Saytımızı qiymətləndirin


 
 

Məlahət İbrahimqızı: “Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı uğurla icra olunur”
Tarix: 02-05-2022 | Saat: 19:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə təhsilin inkihafına həmişə xüsusi diqqət mərkəzində saxlayıblar”.

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputat deyib ki, hətta son iki ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu məsələ diqqətdən kənarda qalmayıb: “2020-ci ildə ölkə üzrə 34 təhsil müəssisəsində tikinti, bərpa-gücləndirmə və əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb. 2021-ci ildə isə ölkəmizdə ümumilikdə 88 təhsil müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Yeni tikilən məktəblərin əksəriyyətinin açılışında Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak ediblər. Bu, ölkəmizdə təhsilin inkişafının hər zaman diqqət mərkəzində olmasının əyani göstəricisidir”.

Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sferada innovativ və uğurlu beynəlxalq təcrübənin tətbiqi istiqamətində son illərdə çox böyük işlər görülüb. Dövlət səviyyəsində bu sahədə həyata keçirilən tədbirlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca mühüm töhfələr verib: “Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrinin coğrafiyası, sayı və miqyası ilbəil daha da genişlənir. Təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz olunması bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, eyni zamanda, gənc nəslin daha savadlı və bilikli yetişməsi ilə nəticələnib. Yeni məktəb binalarının və tədris korpuslarının inşası həm də şagird sıxlığını aradan qaldırmaqla, onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Bütün bu işlər bir daha sübut edir ki, Azərbaycanda təhsilin və elmin inkişafına xüsusi diqqət yetirilir və dövlətin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir”.

Deputat qeyd edib ki, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər: “Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun icra etdiyi layihələrdən biri “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramıdır. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı uğurla icra olunur. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də Fondun həmin proqramı çərçivəsində inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlərin müraciəti əsasında şagird sıxlığı nəzərə alınaraq, yeni məktəb binasının tikilməsi üçün göstəriş verib. 2020–ci ildə qəsəbədə yeni təhsil ocağının tikintisinə başlanılıb. İndi isə 960 şagird yerlik 304 nömrəli məktəb kürdəxanılı şagirdlərin istifadəsinə verilir. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır”.



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər