Saytımızı qiymətləndirin


 
 

“Axıdılan nahaq qanların qisasını artıqlaması ilə aldıq...”
Tarix: 08-11-2021 | Saat: 20:26
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Bu gün Şuşada Zəfər Gününə həsr edilmiş mərasimdə-prezident İlham Əliyevin hərbçilərlə görüşündə Vətən müharibəsində xüsusi şücaət göstərmiş, “Qarabağ” ordeni və Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edilmiş 3 zabit də çıxış edib. “Azərtac” həmin çıxışları təqdim edir:

 

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, “Qarabağ” ordenli Polad Feyzullayevin çıxışı:

- Cənab Müzəffər Ali Baş Komandan.

Cənab generallar, zabitlər, gizirlər və əsgərlər.

Hörmətli tədbir iştirakçıları.

Mən fəxr edirəm ki, bu gün burada qarşınızda qalib bir Ordunun zabiti olaraq çıxış edirəm.

Cənab Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında və qətiyyətiniz, iradəniz sayəsində bu məsuliyyətli və taleyüklü vəzifəni yerinə yetirdiyimiz üçün, ərazilərimizi düşmən işğalından azad etdiyimiz üçün mən də bütün xalqımız kimi, qürur duyuram. Bəşəriyyət öz tarixi boyunca adı qələbə ilə simvollaşan müxtəlif xalqların, ölkələrin zəfər salnamələri yaratmasına şahidlik edir. Milli mübarizəyə qalxan bir sıra xalqlar tarix yazmaq, adını tarixə qələbə ilə, qəhrəmanlıqla yazdırmaq şərəfinə nail olublar.

Fəxr və qürur hissi ilə qeyd etmək istəyirəm ki, öz adını bəşəriyyət tarixinə mütərəqqi, sivil dəyərlərə sadiq, humanist, sülhsevər, eyni zamanda, haqq və ədalət uğrunda savaşmağı bacaran bir xalq kimi həkk etdirmiş Azərbaycan xalqı da Sizin, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər salnaməsini yazaraq öz qüdrətini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin cəbhəboyu törətdiyi irimiqyaslı təxribatlara cavab olaraq Ordumuz Sizin əmrinizlə “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Sizin sərkərdəliyiniz sayəsində qazanılan möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan tarixində indiyədək bundan böyük Qələbəmiz olmayıb. Qazandığımız Zəfər xalqımızın tarixində qələbələrin, zəfərlərin ən uca zirvəsində dayanır.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsi və tarixi Zəfərimizin ilkin təməlləri ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdu. Bu Zəfər Sizin, Ali Baş Komandanımızın qətiyyəti və mükəmməl sərkərdəlik bacarığı, xalqımızın dəstəyi, Ordumuzun yüksək döyüş hazırlığı sayəsində və şəhidlərimizin qanı bahasına qazanılmışdır. Bu Qələbə həm də ona görə qürurvericidir ki, Zəfərimiz naminə canından keçənlərin qısası döyüş meydanında alındı. Vətən müharibəsi bütün dünyaya xalqımızın nə qədər vətənpərvər, nə qədər qəhrəman olduğunu bir daha göstərdi. Milli birliyimizin, həmrəyliyimizin gücünü nümayiş etdirdi.

Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandanımızın tapşırığını istənilən yerdə, istənilən vaxt yerinə yetirməyə qadir olan rəşadətli Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

X X X

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Elvin Səfərovun çıxışı:

 

- Möhtərəm cənab Prezident.

Vətən müharibəsinin iştirakçısı olmuş bir Azərbaycan zabiti, Şuşa uğrunda döyüşmüş bir Azərbaycan hərbçisi olaraq bu gün Zati-Alilərinizin qarşısında dayanmaqdan, Azərbaycan tarixinin ən böyük sərkərdəsi qarşısında çıxış etməkdən qürur duyur, bu şərəfə layiq görüldüyümə görə özümü çox xoşbəxt hiss edirəm.

