Tarix: 05-12-2021 | Saat: 22:32
Bölmə:Karusel / İdman | çapa göndər
"Gərgin və maraqlı oyunun şahidi olduq. Dinamik və sürətli futbola hazır olmalı idik. İlk hissədə gözlənilmədən qollar buraxdıq. Bundan sonra da yaxşı oynadıq. Matç bizim üstünlüyümüz şəraitində keçdi. Sonadək mübarizə apardıq. Rəqib böyük qüvvə ilə müdafiə olunurdu. Artıq bu matçı unudub qarşıdakı görüşləri fikirləşməliyik".
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis 21 yaşlı yarımmüdafiəçi Rüstəm Nuriyevi əvəzləyəndə tərəddüd etdiyini söyləyib: "Onu U-21-dən tanıyıram. Çox hərəkətli və aqressiv oyunçudur. Dəyişikliyin bir səbəbi var idi. Sadəcə, qorxdum. Rüstəm mübarizə aparırdı və istəkli idi. Sarı vərəqədən sonra qorxduğum üçün onu əvəzlədim".
Sadıqov rəqibi qələbə münasibəti ilə təbrik edib: "Bəzi məqamlarda biz daha üstün idik. Belə görüşlərdə qələbə qazanmaq çətin olur. 3 xal əldə edə bilərdik. Daha dəqiq olan və əlinə düşən fürsətlərdən yararlanan istəyinə çatır. Elə oyunlar olur ki, pis çıxış edirsən və başında çoxlu suallar yaranır. "Qəbələ" "Qarabağ" kimi komandadan qol buraxmayıb. Səhvsiz oynamaq mümkün deyil. Amma səhvləri minimuma endirə bilərik".
O, qarşılaşma ərzində hakimlərə qarşı aqressiv olmadığını diqqətə çatdırıb: "Xüsusilə də sarı vərəqə aldığım epizodu diqqətə çatdırmaq istəyirəm. Əgər o epizod sarı vərəqədirsə, bizim hakimlər hər matçda baş məşqçilərə vərəqə göstərməlidirlər. Mən tərəfdən hakimə qarşı nə təhqir, nə də sərt ifadə olub. Sadəcə, sual vermişəm ki, bu, sarı vərəqə deyil? Başımı tutub getdiyimə görə sarı vərəqə almışam. Belə halda sarı vərəqənin olacağını bilmirdim. Sən demə bunu etmək olmazmış.
Dünyanın bir sıra tanınmış baş məşqçiləri hakimlərlə dialoqdadırlar və bəzən səs tonlarını qaldırırlar. Bu da oyunun gərginliyindən irəli gəlir. Heç kimin başqalarına qarşı şəxsi qərəzliyi yoxdur. Digər komandanın oyunlarında iki məşqçi ayaq üstə durur. Amma vərəqə verilmir. Başımı tutub çıxıb getdiyimə görə sarı vərəqə görmüşəm. Premyer Liqamızda oyunun əsas vaxtına iki dəqiqə əlavə edildiyini görməmişəm. Bunlar kiçik şeylərdir.
Rəqibi təbrik edirəm. Cari mövsüm çempionatımızda rəqabət daha çoxdur. Görünən odur ki, növbəti turlarda qələbə və xal qazanmaq daha çətin olacaq. Hakimlikdən çox da danışmaq istəmirəm".
Sadıqov görüşdə zədələnən Nemanya Ancelkoviçin durumunun tibbi müayinədən sonra bəlli olacağını vurğulayıb.
Digər xəbərlər