Saytımızı qiymətləndirin


 
 

“Bu sözə görə heç adam öldürərlər?!..”
Tarix: 14-10-2021 | Saat: 10:07
Bölmə:Karusel / Multimedia | çapa göndər

20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

virtualaz.org -un xəbərinə görə, bugünkü prosesdə dindirilməli olan mərhum E.Əliyevin anası Səmayə Əliyeva və yaxın dostu, hazırda Fövqəladə Hallar nazirinin birinci müavini Orucəli Hacıyev iştirak etməyiblər. Onların istintaqa verdikləri ifadələri elan edilib. Dövlət ittihamçısı bildirib ki,  cinayət işinin materialları arasında hadisənin Ukraynada yaşayan şahidlərin ifadələri var: "Biz onları bura dəvət edib, dindirə bilmirik. Həmin şahidlərin ifadələrinin elan olunmasını  istəyirik".

Daha sonra hadisə vaxtı Ukrayna səfirliyində işləmiş əməkdaşlar və hadisənin baş verdiyi “Sikora” kafesinin işçilərinin ifadələri elan edilib. Şahidlər eyni məzmunda ifadə verərək, hadisə günü R.Əkbərovun səfirlikdə və restoranda olduğunu bildiriblər.

İfadələrə əsasən E.Əliyev restoranda başqa masada olan R.Əkbərovun şərəfinə “Qospoda ofitserı”mahnısını sifariş edib. Daha sonra eyni masa arxasında əyləşdikdə R.Əkbərov E.Əliyevə səfirlikdə onunla niyə görüşmədiyini bildirib, irad tutub. O, isə cavabında deyib ki, “mən səfirliyə gələndə siz samovar qaynadırdız”. R.Əkbərov cavabında “ya çto, çayxanşik çto li?” deyib və aralarında mübahisə yaranıb. Daha sonra restoranın qarşısında qətl hadisəsi törədilib.

 Yeganə və əsas şahidin ifadəsi

 General R.Əkbərovun müdafiəçiləri cinayət işi üzrə şahidlərin əvvəllər fərqli ifadə verdiklərini, lakin sonuncu dindirilmə zamanı  ifadələrini dəyişərək generalın əleyhinə danışdıqlarını qeyd ediblər: “Yeganə şahid Məzahir Şıxəliyevdir. Digər şahidlər hamısı ikinci, üçüncü dərəcəli şahidlərdirlər. Məzahirin istintaqdakı ilk ifadəsinin elan olunmasını istəyirik”.

Dövlət ittihamçısı buna etiraz edib. Bildirib ki, şahidlərə fotoşəkillər təqdim edildikdə oradakı şəxsin məhz R.Əkbərov olduğunu təsdiq ediblər.

Mərhum M.Şıxəliyevin istintaqa verdiyi ifadəsi elan edilib. O, ifadəsində R.Əkbərovun hadisə yerində olduğunu, qətlin onun törətdiyini bildirir. Digər ifadəsində isə R. Əkbərovun E.Əliyevi bıçaqla vurduğunu görmədiyini deyir. Ümumiyyətlə, M.Şıxəliyev istintaqa 5 dəfə fərqli ifadə verib.

 Müdafiə Nazirliyinə çatdırılacaq məxfi sənədlər

Daha sonra general R.Əkbərov sərbəst ifadə verib. O, ifadəsində   1999-cu ildə Ukrayna Milli Müdafiə Akademiyasında təhsil almağa göndərildiyini deyib:

- 2001-ci ilin may ayının 28-də Ukraynada "Azərbaycan günləri" keçirilirdi. Orada hərbi attaşe kimi iştirak edirdim. Tədbirdə polkovnik Elxan Cəbiyevi gördüm, görüşüb hal-əhval tutdum. Bir-iki günə Bakıya qayıdacağını dedi. Mən də Elxan Cəbiyevdən xahiş etdim ki, Müdafiə Nazirliyinə çatdırmaq üçün məxfi sənədlər var, onları da özüylə aparsın. O, da razılaşdı. Həmin dövrdə 372 kitab göndərmişəm, həmin kitablar da burada çoxaldılaraq korpuslara paylanılıb.

R.Əkbərovun ifadəsinə görə, hadisə baş verən gün ailə üzvləri ilə birgə səfirlikdə olub:

-Həmin vaxt Rövşən Qaradağlı səfirin vəzifəsini icra edirdi. Fikrət Qocanın oğlu Yalçın (Səfirlikdə işləyib-red.) da orda idi. Daha iki nəfər də gəldi səfirliyə. Amma onlar tez getdilər, oturmadılar. Səfirliyin işçisi Səbuhidən anamla qızımı evə aparmasını xahiş etdim. Təxminən saat 24:00 radələrində hamımız dağılışdıq. Mən də oğlumu götürüb evə getdim.