Cənab Ali Baş Komandan, 44 günlük savaş, düşmənin döyüş meydanında diz çökdürülməsi, məğlubiyyətini dərk edərək aman diləməsi xalqımızın yenilməzliyinin, Silahlı Qüvvələrimizin qüdrətinin, şanlı qalibiyyətimizin təntənəsi oldu. Hər birimizi döyüşə və qələbəyə ruhlandıran dəmir iradəniz, sarsılmaz qətiyyətiniz, diplomatiya sahəsində və informasiya müharibəsində nümayiş etdirdiyiniz məharətiniz, xalqımızın bir yumruq kimi ətrafınızda birləşməsi, Silahlı Qüvvələrimizin rəşadəti və qəhrəmanlığı ərazi bütövlüyümüzün bərpa olunmasını və düşmənin əzəli torpaqlarımızdan əbədi olaraq qovulmasını təmin etdi.

Qırx dörd günlük Vətən müharibəsində qarşımızda qoyduğunuz bütün döyüş tapşırıqlarını Azərbaycan sərhədçiləri uğurla icra etmişdir. Sərhədçilər müharibənin ilk günlərində təmas xəttindən başlayaraq Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhəri uğrunda gedən qızğın döyüşlərdə igidlik və rəşadət nümunələri göstərmiş, Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini düşmən tapdağından azad etmiş, 24 saat ərzində 105 kilometrlik məsafədə ildırım sürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmiş, onun yüzlərlə canlı qüvvəsini məhv etmişdir.

Ötən il oktyabrın 18-də Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması və bir sıra yaşayış məntəqələrimizin azad edilməsi münasibətilə Azərbaycan sərhədçilərinə ünvanladığınız təbrik sözləri şəxsi heyətimizi daha böyük qələbələrə ruhlandırmış, qısa müddət ərzində Zəngilan şəhəri, Zəngilanın Ağbənd qəsəbəsi azad edilmiş, bununla da Azərbaycan-İran dövlət sərhədi tam nəzarət altına götürülmüşdür.

Dövlət Sərhəd Xidmətinin gözlənilməz döyüş tətbiqi Silahlı Qüvvələrimizin Qarabağ səmasında hakim olmasına öz mühüm töhfəsini vermiş, düşmənin hava hücumundan müdafiə sistemləri, o cümlədən səkkiz ədəd “S-300” raket kompleksi, beş ədəd “Elbrus” raketi, radioelektron mübarizə vasitələri və digər strateji hədəfləri, tankları, artilleriya qurğuları, döyüş texnikası, çoxsaylı canlı qüvvəsi, ümumilikdə 290 hədəfi darmadağın edilmişdir. Şuşa uğrunda döyüşlərdə mürəkkəb hava şəraitində düşmənin raket sistemləri və silah-sursat anbarları dəqiq atəşlə məhv edilmişdir.

Möhtərəm cənab Prezident.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə üçrəngli Zəfər bayrağımız altında xidmət aparmaq şərəfinin daşıyıcısı olan Azərbaycan sərhədçiləri dövlət sərhədlərimizin toxunulmazlığını yüksək səviyyədə təmin edir. Hazırda İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad edilmiş sahəsində sərhəd mühafizə infrastrukturunun bərpası, Ermənistanla dövlət sərhədində infrastrukturun formalaşdırılması üçün ciddi tədbirlər görülür. Son bir il ərzində bu ərazidə yüzdən çox sərhəd döyüş məntəqəsinin, 19 hərbi hissə kompleksinin xidməti-döyüş fəaliyyətinə başlanılmasına nail olunmuşdur. 2021-ci il oktyabr ayı ərzində Cəbrayıl, Zəngilan, Qubadlı rayonları ərazisində Dövlət Sərhəd Xidmətinin üç yeni hərbi hissə kompleksinə gəlişiniz, bölmələrimizin döyüş qabiliyyəti, silah-sursat və texnikası, şəxsi heyətin xidməti və yaşayış şəraiti ilə tanış olmağınız, verdiyiniz əmr və tapşırıqlar bizə olan inam və etimadınızın ifadəsi kimi hər birimizi şərəfləndirmişdir.

Cənab Ali Baş Komandan, Azərbaycan sərhədçiləri adından, bütün silahdaşlarım və döyüş yoldaşlarım adından bu gün Sizi əmin edirəm ki, Prezidentimizə, Vətənimizə və dövlətimizə hər zaman sadiq olacaq, dövlətimizin müdafiəsi uğrunda qanımızı və canımızı əsirgəməyəcək, dövlət sərhədlərimizdə milli maraqlarımızı bundan sonra da şərəflə qoruyacağıq.

