Saytımızı qiymətləndirin


 
 

Sentyabrın 30-da Tərtərə atılan “Toçka-U” ballistik raketi "toçka"sına dəymədi...
Tarix: 01-10-2021 | Saat: 20:57
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

Sentyabrın 30-da Tərtərə atılan “Toçka-U” ballistik raketi
Qəsbkar Ermənistan ordusunun sonunun başlanğıcı... 
Keçən il sentyabrın 30-da Ermənistan ordusu tərəfindən Azərbaycana qarşı ilk dəfə olaraq “Toşka-U” operativ raket kompleksindən zərbə endirdi. Bu 30 ilə yaxın davam edən işğal dövründə qəsbkar Ermənistan tərəfindən törədilən ilk müharibə cinayəti deyildi, sadəcə Birinci Qarabağ müharibəsində informasiya imkanlarımız və ordumuzun potensialı fərqli idi. Bu səbəbdən bənzər erməni vəhşilikləri ilə bağlı əlimizdə olan faktları beynəlxalq ictimaiyyətə çatdırmaqda çətinlik çəkirdik. Bu isə ermənilərə çox sayda müharibə cinayətlərini gizlətməyə imkan verirdi. İndi isə vəziyyət fərqlidir. Azərbaycan bu dəfə artıq həm özünün, həm də müttəfiqlərinin informasiya resurslarından, müşahidə/radilokasiya stansiyalarından və süni peyklərindən istifadə etməklə Ermənistan ordusunun vacib silah komplekslərinin manevrlərini və onları buraxdığı raketləri izləmək imkanına malik idi. 
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən törədilən hərbi cinayətlər zamanı Azərbaycanın mülki əhalisinə qarşı ən azı 7 dəfə “Skud” və “Toçka-U” taktiki raketlərindən istifadə edilib. Düşmən daha dəqiq olan “Toçka-U” kompleksinin 9M79M ballistik raketindən ilk dəfə olaraq Tərtər rayonun mərkəzini məhz bu gün, sentyabrın 30-da atəşə tutub. Müharibənin sonuna qədər balaca şəhər olan Tərtərə Ermənistan 16000 raket, bomba və digər sursat atmala özünün barbar simasını bütün dünyaya nümayiş etdirdi. Tərtər əhalisi isə 30 il ərzində  olduğu kimi, bu dəfə də xain düşmən zərbələra qarşısında gözünü qırpmadan dimdik dayandı. Tərtərlilər şəhid verdilər, evlərini itirdilər, iş yerlərindən oldular, amma sızlamadılar, əksinə düşmənə qarşı yumruq kimi birləşdilər, Ordumuza böyük dəstək verdilər. 
 
Əslində 30 sentyabrda bəzi erməni mənbələri Ermənistan silahlı qüvvələrinin “Toçka-U” taktiki raket kompleksinin köhnə və keyfiyyətsiz olması səbəbindən Azərbaycana atılan raketlərdən üçünün partlamadığını yazırdı. Bu iddialar isə əsasız deyildi. Çünki, 1975-ci ildə Sovet Ordusu tərəfindən rəsmi olaraq silahlanmaya qəbul edilən kompleksin raketləri 1973-cü ildən kütləvi istehsal edilməyə başlanıb. Ermənistan ordusunun silahlanmasında müharibədən əvvəl 4 ədəd “Toçka-U” OTRK-nın olduğunu nəzərə alsaq, deməli düşmən ordusunda hər birində 2 ədəd atıcı qurğu olmaqla, 2 batareyadan ibarət 1 raket divizionunun mövcud olub. Hazırda bu raket divizionunda batareyaların sayı minimuma enib. Maye yanacaqla çalışan mühərriklərə malik raketlər 3 km-ə qədər hədəfdən yayınma, zəif atəş tempi ilə bərabər çox sayda digər kaprizlərə də malikdir. Raketin partlamamsına həm əvvəlki müharibələrdə, həm də Qarabağ müharibəsində rast gəlindi. 
 
Oktyabrın 12-də Füzuli rayonunun Əhmədalılar kəndi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı ANAMA mütəxəssisləri Ermənistan silahlı qüvvələri tərəfindən atılan “Toçka-U” kompleksinin 9M79M taktiki raketini də aşkar etdilər.
Boş əkin sahəsinə düşən modernləşdirilən raketin görüntüləri istehsalçı şirkətin raketin imkanları barədə yalnış və şişirdilmiş məlumatlar verməsini də sübut etdi. İstehsalçı OTRK atəşi nəticəsində beş metr dərinlikdə və təxminən yüz metr diametrdə bir krater meydana gəldiyini iddia etsə də, reallıqda biz yalnız təxminən 7 metrə yaxın diametrində krater müşahidə etdik. 
 
Azərbaycan düşmənin ballistik raketlərinə qarşı keçirdiyi aktiv xüsusi əməliyyatlarının ilk real nəticəsi ilə oktyabrın 12-də tanış olduq. Həmin gün saat 14 radələrində hələ işğal altında olan Qubadlı rayonu ərazisində bir ədəd “Toçka-U” raket kompleksin atıcı qurğusu üzərində yerləşən raketi ilə birlikdə məhv edildi. Oktyabrın 14-də gecə saat 01 radələrində iki ədəd və səhər 08:30 radələrində bir ədəd olmaqla ümumilikdə üç ədəd “Elbrus” kompleksinin atıcı qurğusu raketləri ilə birlikdə ordumuz tərəfindən aşkarlanaraq məhv edildi.
 
Erməni ordusu 9M79M taktiki raketlərindən digər ərazilərimizə atəş açıb, lakin bu düşmən ordusu üçün ciddi əhəmiyyət kəsb etməyib və Azərbaycan Ordusunun əks hücum əməliyyatlarınının tempinə təsir etməyib. Ümumilikdə isə 1967-ci ildə hazırlanan rus operativ raket komplekslərinin dəqiqliyi kifayət qədər zəifdir. Müasir hava hücum vasitələrinə qarşı həssaslığı və atəşin qeyri-dəqiqliyi nəinki bu komplekslərdən, hətta onların yeni modellərinin, məsələn “İskəndər” raketlərinin istifadəsinin də səmərəli olmadığını nümayiş etdirdi. Bu dəfə də raketlərin imkanlarına aid Qarabağda müşahidə etdiyimiz mənzərə Yəməndə, Əfqanıstanda və Gürcüstanda olandan çox fərqlənmədi. Növbəti dəfə imkanlarını şişirdilən rus raketi, onun qeyri dəqiq zərbəsi, ən azı 30 faizlik açılmama ehtimalı və s.  ilə qarşılaşdıq.
 
Tək müşahidə etdiyimiz fərqli mənzərə isə bundan ibarət oldu: Bu raket zərbələri Azərbaycan xalqını Prezident İ.Əliyevin ətrafında daha da sıx birləşdirdi və  Müharibənin tam Qələbəyə qədər davam etdirilməsi üçün xalqımızın Ali Baş Komandana növbəti dəfə mandat verməsi ilə nəticələndi. Bu isə qəsbkar Ermənistan ordusunun sonunun başlanğıcı oldu. 
 
Ədalət Verdiyev, hərbi ekspert
Moderator.az


Xəbəri paylaş

305 dəfə oxunub.

Digər xəbərlər