Saytımızı qiymətləndirin


 
 

Şəhidlərin ailə üzvlərinə və qazilərə yeni vergi güzəştləri tətbiq ediləcək
Tarix: 07-12-2021 | Saat: 10:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şəhidlərin ailə üzvlərinə və qazilərə yeni vergi güzəştləri tətbiq ediləcək

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvləri və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində sağlamlığını itirən və əlilliyi müəyyən edilən hərbi qulluqçular üçün yeni vergi güzəştləri müəyyənləşdirilib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, eyni zamanda Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad edilib.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən şəhid olan şəxslərin ailə üzvlərinə və qazilərə verilən maddi yardımın 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1 000 manatadək olan hissəsi gəlir vergisindən azaddır və bu azadolma sosial statusundan asılı olmayaraq maddi yardım alan bütün fiziki şəxslərə tətbiq edilir. Şəhid olan şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olan hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı kimi, bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq, maddi yardımların 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Gəlir vergisi üzrə digər dəyişiklik ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 min manatadək olan hissəsinin, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Xatırladaq ki, Vergi Məcəlləsinin qüvvəyə mindiyi 2001-ci il tarixdən etibarən, müalicə haqlarının dəyərinin 1 000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, müavinətin dəyərinin 2 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilib. Ötən dövr ərzində tibb sahəsində qiymət artımları, habelə cərrahiyyə əməliyyatlarının mövcud qiymətləri nəzərə alınaraq, ölkə daxilində həmin məbləğin 1 000 manatdan 10 000 manata, xüsusilə xarici ölkələrdə müalicə haqlarının, o cümlədən cərrahiyyə əməliyyatlarının məbləği yüksək olduğundan 2 000 manatdan 50 000 manatadək artırılması nəzərdə tutulur.



Xəbəri paylaş

254 dəfə oxunub.

Digər xəbərlər