 

Generalın dediklərinə inansaq, ertəsi gün səhər tezdən Y.Qocayev zəng vurub, onu səfirliyə çağırıb, Elçinlə Qüdrətin restoranda vurulduqlarını deyib: “Səfirliyə getdim, beş-altı nəfər vardı, söhbət aparırdılar. Dedilər ki, Azərbaycandan nümayəndə heyəti gəlir, Nazim İbrahimov da onların arasındadır, onları qarşılamaq lazımdır. Mən dərsə gecikirdim deyə, Akademiyaya getdim”.

“Qəzetlər hadisə yerində mənim olduğumu yazırdılar”

R.Əkbərov deyir ki, sonradan qəzetlərdə qətlin onun tərəfindən törədilməsi ilə bağlı yazılar yazıldığını oxuyub:

-Səfirlikdə mənə qəzetləri göstərdilər. Bakıda qəzetlərdə şəkilimi qoyaraq Rövşən Əkbərovun olduğu yerdə qətl törədildiyini yazıblar. Qüdrət mənə dedi ki, Nazim İbrahimov zəng vurub Elçinin ailəsinə hadisəni mənim törətdiyimi deyib. Onlara deyib ki, Elçini  Rövşən Əliyev öldürüb. Mən də Qüdrətdən Nazim İbrahimovun harada olduğunu soruşdum. Dedi ki, “Dnepr” otelindədirlər. Oraya getdim. Həmin vaxt Səməd Novruzov da, Musaxan Əliyev də orada idilər. Yaxınlaşdım Nazim İbrahimova, dedim ki, sən niyə Bakıya zəng vurub mənim adımı bu işdə hallandırmısan? Nazim İbrahimov da dedi ki, siz nə danışırsınız, siz iqtidarın adamısınız, milli qəhrəmansınız. Mən belə söz deməmişəm. Onların hamısı da bunu eşidirdilər.

 

General ifadəsinin davamında deyib ki, 2002-ci ildə Bakıya gəlib və 20 Yanvarla bağlı keçirilən tədbirdə iştirak edərkən orada N.İbrahimovla qarşılaşıb:

 

-Yanımızda çoxlu adam vardı. Dedim ki, adam kişi olar, üzdə bir söz deyirsən, arxamca başqa söz. And içdi ki, belə bir söz deməmişəm. Mən burada olduğum vaxt bir nəfər deyən olmadı ki, gəl söhbət edək, görək sənin adın niyə bu işdə çəkilir. Sonradan cinayət işi ilə bağlı dindirilərkən müstəntiqə ifadə verdim. Mənə bir söz deyən olmadı. Orada prokuror da, polis rəisi də iştirak edirdi. “Sikora” kafesinin 37 işçisi dəvət olundu. Özləri də dedilər ki, bu iş sizlik deyil.

 “Mən Elçindən nə pislik görmüşəm, axı bu adamla nə işim ola bilərdi”?

 R.Əkbərov ifadəsinin davamında deyib ki, o vaxt restoranda hərbi formada oturmamışdı.

 “Mənə ayıb olardı ki, general formasında kafeyə gedim. Məzahir Şıxəliyev əgər mənimlə mübahisə edibsə, məni tanımalı idi. Bəs onda niyə şəkil istəyirdi ki, məni tanısın. Mən Elçin Əliyevi cəmi üç dəfə görmüşəm. Amma bircə dəfə də onunla eyni masa arxasında əyləşməmişəm. Onunla nə çörək yemişəm, nə də ki münasibətim olub, nə də bir pislik görmüşəm. Mənim axı bu adamla nə işim ola bilər? Söz-söhbət çıxarırlar ki, samovar belə getdi, sən belə dedin. Ona görə heç adam öldürərlər?  Bircə dəfə mənə dedi ki, bilirəm, siz də naxçıvanlısınız. Dedim ki, yox, uşaqların anası Culfadandır. Elçin çox sakit bir insan olub”, - o ifadəsində bildirib.

 

 

“Kişi kimi deyirəm, bu qətllə heç bir əlaqəm yoxdur”

 R.Əkbərov daha sonra törədilən cinayətin ona heç aidiyyatı olmadığını deyib:

-Bu işin mənə heç bir aidiyyatı yoxdur. Mənim uşaqlarım məktəbdən ağlaya-ağlaya gəlirdilər ki, sinif yoldaşlarımız deyir, atan adam öldürüb. Mən kişi kimi deyirəm, bu qətllə heç bir əlaqəm yoxdur. 21 ildir Elçinin ailəsi düzgün istiqamət aparmayıb. Elçinin kiminlə biznes əlaqələri olub, onu araşdırsınlar. Öz əlaqələrim vasitəsilə cinayət işinin necə qaldırıldığını öyrəndim. Dedilər ki, müstəntiq restorana çağırılıb, orada deyiblər ki, cinayət işi açılmalıdır.

