Saytımızı qiymətləndirin


 
 

Ceyhun Səlimov küçəsi əsaslı təmir edilib - FOTO
Tarix: 05-10-2021 | Saat: 14:48
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Ceyhun Səlimov küçəsi əsaslı təmir edilib - FOTO

 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində agentlik tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb. ​

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Qarabaginfo.az-a verilən məlumata görə, 6 hərəkət zolaqlı olmaqla, eni ortalama 25 metr təşkil edən Ceyhun Səlimov küçəsinin sözügedən hissəsinin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Məlumata görə, İyul ayında start verilən yenidənqurma işlərinə uyğun olaraq, küçədə yeraltı kommunikasiya – işıq, qaz və su xətlərinin də aidiyyəti qurumlar tərəfindən yenilənməsinə başlanılıb. Kommunikasiya xətlərinin yenilənməsi işləri sentyabr ayının 10-da tam olaraq yekunlaşdırılıb və bu tarixdən etibarən agentlik tərəfindən küçədə genişmiqyaslı təmir-tikinti işlərinə start verilib. Qısa müddət ərzində küçə boyunca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib və “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

 

Ümumilikdə 16 min 820 kv.m sahənin asfaltlanma işləri aparılıb.

 

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub və genişləndirilib, ehtiyac olan hissələrdə isə yeni piyada səkiləri və xüsusi parkinq yerləri yaradılıb. Bununla da küçənin sözügedən hissəsində səkilərin sahəsi 2 200 kv. metrdən 3870 kv. metrədək artırılıb, küçəyə 3 min p/metrə qədər yeni səki daşları düzülüb.

​Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsində yenidənqurma işləri zamanı mövcud yol ayırıcıları da tam olaraq yenidən inşa edilib.

Layihəyə uyğun olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeni yağış barmaqlıqları və yeraltı kommunikasiya xətlərinə baxış qapaqları qoyulub.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılaraq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Xatırladaq ki, dövlət başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 10 km-dən çox olan küçə təmir edilib.



Xəbəri paylaş

1307 dəfə oxunub.

Digər xəbərlər