Tarix: 15-12-2021 | Saat: 09:18
Bölmə:Karusel / Dünya | çapa göndər
Ekspertlər Prezidentin 44 günlük Vətən müharibəsindəki qələbədən sonra dünyanın ən güclü hərbi blokunun rəhbəri ilə görüşünün əhəmiyyətini yüksək qiymətləndirir
Azərbaycan Prezidenti İlham Əliyev Belçikada rəsmi səfərdədir. Ölkə başçısı İlham Əliyev Şimali Atlantik Şurasının iclasında iştirak edib. Bundan başqa, Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş də olub ki, bu barədə növbəti sayımızda ətraflı məlumat verəcəyik.
Ekspertlər NATO-Azərbaycan əlaqələrinin yeni mərhələsinin başlandığını bildirirlər. Eyni zamanda dövlət başçısının 44 günlük Vətən müharibəsindəki qələbədən sonra dünyanın ən güclü hərbi blokunun rəhbəri ilə görüşünün mənası və əhəmiyyəti çox yüksək qiymətləndirilir.
Azərbaycan-NATO əlaqələrinin tarixinə qısa ekskrusiya etdik.
Bu əməkdaşlıq 1994-cü ildə mərhum prezident Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə başlayıb.
Ali Baş Komandan İlham Əliyev NATO-nun mənzil qərargahına 6 dəfə, NATO-nun Baş katibləri isə Azərbaycana 3 dəfə səfər edib.
Prezident İlham Əliyev NATO-nun 7 zirvə görüşündə iştirak edib (İstanbul 2004, Buxarest 2008, Lissabon 2010, Çikaqo 2012, Kardiff 2014, Varşava 2016, Brüssel 2018).
NATO daim Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verib. Bu dəstək NATO-nun 9 zirvə görüşündə öz əksini tapıb.
Vətən müharibəsi zamanı NATO bir neçə dəfə Azərbaycan və Ermənistanı atəşkəsə və danışıqlara çağırıb. 2020-ci ilin oktyabr ayında NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistan prezidenti Armen Sarkisyanla keçirdiyi mətbuat konfransı zamanı Ermənistan prezidentinə xatırladıb ki, NATO bu münaqişə ilə məşğul olmur.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallıq NATO tərəfindən də qəbul edilir. Təsadüfi deyil ki, NATO-nun bu ilin iyun ayında Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarılıb.
Rəsmi Bakı da NATO ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atır.
2002-ci ildən etibarən 30-dan çox Azərbaycan zabiti NATO-nun mənzil qərargahında və qurumlarında xidmət aparıb.
Azərbaycan və NATO arasında mina və partlamamış silah-sursatların təmizlənməsinə dair “Saloğlu” və “Ceyrançöl” layihələri kimi praktiki layihələr uğurla həyata keçirilib.
2002-ci ildən Azərbaycan NATO-nun Əfqanıstandakı missiyalarında fəal iştirak edib.
2015-ci ildən 2021-ci ilin avqustuna qədər Azərbaycan NATO-nun Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasında iştirak edib. 120 Azərbaycan hərbçisi Kabilin beynəlxalq hava limanında xidmət edirdi.
Əfqanıstanda baş vermiş son hadisələr zamanı Azərbaycan hərbçiləri hava limanında təhlükəsizliyin təmin olunmasına və əhalinin təhlükəsiz təxliyyəsinin təşkil edilməsinə böyük töhfə verib.
Stoltenberq bu ilin avqust ayında hava limanında təhlükəsizliyin təmin edilməsindəki xidmətlərinə görə Azərbaycana təşəkkürünü ifadə edib.
2017-2020-ci illərdə Azərbaycan NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib.
Mövzunu Azərbaycan Ordusunun NATO ilə daimi əlaqələri, NATO-nun ikinci ən güclü ordusu olan Türkiyə ilə Azərbaycanın hərbi-siyasi müttəfiqliyi konteksində təhlil etdik.
