Tarix: 28-10-2021 | Saat: 15:12
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Qarabağa köç prossesinə gələn ilin əvvəllərində start veriləcək. Zəngilan rayonunun Ağalı kəndində salınan “Ağıllı kəndin” inşası tamamlanmaq üzrədir. 28 illik həsrətdən sonra zəngillanlılar öz ata-baba yurdlarına qovuşacaqlar.
Ağalı kəndinə iki mərhələdə neçə ailənin köçürülməsi nəzərdə tutulur? Ata-baba yurdlarına dönən zəngillanlılar necə dolanacaqlar, əsas məşğuliyyətləri nə olacaq?
Zəngilan Rayon İcra Hakimiyyətini başıcısının Ağalı kəndi üzrə nümayəndəsi Gəray Hüseynov Yenisabah.az-a açıqlamasında bildirib ki, hansı ailələrin konkret olaraq oraya köçürülməsi hələ ki müəyyən edilməyib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər davam edir:
“Orada məktəb hazır olmadığı üçün uşaqlı ailələr siyahıdan çıxarılıb. Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnkişaf Agentliyi bu işlə məşğuldur və onlar həmin siyahını tərtib edirlər. Qeyd etməliyəm ki, əsas olaraq, yaşlı və uşağı olmayan ailələrin köçürülməsi nəzərdə tutulur. Hazırda sakinlərin işlə təmin olunması üçün müəyyən işlər görülür. Çox güman ki, o məqam gəlib çatanda onlar işlə də təmin olunacaqlar. Biz ilkin mərhələdə çox ailənin köçürülməsini nəzərdə tutumuruq. 25-30 ailənin köçürülməsini planlayırıq. Əgər hər şey hazır olsa, bu ilin sonuna kimi köçürülmə baş tutacaq”.
G.Hüseynov Ağalı kəndinə köçmək istəməyən ailələrlə bağlı məsələyə aydınlıq gətirib:
“Köçmək istəməyən ailə yoxdur, ora onların hamısının doğma yurd-yuvalarıdır, həvəslə köçəcəklərini düşünürəm. Ancaq bunu dəqiq bir məlumat kimi deyə bilmərəm, çünki köçmək istəməyənlərin kimliyi konkret olaraq köç zamanı aydın olacaqdır”.
Digər xəbərlər