Saytımızı qiymətləndirin


 
 

Şahid: "Dürdanə Əliyevaya 7 min manat verdim, dedi Rusiyada təhsil alandan sonra BSU-ya köçürüləcəksən"
Tarix: 13-12-2021 | Saat: 14:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dürdanə Əliyeva

Külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qarabaginfo.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib. Şahid qismində ilk olaraq, BSU-da əlavə-qiyabi təhsil almaq üçün müraciət edən Dinara Əliyeva ifadə verib.

Şahid bildirib ki, Dürdanə Əliyeva 3 illik əlavə təhsil üçün ondan 6 min manat, sənədləşmə işləri üçün isə 100 manat alıb: "İlk təhsilimi Bakı Pedaqoji Kollecində almışam. Kolleci bitirdikdən sonra ali təhsil almaq üçün Bakı Slavyan Universitetinə müraciət etdim. Universitetdə məni Dürdanə Əliyeva ilə tanış etdilər.

Dürdanə Əliyeva mənə dedi ki, burada 3 il təhsil alacaqsan, əvvəl Rusiyada təhsil alacaq, BSU-ya köçürüləcəksən. Açığı, düşünməzdim ki, məni aldadar. Mən də əlimdə-ovcumda olan pulu verdim ona. Bunda sonra mənə dedi ki, get arxayın ol, əlim-ayağın quru oturacaqsan evdə. Pulu şəxsən verəndən sonra ondan qəbz istəyəndə mənə dedi ki, sənin nəyinə lazımdır mən həll edəcəm. Hətta həmin müddət ərzində Təhsil Nazirliyinin loqosu ilə mənə dərslər də gəlirdi.

Sonradan hər şey aydın olandan sonra universitetə gedəndə mənə dedilər ki, Dürdanə Əliyeva artıq burda işləmir. Bundan sonra qaynanam o vaxt rektor işləyən Nurlana Əliyeva ilə danışdı. Belə başa düşdük ki, bu iş birtərəfli olmayıb. İşdən çıxandan sonra Dürdanə xanım zənglərimə də cavab vermədi."

Daha sonra şahid qismində ixtisasartırma üçün universitetə müraciət edən Rəhimə Səfərovanın anası Nailə İsmayılova ifadə verib.

N.İsmayılova bildirib ki, təqsirləndirilən şəxs ondan 2200 manat pul istəyib, qızı isə 1000 manat verib:

"Dürdanə Əliyeva bizdən 2200 manat istədi. Dedi 1000 manat indi verin, qalanını təhsil müddətində verə bilərsiniz. Dedi ki, pulu mənə şəxsən verməlisiniz. Mən də ondan soruşdum ki, indi 21-ci əsrdir, bu, necə olur? Qızım 1 il oxudu, amma diplom vermədilər. Sonradan universitetə gedib problemi deyəndə "işdir də olub" dedilər".

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində təhsil almış Turanə Səbzəliyeva isə ixtisasartırma üçün BSU-ya müraciət etdiyini və "Azərbaycan dili-Ədəbiyyat müəllimi” ixtisası üzrə təhsil almaq istədiyini deyib: "Dürdanə Əliyeva məndən təhsil ödənişi üçün 1200 manat istədi. Dedi ki, bankomat işləmir, buna görə pulu ona verim. Mən də inandım. Necə inanmaya bilərdim axı?"

Dövlət ittihamçısı şahidin istintaqa verdiyi ifadə ilə hazırkı ifadəsi arasında ziddiyyət olduğunu bildirib.

Şahidin əvvəlki ifadəsi elan olunub.

T.Səbzəliyeva müstəntiqə verdiyi ifadəsində bildirib ki, Dürdanə Əliyeva ona 1300 manat verməli olduğunu deyib. Həmin pulu da o, iki dəfəyə verib: "Avqust ayında Dürdanə Əliyevanın xidməti otağında ona 700 manat, oktyabrda isə 500 manat vermişəm. Sonralar eşitdim ki, universitetdə tələbələrin təhsil haqqında problemlər yaranıb. Dürdanə Əliyeva sonradan hesaba keçməyən pulu ödəyəcəyini desə də, yenə də ödəmədi".

Şahidin ifadəsi zamanı bəlli olub ki, 1200 manatı iki dəfəyə verib, 700 manat hesaba keçib, 500 manatı keçməyib".

 

Şahid Lalə Abbaszadə isə ixtisasartırma üçün təqsirləndirilən şəxsə 1200 manat verdiyini deyib. Qeyd edib ki, Dürdanə Əliyeva ona universitetdə ödəniş terminalı işləmədiyini, buna görə də pulun ona verilməli olduğunu qeyd edib.

Proses dekabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.



Xəbəri paylaş

1300 dəfə oxunub.

Digər xəbərlər