Hikmət Babaoğlu
YAP-çı deputat Hikmət Babaoğlu Azərbaycan üçün yeni əməkdaşlıq perspektivlərinin yarandığını qeyd etdi: “Azərbaycan bütün platformalarda əməkdaşlığa və dialoqa açıq ölkədir. İstər ATƏT, istərsə də, dünyanın ən böyük hərbi-siyasi bloku olan NATO ilə əlaqələr həmişə Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən olub. Hazırda ikitərəfli münasibətlərdə olduğu kimi beynəlxalq təşkilatlarla münasibətlərdə də yeni bir mərhələ başlayır. Bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və əldə etdiyi tarixi zəfərdən sonra regionda öz lehinə koordinal geostrateji şərtlər təmin etməsi ilə əlaqədardır. Ona görə də NATO hazırkı şərtlər içərisində Azərbaycanla əlaqələri önəmli hesab edir. Məlumdur ki, rəsmi Bakı uzun illərdir ki, bu təşkilatla müxtəlif səviyyəli əməkdaşlıq edib. 2001-ci ildə ABŞ-da baş verən terror hadisələrindən sonra isə antiterror koalisiyası çərçivəsində bu əməkdaşlıq daha konkret xarakter alıb. Eyni zamanda Əfqanıstan məsələsində də Azərbaycan mühüm tranzit - kommunikasiya rolunu oynayıb və NATO-nun sülməramlı missiyası çərçivəsində Balkanlardan başlamış İraqa qədər sülhyaratma missiyasında iştirak edib. Hazırda isə yeni tarixi mərhələdə yeni əməkdaşlıq perspektivləri yaranıb. Ona görə də hər iki tərəfin qarşılıqlı maraqları kontekstində yeni müxtəlif istiqamətlər üzrə əməkdaşlıq daha da inkişaf edə bilər. Bu kontekstdə şübhəsiz ki, qardaş Türkiyənin NATO-nun cənub cinahında mühüm yer tutması və Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi də NATO üçün cazibədar platforma təşkil edir. Əməkdaşlığın inkişaf perspektivlərinə bir də bu kontekstdən baxdıqda Azərbaycanla NATO arasında münasibətlərin hər iki tərəf üçün qarşılıqlı maraq əsasında inkişaf istiqamətlərinin yarandığını görürük. Unutmaq olmaz ki, NATO həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan edib. Bu gün artıq öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanla əməkdaşlıq imkanlarından söhbət gedir”.
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov məsələni bu cür şərh etdi: “Düşünürəm ki, Azərbaycanın dövlət başçısının NATO rəhbərliyi ilə görüşü tarazlayıcı məqsəd daşıyır. Yəni Rusiya amilinin zərərsizləşdirilməsi üçün bir variantdır. Ukrayna məsələsinin ən titiz bir dövründə Azərbaycanın vasitəçi ola biləcəyi də istisna deyil. Azərbaycan ordusunu da NATO tələbləri əsasında qurur və Türkiyənin qardaşlıq köməyinin burada rolu var. Amma Azərbaycanın Türkiyə ilə əməkdaşlığı ayrıca strateji bir xətdir. NATO ilə əməkdaşlıq Azərbaycanın qardaş Türkiyənin istisna yerini nəzərə alaraq balanslı siyasətə qayıtmasının da tərkib hissəsi ola bilər”.
Züriyə Qarayeva
Politoloq Züriyə Qarayeva hansı məsələlərin bu görüşdə müzakirə mövzusu ola biləcəyinə toxundu: “Artıq Qarabağ savaşından sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Bölgədə yeni aktyorlar formalaşdı. Türkiyənin varlığı 200 ildir bölgədə varlığını qoruyan Rusiya tərəfindən qəbul olundu. Türkiyənin NATO üzvü və qurumun 2-ci ən güclü ordu olması Alyansın Azərbaycana marağını artırdı. Üstəlik, Azərbaycan NATO-nun “Şərq tərəfdaşlığı” proqramını ratifikasiya etmiş dövlətdir. İndiki məqamda əsas məsələ tərəflərin bir-birinə qarşı yönəlmiş hər hansı təhdiddə iştirak etməməsi ilə bağlı öhdəlik götürməsi ola bilər. Azərbaycanın hər hansısa hərbi bloka qoşulmaması ilə bağlı razılıq ola bilər. Digər tərəfdən, rus sülhməramlı qüvvələrinə mandat verilməməsi məsələsi də gündəmə gələ bilər. Sərhədlərin delimitasiyası, sülhün qorunması kimi problemlər yəqin ki, müzakirə mövzusu olacaq”.
“Yeni Müsavat”
Digər xəbərlər