdı. Başçı hamı ilə zarafatlaşır, deyib-gülür, lağ-lağı edir, tez-tez “Ayə, süz!” – deyib Xanağaya baxırdı.

 

Xanağa növbəti qədəhləri dolduran kimi başçı öz qədəhini götürüb, üzünü mənə tutdu:

 

– Müəllim… ııı… adın yadımdan çıxdı…

 

– Umud, – deyə tez dilləndim.

 

–Hə-hə, Umud… Hörmətli Umud müəllim! Bizim bu kasıb komamıza… ha-ha-ha, – qəfildən qəhqəhə çəkib güldü, – xoş gəlmisən. Nətəri deyərlər, su ki, girdi qaba, oldu içməli. Bu gündən sən də oldun bizim dostumuz. Nətəri ki, Xanağa, Allahyar, heylə də sən. O uşaqların hərəkətini də unut getsin. Sən ziyalısan, onlar alverçi. Bax, Dövlət qardaşımdı, amma sən ondan yuxarıda oturmusan. Bilmək olmaz, bəlkə elə onun kimi də hörmət qazanacaqsan! Odur ki, bir daş altda, bir daş üstdə. Bu badələri içirik şəxsən sənin sağlığına. Sağ ol!

 

Hamı son damlayacan gillədib qədəhi qoydu yerə. Bircə mən əlimdə qədəh yenə də karıxıb qalmışdım. Başçının nitqində hansısa notları hiss etsəm də məni doğrudan da lağa qoyduğuna inanmaq istəmirdim. Beynim mənə pis yerdə axşamladığımı xatırlatmağa çalışsa da, ürəyim xeyirxahlıq edərək bu sözləri gombul qohumlarının hərəkətlərinə görə başçının üzrxahlığı kimi qəbul etməyə meyllənirdi sanki.

 

– Vur getsin, çox da fikir eləmə, – sağ qulağım tərəfdən onun səsi gəldi, – tapşıracam sənə bir yaxşı telefon alıb versinlər, o təzələrdən… Hələ… bayaq dedim də… bunu da sənə bağışlacam, – əlini başının üstündəki rəsmə tərəf uzatdığını hiss elədim, gözümün ucu ilə sezdim də.

 

– Çox sağ olun, mən sizə minnətdaram, – deyib qədəhi onlar kimi başıma çəkib qoydum masanın üstünə.

 

Bir neçə dəqiqə keçmiş başçının “Ə, süz!” nidasından sonra qədəhlər yenə silələndi və başçı öz qədəhini götürüb dedi:

 

– İndi də sözü veririk əziz qonağımız Umud müəllimə!

 

Qədəhi götürüb qalxdım ayağa.

 

– Mən bu gün buraya, bu məclisə təsadüfən gəlib çıxmışam. Sizin məni də dostlarınız və qardaşlarınız kimi belə xoş sifətlə və böyük hörmətlə qarşılamağınız, süfrəyə dəvət etməyiniz qəlbimi riqqətə gətirdi. Çünki mən adicə bir müəlliməm və belə şeylərə adət etməmişəm. Çox sağ olun. Əlbəttə ki, hər xırda şeyin başına ip salmaq olmaz, sizinlə razıyam, olan oldu, keçən keçdi… şeytana lənət. Mən təklif edirəm bu badələrimizi də içək…

 

– Mən ölüm bir dəqiqə dayan, – başçı gülə-gülə sözümü kəsib dedi, – sən canın xətrinə dəyməsin, səndən bir söz soruşacam.

 

Təəccüblənsəm də üstünü vurmayıb sakitcə:

 

– Buyurun, – deyib gözümü onun ağzına zillədim.

 

Başçı çox böyük həvəslə “kral kreslosu”ndan irəliyə dartındı:

 

– Amma düzünü de, ha! Düzünü deməsən inciyərəm səndən.

 

– Əlbəttə, buyurun, – elə bil başqa söz tapa bilməyib, təkrar elədim.

 

– Heç eşşək sevmisən? Amma düzünü de!

 

…Elə bil ki, mənimlə üzbəüz dayanmış kimsə yer qazmaq üçün nəzərdə tutulan kürək boyda əli ilə qulağımın dibindən yekə, sanballı bir şapalaq ilişdirdi. Hətta mənə elə gəldi ki, yerimdə silkələndim də. Əlimdəki dolu qədəhdən deyəsən yerə çıldıradı da… Şapalağın ardınca qulağımda səs bombası partladı. Bu, zağarqarın başçının qəhqəhəsi idi:

 

– Ha-ha-ha, ha-ha-ha, ha-ha-ha…

 

Ani sükutdan sonra masa arxasında əyləşən qardaşları da ona qoşuldular, şaqqıltılı qəhqəhələr otağın divarlarında əks-səda verdi:

 

– Ha-ha-ha… Ha-ha-ha…

 

Xanağa ilə Allahyar isə deyəsən tərəddüd içində idilər. Onlar görünür mənim reaksiyamı gözləyirdilər və öz reaksiyaları da bundan asılı olacaqdı.