Yaşasın Azərbaycan! Yaşasın cənab Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

X X X

Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin komandiri, polkovnik, Vətən Müharibəsi Qəhrəmanı Zəfər Yusibovun çıxışı:

 

- Cənab Ali Baş Komandan.

İlk növbədə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına etimad göstərərək düşmənə qarşı əks-hücum əməliyyatlarında iştirak etməyimiz barədə əmr verdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirirəm. Çox xoşbəxtik ki, Vətən torpağı uğrunda döyüşmək bizə də nəsib oldu.

Döyüş əmrinizi bütün hərbi qulluqçular, o cümlədən Daxili Qoşunların şəxsi heyəti səbirsizliklə gözləyirdilər. Bu əmriniz çox qürurverici idi. Bizə böyük sevinc və ruh yüksəkliyi bəxş etdi. İştirak etdiyimiz döyüşlərdə Sizin - Müzəffər Ali Baş Komandanın əsgər və zabitlərə hədsiz mənəvi güc verən dəstəyini daim hiss edirdik. Bu dəstək döyüş ruhumuzu qat-qat artırır, bizi daim irəliyə səsləyirdi. Məhz bu güc sayəsində şəhər və kəndlərimiz bir-birinin ardınca düşməndən azad edilirdi. Müharibə dövründə bir amalımız, bir məqsədimiz var idi: Qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə endirib onu məhv etmək, torpaqlarımızı işğaldan qurtarmaq və cənab Ali Baş Komandan, Sizin etibarınızı doğrultmaq, elan edəcəyiniz Qələbə Gününü, Qələbə müjdəsini canımız bahasına olsa belə anbaan yaxınlaşdırmaq. Belə də oldu. Qarabağ Zəfəri Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevirdi. Onun Qələbə əzmini, milli birliyimizi, həmrəyliyimizi, ölkəmizin iqtisadi və hərbi qüdrətini bütün dünyaya göstərdi. Bu birlik “Dəmir yumruğa” çevrilərək düşmənin başını əzdi, onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Vətən müharibəsi Azərbaycanın tarixinə şanlı bir salnamə kimi əbədi həkk olundu.

Cənab Ali Baş Komandan, Sizin sərkərdəliyinizlə 44 günlük müharibədə tariximizə qızıl hərflərlə yazılmış şanlı Qələbədə iştirakımdan mən və silahdaşlarım şərəf və qürur duyuruq. Qələbəmizin zirvəsi sözsüz ki, Şuşanın azad edilməsi oldu. 8 noyabr Zəfər Günü olmaqla bərabər, həm də ədalətin bərqərar edildiyi gün idi. Biz nahaqdan axıdılan qanların və şəhidlərimizin qısasını düşməndən döyüş meydanlarında artıqlaması ilə aldıq. Buna görə mənəvi rahatlıq tapdıq. Biz bu müharibəni döyüşçü yoldaşlarımızın və şəhidlərimizin fədakarlığı, vətənpərvərliyi, şücaəti və döyüş əzmi hesabına qazandıq. Bu mənada, Vətən, torpaq uğrunda qurban gedən, sağlamlığını itirən döyüşçü yoldaşlarımız ən yüksək hörmətə, ehtirama layiqdir. Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq, onlar heç vaxt unudulmayacaq.

Cənab Ali Baş Komandan, Qələbə münasibətilə minlərlə qəhrəman hərbiçimizi dövlət mükafatları, o cümlədən orden və medallarla təltif etməyiniz hər birimizi şərəfləndirir. Məruzə edirəm ki, komandiri olduğum xüsusi təyinatlılar Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində döyüşlər zamanı qarşıya qoyulmuş bütün tapşırıqları var qüvvəsi ilə yerinə yetirməyə çalışırdı. Siz Daxili Qoşunların xüsusi təyinatlılarının da Vətən müharibəsindəki döyüş yolunu yüksək qiymətləndirmisiniz. O cümlədən məni “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görmüsünüz.

Cənab Ali Baş Komandan, icazə verin, bu ali diqqətinizə görə Sizə dərin minnətdarlığımızı bildirim. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları müsəlləh əsgərləriniz olaraq bundan sonra da Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, xalqımızın və dövlətimizin təhlükəsizliyi naminə canlarından keçməyə, hər bir əmrinizi yerinə yetirməyə hazırdır.



Xəbəri paylaş

1306 dəfə oxunub.

Digər xəbərlər