AMEA rəhbəri Ramiz Mehdiyev onu tənqid edən şəxslərə qarşı susqunluğunu nəhayət ki, pozdu. Belə ki, AMEA-nın mətbuat xidməti açıqlama yayaraq, Ramiz Mehdiyev haqqında tənqidi fikir səsləndirən bəzi deputat və alimlərə cavab verdi. Açıqlamada AMEA prezidenti haqqında fikir səsləndirən şəxslərin açıq-aşkar sifariş yerinə yetirdikləri, diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa çalışdıqları qeyd olundu.
Qarabaginfo.az-ın məlumatına görə, məsələ ilə bağlı konkret.az-a açıqlama verən millət vəkili Fəzail Ağamalı bildirib ki, Ramiz Mehdiyev günahlarını bonuna almaq, deyilənlərdən nəticə çıxarmaq və tanınmış alimlər tərəfindən səsləndirilən fikirlərə uyğun olaraq istefaya getmək əvəzinə dirəniş göstərir: “Onun haqqında həqiqəti söyləyənlərə müxtəlif böhtanlar atır və qərəzli mövqeyini ortaya qoyur. Təbii ki, hər kəsin özünü müdafiə etmək hüququ var və bu qəbul olunandır. Lakin AMEA mətbuat xidmətinin bu açıqlaması özünümüdafiə deyil, Mehdiyev haqqında həqiqəti deyənlərə qarşı olduqca ədalətsiz və qərəzli mövqedir. Mənim seçicilərimlə bağlı demiş olduğu fikirlər tamamilə yanlışdır. Məhz Ramiz Mehdiyevin himayəsi altında və tapşırığı əsasında mənə qarşı ciddi problemlər yaradılırdı. Mənim seçicilərimlə görüşümü süni şəkildə pozmağa çalışırdılar və bu məqsədlə Kamil Musəvini müdafiə edən insanlar təxribata cəhd göstərirdilər. Bizim təmkinli və səbrli davranışımız, eləcə də yüksək siyasi mədəniyyət ortaya qoymağımız nəticəsində onların planları pozuldu. Əslində orada qarşıdurma olmalı idi. Hətta Kamil Musəvinin söyüşləri də o zaman sosial şəbəkələrdə yayıldı. Əslində orada cinayət əməli var idi və buna görə cinayət işi də açıldı. Lakin mən o cinayət işinin dayandırılmasını xahiş etdim. Çunki, orada radikal mövqeyə cəlb edilənlərin də bizim soydaşlarımız olduğunu düşündüm və xoşagəlməz vəziyyətin yaranmasını istəmədim. Seçki prosesinə və nəticələrinə görə mənim qalib gəlməyim mütləq idi”.
Fəzail Ağamalı əlavə edib ki, deyilənlər hamısı böhtandır və qərəzlidir: “Hər halda mən AMEA-da çalışan insanların ortaya qoymuş olduğu faktlar əsasında fikrimi söyləmişəm. Əsas fikrim şəxsən tanıdığım və fəaliyyətində ciddi uğurlara imza atan, eləcə də Azərbaycan tarixinə töhvələr verən Kərim Şükürovla bağlı idi. Kərim Şükürova qarşı olan ədalətsiz mövqe məni bir vətəndaş kimi narahat etdi. Ona görə də öz mövqeyimi, fikrimi bildirdim və onun yanında oldum. Bundan peşman deyiləm”.
O qeyd edib ki, bəyanatla tanışdır və orada heç bir fakt və dəlilə söykənməyən böhtanlar var: “Mən heç vaxt Ramiz Mehdiyevlə üz-üzə gəlməmişəm. Sadəcə onun yarıtmaz idarəçiliyini, savadsızlığını, AMEA-da xaotik bir mühit yaratdığını tənqid etmişəm. Özü də tək mən tənqidi fikir səsləndirməmişəm. Bir çox akademiklər, filosoflar və ictimaiyyət nümayəndələri də onu tənqid atəşinə tutublar. Deyirlər ki, bunlar sifarişli yazılar yazır. Bu mənə tamamilə yad olan bir məsələdir. Mən uzun müddət köşə yazarı olmuşam. Müxtəlif aktual mövzulara toxunmuşam. Bu, mənə qarşı olan böhtandır. AMEA-nın yaydığı məlumatda nə qədər akademik savadsızlığın olduğu açıq-aşkar görünür. Ramiz Mehdiyev vaxtilə həbs etdirdiyi jurnalistə istinad edir. Halbuki həmin jurnalist öz efirindən ancaq təhqir və söyüş ifadələri işlədir”.
Etibar Əliyev əlavə edib ki, onun tabeçiliyində olan şəxslər Ramiz Mehdiyevin idarəçiliyindən, korrupsiya əməllərindən, qohum və yerlibazlığından narazıdırlar: “Mən isə Milli Məclisin Səhiyyə və Təhsil Komitəsinin üzvü kimi fikir səsləndirmişəm və buna haqqım çatır. Çünki 14 il AMEA-nın Fəlsəfə İnstitutunda böyük elmi işçi kimi fəaliyyət göstərmişəm. Xırda məişət məsələlərini gündəmə gətirməklə, Ramiz Mehdiyev nə qədər cılız və savadsız olduğunu ortaya qoyur”.
Mehdiyev niyə istefa vermir sualını isə Etibar Əliyev belə cavablandırıb: “İstefanı o adam verər ki, müəyyən mədəniyyəti, daxilində əxlaqın və vicdanın səsi olar. Mehdiyev bu dəyərlərdən məhrum olan adamdır. Yaxın ətrafı, İnstitut direktorları ona qarşı çıxırsa, o zaman Ramiz Mehdiyev üzr istəyib istefa verməlidir. Burada söhbət elmdən gedir. Elm bütün ölkələrin hərəkətverici qüvvəsidir. Elmi cəmiyyətlərdə baş verən neqativliklərdən qoruyurlar, siyasətdən kənarda saxlamağa çalışırlar. Amma bu adamda vicdanın səsi yoxdur deyə ətrafında olan savadsız akademiklərlə guya dirəniş göstərir və cılız vasitələrə əl atır”.