 

Başçı qəhqəhəsinə ara verdi:

 

– Tay niyə pərt olursan? Olma, burda nə var ki? Ha-ha-ha… Deyirəm yəni gəncliyində heç eşşəklə sevişdiyin olubmu? Ha-ha-ha…

 

Sağ əlimin qədəhi necə sıxdığını hiss elədim. Ayağımın birini götürüb o birini qoydum, yavaşca qədəhi sol əlimə keçirdim, sağ əlimi ehmalca böyrümə sildim, yenə də qədəhi soldan sağa keçirdim.

 

Başçı davam elədi:

 

– Bax, söz vermisən ha, düzünü deyəcəksən, ha-ha-ha…

 

Deyəsən başçının bayaqdan bəri mənə iltifat göstərməyinin, lütfkarlıqla süfrəyə dəvət etməyinin, bahalı hədiyyələr vəd etməyinin, mənə boğazdan yuxarı tərif vurmağının, sağlığıma tost deməyinin əsil səbəbini, bütün bunların nəyə hazırlıq olduğunu başa düşməyə başlayırdım.

 

– Bax, əgər düzünü desən, göstəriş verəcəm sənə bir təzə telefon alsınlar, özü də yaxşısından, lap bahalısından. Bu xoşuna gələn şəkli də bağışlayacam sənə, apar as evdə başının üstündən. Kəndlərin hamısı eyni cürdü də, nə fərqi var?.. Elə bilərsən öz kəndinizdir. Ha-ha-ha…

 

Artıq özümü ələ almış, sakitləşib özümə gəlmişdim. Sakitcə və aramla:

 

– Yox, Məllim, elə bir şey olmayıb, – dedim. – Nədi ki, niyə soruşursunuz bunu sağlıq dediyim yerdə?

 

– Doğrudan olmayıb? Yox, ola bilməz! Yüz faiz yəqin olub! Ha-ha-ha…

 

– Sizdə olub ki, belə inamla danışırsınız? – mümkün qədər təmkinimi qorumağa çalışaraq dedim.

 

Başçı belə sual gözləmədiyini dərhal büruzə versə də, özünü o yerə qoymadı:

 

– Əlbəttə, olub, – dedi, – niyə olmayıb ki? Elə bizim hamımızın gəncliyimiz gəndəlaşlıqlarda, meşələrdə, kolluqlarda, toxmaçarlıqlarda, nə bilim orda-burda eşşəklərnən keçib də. Ha-ha-ha… İndi kim boynuna almasa da mən alıram. Sən də boynuna al, qurtarsın getsin, ha-ha-ha…

– Məni bağışlayın, mən olmayan şeyi boynuma ala bilmərəm, – deyə cavab verdim. – Amma sizdə olduğuna inanıram.

 

Elə bil söz həmsöhbətimə toxundu. Sanki bir az özünü yığışdıran kimi oldu:

 

– Necə yəni?

 

– Yəni, inanıram ki, sizin gəncliyiniz eşşəklərlə sevişməklə keçib.

 

Bu dəfə başçı silkələndi:

 

– Sən nə danışırsan, ə? Nə hətərən-pətərən danışırsan? Sən heç bilirsən kiminlə danışırsan? Sən heç bilirsən kimin qarşısında danışırsan?

 

– Niyə bilmirəm ki, qəşəng bilirəm. Mən Mələkli rayonunun icra başçısı eşşəksevən Məllimlə danışıram. Özünüz də bunu etiraf etdiniz, bu gün mənim başıma gələn hadisə də sübut edir ki, bu belədir.

 

– Nə sübut edir, nəyi sübut edir, nətəri sübut edir? – başçı yenə də hırıldadı.

 

– O sübut edir ki, bu gün “optovoylar”ın yanından keçəndə bir sürü qodux, yəni eşşək balası tökülüşmüşdü üstümə. Biri təpik atırdı, biri qarpırdı, biri anqırırdı, biri şıllaqlayırdı… Bir sözlə, əsil eşşək yığnağı. Hamısı da sizə oxşayırdı, sanki eyni almanı neçə yerə bölmüsən. Hamısı elə bil “fırt” eləyib burnunuzdan tökülüb. Deməli, hamısı sizin törəmələrinizdi, deməli hamısı sizin sevişdiyiniz eşşəklərin balalarıdır. Bu da sizin sözlərinizi təsdiq edir ki, gəncliyiniz qancıq eşşəklərlə bir yerdə keçib… Ona görə də təklif edirəm ki, restoranınızın da adını dəyişib “Qara Qanqal” qoyasınız. Əsil eşşək yemidir. Eşşək nə bilir axı zəfəran nədir?! Sizin öz adınızı da dəyişməyi təklif edirəm. Bundan sonra sizə qoy sadəcə “Məllim” yox, “Şəhvət Məllim” desinlər. Eşşəyə də tamah salanın şəhvəti elə eşşəyinki kimi olar də… Adınızla yaşayasınız, hörmətli Şəhvət müəllim! Sizin sağlığınıza! – qədəhi bir azca yuxarı qaldırdım.

