Tarix: 13-10-2021 | Saat: 23:50
Bölmə:Karusel / Region | çapa göndər
Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibədə Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirən 12 ərdəbilli fəal barəsində məhkəmə qərarı İranla bağlı çoxdan bəlli olan mətləblərin əyani sübutu oldu.
Tək qayəsi ədalətsizliyə qarşı çıxmaq, haqqın təntənəsini müdafiə etmək olan ərdəbilli fəallar İran dövləti tərəfindən sərt şəkildə cəzalandırıldı. Barələrində məhkəmə qərarı çıxarılan Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin, Müctəba Pərvin, Həmid Heydəri, Məhəmməd Colani, Səccad Colani, Sübhan Bəxşi, Mehdi Huşmənd, Pərviz Siyabi və Bəhmən Xeyrcu kimi fəalların hər biri “hüquq-mühafizə orqanlarının məmurlarına qarşı itaətsizlik” ittihamına görə 7 ay 16 gün, “ictimai asayişi pozmaq” ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum edildilər.
Fəallar saxlanılarkən belə onlara qarşı amansız mövqe ortaya qoyan, onları döydürərək həbs edən İran dövləti öz çirkin maraqları naminə insan hüquqlarını kobud şəkildə poza biləcəyini də ortaya qoydu.
Əslində verilən cəzanın ağırlığını heç də bu şəxslərin “ictimai aşayişi pozması” ilə əsaslandırmaq olmaz. Çünki bu cəzanın arxasında İran dövlətinin əsl üzü, dövləti idarə edən xəstə ideologiyaların hər şeydən üstün tutulması dayanır. Ərdəbilli - əslən azərbaycanlı olan bu fəallar nə istəyirdi? Onların tələbləri İran dövləti üçün bu qədər ağır idimi?
Bu fəallar İran dövlətindən qonşusu, dini, mədəni, tarixi bağları çox güclü olan Azərbaycan dövlətinə qarşı 44 günlük müharibədə ən azı neytral qalmağı tələb edirdilər. Çünki İran onsuz da buna qədər sözdə verdiyi açıqlamalarla Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, gizli qapılar arxasında işğalçılara istənilən dəstəyi verir, bölgədə yaranmış qarışıqlıqdan öz planları naminə istifadə edirdi.
Ancaq İran Azərbaycan xalqının haqq savaşına başladığı günlərdə belə neytral davrana bilmədi. Qanunsuz əməlləri üçün ideal platformanın əldən getdiyini görən İran açıq şəkildə Ermənistana yardım göndərməyə başladı. Hər halda, İran xalqı, orada yaşayan azərbaycanlılar da bu xain əmələ səssiz qala bilmədi. Çəkdikləri görüntülərlə dövlətin riyakar planını ifşa etdilər, küçələrə axışıb Ermənistana daşınan texnika və yardımlara etiraz etməklə onun qaranlıq üzünü ortaya çıxararaq İranın yaratmağa çalışdığı “mehriban qonşu” imicinə ağır zərbə vurdular.
Əsl mahiyyətinin, tarixə qara ləkə olaraq düşəcək əməllərinin ifşası ilə azğınlaşan İran isə bu insanları öz adına layiq şəkildə cəzalandırdı. Demokratiyanı boğan, azadlıqları qəbul etməyən, öz maraqları naminə adında daşıdığı İslam dininə belə xəyanət etməyə hazır olan İrandan başqa cür addım gözləmək də olmazdı.
İşğalçılar regionda at oynadanda, islam abidələri yerlə-yeksan ediləndə, təhqir ediləndə susan, ermənilər İran ərazisində öz qondarma soyqırımını yad edərkən həmin o “ictimai asayişin pozulması”nı duymayan Tehran bu məsələdə çox “sayıq” tərpəndi.
Anlamsız qorxularının əlində oyuncağa çevrilən, Azərbaycana qarşı mollalarının əli ilə kin qusan İran ərdəbilli fəallara verdiyi ən ağır cəza ilə əslində mesaj verməyə çalışdı. İran deməyə çalışdı ki, o heç vaxt demokratiya önəm verməyəcək, bu ölkədə hər zaman mollaların fikri bütün xalqın ayağına yazılmağa çalışılacaq, ortada gizli maraqları dayandığı halda İran hətta ən ali dəyərlərə belə gözünü belə qırpmadan xəyanat edəcək, onları heçə sayacaq,.
Sadəcə həqiqəti dedikləri və İranı tənqid etdikləri üçün həbs olunan bu fəallar mütləq şəkildə azadlığa çıxmalıdır. İran dövləti tarixə saldığı növbəti ləkəni yumaq üçün ən azından bu fəalların hər birindən, onların ailə üzvləri və düşüncələrini bölüşən bütün vətəndaşlarından üzr istəyərək onlara verilmiş cəzanı ləğv etməlidir.
İran dövləti üçün insan hüquqları bir önəm daşımasa da, beynəlxalq ictimaiyyət, o cümlədən Azərbaycan üçün bu amil ön planda dayanır. Hətta müharibə dövründə belə düşmənin xain terror hücumlarına cəbhədə mərd şəkildə cavab verməklə insan hüquqlarının aliliyini bir daha ortaya qoyan Azərbaycan bu məsələdə İrana nümunə olmalıdır. İran sözügedən dövrdə ləyaqətlə davranıb, haqqı müdafiə etməsə də, ən azından neytral mövqe ortaya qoymasa da, İslamı öz maraqlarına satsa da, heç olmasa bu yanlışından dönməyə borcludur.
Çünki Azərbaycan dövlətinin İranın dəstəyinə ehtiyacı olmayıb, biz təkbaşına öz haqq savaşımızı aparıb ondan qalib ayrılmışıq. Ərdəbilli fəallar isə təəssüf ki, İrandan asılıdır. Onların haqqı nahaqdan ayıra bildikləri üçün cəzalandırılması ən sadə şəkildə desək, əxlaqsızlıqdır. Küçələrə çıxıb haqqı tələb etmək cinayət olmasa da, onları cəzalandırmaq cinayətdir.
Odur ki, İran dövləti çox tezliklə bəşəriyyətə qarşı cinayət olan bu addımdan daşınmalı, səhvini etiraf edərək ərdəbilli gəncləri azad etməlidir.
Digər xəbərlər