Saytımızı qiymətləndirin


 
 

Daha bir deputatın mandatı ləğv oluna bilər
Tarix: 04-11-2021 | Saat: 12:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Daha bir deputatın mandatı ləğv oluna bilər

Böyük Britaniyada Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinin 15 milyon funt sterlinq (20,5 milyon dollar - 35 milyon AZN) yatırılan hesablarının nəzarətə götürüldüyü barədə yayılan xəbərlər cəmiyyətdə ciddi rezonans doğurub, gündəm olub.

Qarabaginfo.az Musavat.com-a istinadən xəbər verir ki, deputatla bağlı yaranan əsas sual isə deputatlıq mandatının taleyinin necə olacağı barədədir. Çünki daha əvvəllər maliyyə qalmaqallarında, əyri işlərdə adı keçən deputatlar ya həbs edilib, ya da digər formada cəzalandırılıb. 

Məsələ ilə bağlı təcili surətdə hüquqi prosedurların başladılması barədə tələblər daha çox səslənir. C.Feyziyev bitərəf deputat olduğu üçün burada işlər daha çox təmsil olunduğu orqanın üzərinə düşür. Amma bu prosedurun elə də asan olmadığını qeyd edənlər də var.

Aydınlar Partiyasının sədri, sabiq deputat Qulamhüseyn Əlibəyli parlamentdə bu məsələnin qaldırılmasını təklif edir: “Bu o zaman ola bilər ki, həmin varidatı nə zaman, hansı formada qazandığı barədə sənəd təqdim edə bilməsin. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa deputata icazə verilmir. Əks halda, o, cinayət məsuliyyətinə cəlb oluna bilər. Bütövlükdə deputat mandatı da əlindən alınar. Əslində parlamentdə bu məsələ qaldırılmalıdır. Respublika Prokurorluğu bu məsələni araşdırmalıdır. Maliyyə monitorinqini həyata keçirən bir qurum var. O qurum bu məsələlərlə məşğul olmalıdır. Belə şəxslərin xaricə aparılmış, yaxud orada yerləşdirilmiş varidatlarının nəyin hesabına qazanıldığı, hansı yollarla ora aparıldığı açıqlanmalıdır. Bununla da müvafiq dövlət qurumları, prokurorluq orqanları məşğul olmalıdır”.

Hüquq müdafiəçisi, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova əslində 80-ə yaxın deputatın mandatının ləğv olunmalı olduğunu qeyd etdi: “Deputat mandatının əlindən alınması məsələsini həmin şəxsin mənsub olduğu partiya qaldırmalıdır. Amma Cavanşir Feyziyev bitərəf deputatdır. Bu baxımdan qanunvericiliyə uyğun olaraq, seçiciləri tərəfindən geri çağırılma da olmalıdır, yəni bu şəxs bizi istədiyimiz kimi təmsil etmir. Qanunvericiliklə deputatın biznes, sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır. İndi biz bilmirik ki, sənədləşdirmədə həmin varidat onun öz şəxsi varidatı kimi qiymətləndirilib, yaxud ailəsindən birinin adınadır. Amma mənbəni göstərmədiyinə görə bu, böyük şübhələrə yol açır. Bununla bağlı hüquqi prosedur başlatmaq olar. Tutaq ki, desə oğlumun varidatıdır, mənə aidiyyəti yoxdur. O zaman onun oğlunun ən azından vergilərə ödədiyi pul məbləğə adekvat olmalıdır. Yaxud onu sübut edən sənədlər mütləq lazımdır. Məsələn, həmin zavod olmalıdır, yaxud bilmirik ki, dərman fabrikidir, nədir, istənilən halda nədirsə, o təqdim olunmalıdır. Rəsmi sənədlər, sübutlar göstərilməlidir ki, gəlirinin nə qədər olduğu bilinsin. Bu gəliri hüquqi baxımdan sübut etmədiyi təqdirdə onun bu gəliri qeyri-qanuni yollarla əldə etdiyinə əsas yaradır.

Bununla bağlı digər nümunə görmüşük. Bundan əvvəl Rəfael Cəbrayılov var idi. O, geri çağırıldı, hətta həbs edildi. Sonradan rəhmətə getdi. Onu da nəzərə alaq ki, bu tək Cavanşirə aid məsələ deyil. Hamısı haqqında demək mümkündürsə, deputatların əksəriyyətinin fəaliyyətini axtarsan, biznes fəaliyyəti üzə çıxır. Açığı, bilmirəm ki, Cavanşir hökumətdə kimin ayağını tapdalayıb ki, onun biznes məsələsi ortaya atılıb. Məsələn, iki ay əvvələ qədər bilinmirdi ki, bu şəxsin biznesi var. Bilinirdi, sadəcə, hüquqi prosedurlara start verilmirdi, hələ görünən budur ki, indi də belədir. Guya xalq seçicidir, amma əməldə seçici xalq deyil. Kim o şəxsin arxasında durursa, görünür, biznes maraqları burada toqquşub. Bunun iki yolu var, ya xalq onu geri çağırmalıdır, ya da partiyası. Məsələ qaldırılmalı və o, mandatdan məhrum edilməlidir. Bu prosedur işləsə, əmin olun ki, 119 deputatdan yəqin ki, 80-ə yaxınının mandatı ləğv olunmalıdır”.



Xəbəri paylaş

264 dəfə oxunub.

Digər xəbərlər