 

– Sənin… – deyə ayağa qalxan başçıya sözünün ardını deməyə, yəni söymək istədiyi söyüşü söyməyə imkan vermədim. Əlimdəki qədəhin içindəki arağı üzünə çırpdım.

 

Bu zaman sanki “Köhnə tramvay “kruqu””nda, “Hadisə yeri”nin yaxınlığındakı keçmiş fəhlə yeməkxanasının yerində tikilmiş Mələkli rayonunun icra başçısının cah-cəlallı, təmtəraqlı, dəbdəbəli “Qızıl Zəfəran” restoranının dəruni guşəsindəki yemək-içmək otağında növbəti və daha dəhşətli bomba partladı…

 

Üzünə araq çırpılan başçı geriyə həsləyib “kral-kreslosu”nun arxa söykənəcəyinə yıxılanda mən də qədəhi masanın üstünə atıb, oturduğum stulu geriyə itələyib arxaya çıxdım…

 

Həmin anlardan yadımda qalan budur ki, Xanağa ilə Allahyarın ayaq üstə öldüyünü gördüm. Ağappaq ağarmış və quruyub qalmışdılar. Bir neçə saniyə özlərini itirən, gözləri hədəqədən çıxan Dövlətlə Qismət də elə bil donmuşdular.

 

Və… bir andaca sanki onların donu açıldı…

 

Əvvəlcə iki nəhəng ayı üstümə atıldı…

 

Bir az sonra qapının açıldığını və Fikrətin də məni basmarlayan ayılar kimi yüyürdüyünü gördüm…

 

Bir-iki dəqiqədən sonra isə içəri gombullarla doldu…

 

Daha arxasını xatırlamıram…

***

 

Gözlərim yarıyumulu halda mürgüləyirdim. Telefonun səsinə gözlərimi açdım. Elə indicə açdığım gözlərimlə həyat yoldaşımı axtardım, tapmayanda gücüm çatan səslə çağırdım.

 

Hadisədən neçə gün keçdiyi yadımda deyil. Amma yaralarımın ağrısı azalmış, sümüklərimin sızıltısı səngimiş, çapıqların, siyrintilərin göynərtisi toxdamış, rahat nəfəs almağım bərpa olunmuşdu. Daha yatağımda başqasının köməyi olmadan ehmal da olsa hərəkət edə, o üzdən bu üzə dönə bilirdim. Qol-qanadımın gipsdə olan hissələri də sanki vəziyyətə uyğunlaşmışdı. Səsim də yerinə qayıtmaqda idi. Ancaq telefon zənglərinə hələ köməksiz cavab verə bilmirdim. Gərək kimsə zəng çalan telefonu açıb mənə verə, yaxud qulağıma tutaydı. Bu işi də ən yaxşı və usanmadan görən yeganə adam isə uşaqlarımın anası, ömrümün ən çətin anlarında belə məni ruhlandıran arvadım Gülnarə müəllim idi.

 

Onu bir də çağırdım. Tez özünü yetirdi.

 

– Gör kimdir? – deyə telefona işarə elədim.

 

– Sənandır, – telefonu götürüb açdı, mikrofonun düyməsini basıb yavaşca barmaqlarımın arasına qoydu.

 

– Bəli, Şeyx həzrətləri! – deyə mümkün qədər gümrah cavab verməyə çalışdım.

 

– Muştuluq, Bəybura! Oğlun qayıtdı! – Şeyx Sənanın xürrəm səsi qulağımda cingildədi.

 

– Açması? – deyə heysiz olsam da cəld soruşdum.

 

– Dostunu çıxartdılar işdən, bu gün-sabah da tutarlar yəqin, – gülməyə başladı.

 

– Dostumu? – dalağım sancsa da sanki xəbəri Şeyxin dilindən tam eşidib sevinmək istəyirmiş kimi soruşdum.

 

– Hə, də, “Qanqal” restoranının böyüyü Şəhvət müəllimi, eşşəklərin sevgilisini… – Şeyx qəhqəhə çəkdi. – Xəbər yayılıb, bir azdan televizorda, “Xəbərlər”də verəcəklər. Gözün aydın! – deyib telefonu söndürdü.

 

– Gəl bunu götür, – xanımımı çağırdım, – televizoru da yandır, zəhmət olmasa.

***

“… İşdə yol verdiyi ciddi nöqsanlara, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələbləri ilə bir araya sığmayan hərəkətlər etdiyinə, vəzifə səlahiyyətlərini aşdığına, vətəndaşlara qarşı davranışında qanunsuzluğa və əxlaqsızlığa yol verdiyinə görə … Mələkli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin…”

Ardını gözləmədən:

– Yaşa, cənab Prezident! – yastıqdan qalxa bildiyim qədər qalxıb, gücüm çatan səslə dedim. – Eşşəkləri vəzifə kürsüsünə yaxın buraxmaq olmaz!!!

Kərim Kərimli

2021, Bakı.



Xəbəri paylaş

1447 dəfə oxunub.

Digər xəbərlər