Daha sonra R.Əkbərov dövlət ittihamçısının suallarını cavablandırıb. R.Əkbərov 1991-ci ildə Milli Orduya qəbul olunduğunu, Birinci Qarabağ müharibəsində iştirak etdiyini, üç dəfə yaralandığını, göstərdiyi xidmətinə görə Milli Qəhraman adı aldığını, Vətən uğrunda medallarla təltif olunduğunu deyib.

R.Əkbərov suallarını cavablandırarkən deyib ki, müəyyən adamlara onun əleyhinə ifadə verilməsi tapşırılıb. “Bəs Ukraynadakılar necə?” sualına isə R.Əkbərov “onlar əvvəl əleyhimə ifadə verməyiblər, sonradan kimisini işdən çıxarmaqla, kiminin cibinə narkotik atmaqla hədə-qorxu gəliblər” – deyib.

 

Suallardan yayınan general “cavab vermək istəmirəm” deyib

 

Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi Elçin Sadıqov generala bir neçə sual ünvanlayıb.

E.Sadıqov:

- Deyirsiniz ki, axşam vaxtı hərbi geyimdə “Sikora”kafesinə getməmisiniz. Əgər belədirsə, onda axşam növbəsinin ofisiantları, musiqiçiləri sizi hardan tanıya bilərdilər?

R.Əkbərov bu suala cavab verməyib.

E.Sadıqov:

-Deyirsiniz ki, Nazim İbrahimov sizinlə danışanda tapşırığın dövlət tərəfindən verildiyini deyib. Sizin dövlətlə nəsə probleminiz var ki?

R.Əkbərov yenə susmağa üstünlük verib .

E.Sadıqov:

-Orda olmamısınızsa niyə sizə ittiham verilib? Siz niyə ailə üzvlərinizin dindirilməsi məsələsini qaldırmamısınız?

 

Ümumiyyətlə zərərçəkmiş şəxsin hüquqi varisi E.Sadıqovun  suallarını cavablandırmaqdan yayınan general “cavab vermək istəmirəm” deməklə kifayətlənib.

Daha sonra məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış edərək qətlin R.Əkbərov tərəfindən törədildiyini məhkəmədə təqdim olunan sübutlarla təsdiqləndiyini bildirib:

-Hesab edirəm ki, Rövşən Əkbərovun danışdıqları özünümüdafiə xarakteri daşıyır və onun əməli çoxsaylı sübutlarla təsdiq olunur.

Dövlət ittihamçısı Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsinin ittihamdan xaric edilməsini istəyib. Buna səbəb cinayət işinin üstündən uzun müddət keçməsi olub.

Dövlət ittihamçısı 12.1, 120.2.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin mülki iddianın qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsini bildirib.

Zərərçəkmiş Fəday Əliyev 20 ildir ki, yas içində olduqlarını deyib:

-Bir ata kimi deyirəm, haqq varsa, ömürlük cəza verilsin. Bizi övladsız qoyub, ömürlük bizə cəza verib. O da ömürlük cəza alsın. Mənim balamı qəsdən ürəyindən vurub keçib. Elçin mənim yeganə oğlum idi. Onun balalarının üzünə baxammıram. 20 ildir Ukraynada da, burda da döymədiyim qapı qalmayıb, hər yerə şikayət etmişəm. Bu 20 ildə haralara şikayət etməmişəm ki? Dəfələrlə mətbuat konfransları keçirmişik, qəzetlərdə yazılıb. Əgər söhbət kişilikdən gedirsə, əgər mənim oğlum belə bir cinayət törətmiş olsaydı onu öz əllərimlə aparıb təslim edərdim ki, get cəzanı çək. Bizim evimizdə hər gün yasdır,  gecələr yuxu da yata bilmirik. Heç olmasa elə cəza verin ki, oğul itirən gözüyaşlı bədbəxt ananın ürəyi bir az təsəlli tapsın.

Zərərçəkmişin nümayəndəsi E.Sadıqov da dövlət ittihamçısının istədiyi cəza ilə razılaşmayıb. O, təqsirləndirilən şəxsə 15 il cəza verilməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 22-də davam etdiriləcək.

virtualaz.org



Xəbəri paylaş

1340 dəfə oxunub.

Digər xəbərlər